Qocalar evinin Sara Xatunu - FOTO

2016-06-08 22:53:15 / 3054 dəfə oxunub

Bu dəfəki müsahibim məni elə təbəssümlə qarşıladı ki, elə bildim yaşlı bir nənəmi ziyarətə gəlmişəm. "Xoş gəlmisən, keç içəri", - deyə-deyə yaşına uyğun olmayan çeviklik və özünəyaraşan işvəli hərəktlərlə qoluma girib məni içəri çəkdi. Sanki, uzun müddətdir gəlişimi gözləyirmiş kimi davranırdı mənlə. Elə yenicə həvəslənmişdim ki, əl-qolunu havada yellədə-yellədə "Mən tez dil tapan adamam, amma hər kəslə söhbəti sevmirəm. Sənin kimisini çox görmüşük", - deyib yenə qol-qanadımı qırdı. Jurnalistdən çox jurnalist gördüyü hiss olunurdu.

87 YAŞINDA DA BƏZƏK-DÜZƏYİNDƏN QALMIR

Müsahibimin adını soruşanda özünü "Sara Xatun" kimi təqdim etdi. Gülümsəyib, soyadının nə olduğunu bilmək istəyəndə isə "Mənim vəsiqəmdə elə adım Sara Xatundur. Heç ailə quranda da soyad götürməmişəm" dedi. Adını "Apardı sellər Saranı" mahnısının şərəfinə elə atası qoyub. Sara Xatun deyir ki, atası ara bir bu mahnını zümzümə edərkən gözləri dolarmış. Ancaq səbəbini bilmir...

Hərəkətləri kimi sözləri də tez zamanda dəyişirdi, gah küsdürür, gah da peşman olub könlümü almağa çalışırdı. Öz-özümə "Yəqin əkizlər bürcüdür" deyə düşündüm. Marağım batsın, birbaşa əkiz bürcündən olub-olmadığını soruşdum. Otağa şən bir gülüş səsi yayıldı: "Bliznetsı əkizlərdi hə? İyunun 10-u 87 yaşım tamam olacaq. 1929-cu ildə dünyaya gəlmişəm. Bəzənib-düzənib çölə çıxanda heç kim düşünmür ki, 87 yaşım var."

"TORPAĞINA QURBAN, OĞUL, GƏLƏCƏM YANINA"

Məni çək-çevirə salmadan həyat yolundan danışmağa başladı: "Yəqin soruşacaqsan ki, niyə burdayam? Deyim də, a qızım, gördüm ki, hamı gedib bircə mən qalmışam. Yoldaşım da, oğlum da rəhmətə getdilər. İkisi də ayrı-ayrı vaxtlarda qəzaya düşdülər. Çətin idi onlarsız yaşamaq". Qəzadan sonra oğlunun qaraciyərində problemləri yaranıb, uzun müddət xəstəxanada müalicə almasına baxmayaraq dünyasını dəyişib. Təklikdən yaxa qurtarmaq üçün Sara nənə son çarə kimi ahıllar evinə pənah gətirib. Artıq 4 ildir ki, burada yaşayır.

Elə danışa-danışa ayağa qalxıb, yaxınlıqdakı siyirtmələrin birindən foto çıxartdı. Sığallaya-sığallaya "Torpağına qurban, oğul, az qalıb gözlə gələcəm yanına" dedi. Mehdiabadda oğlunun yanında özü üçün qəbir də qazdırıb: "Deyirlər çox bahadır. Nə bilim, dedi 500 manat ver, mən də razılaşdım. Hələ baş daşı yoxdur". Daşların bahalaşmasından şikayətlənən Sara xatun öləndən sonra nə mərmər baş daşı istəyir, nə də şəkil. Deyir elə ən yaxşısı adi daşdır. Həyatla ahıllar evində vidalaşmağın isə kimsəyə yük olmaqdan yaxşı olduğunu düşünür.

PENSİYANIN ÜMİDİNƏ QALANDA...

Evini satandan sonra əlində bir az pul qalıb, bir də pensiyanın ümidinə dolanır. Özünün təbirincə desək, xərcləməyi sevən biri üçün 146 manat pensiya hansı tələbatı ödəyə bilər ki?! Ara bir bazarlıq edən Sara nənə soyuducunu açıb aldığı pomidor, yumurta, kəsmiyi mənə göstərdi. Elə o an gözünə ilk sataşan, özü üçün aldığı şirniyyatı mənə uzadıb "Bunu yeməsən, səndən küsərəm" dedi. Götürməyi özümə ayıb bildim, elə davrandım ki, sonra Sara nənə düşünsün ki, şirniyyatı götürməyi unutmuşam...

Qışda günləri darıxdırıcı keçdiyindən müsahibim yayı daha çox sevir: "Yayda hamı həyətə çıxır, oturub söhbət edirik. Elə vaxtlar olur bizi məscidə, muzeylərə ekskursiyaya aparırlar. Ara bir də yayda dəniz qırağına qədər gəzə-gəzə gedirik". Anidən üzündəki təbəssüm yoxa çıxdı, vaxt edən kimi oğlunun qəbrini də ziyarətə getdiyini dedi.

"ATAM DEDİ Kİ, İŞƏ DÜZƏLMƏYƏ ÇOX PUL LAZIMDIR"

Sara xanım Azərbaycan Dövlət Pedaqoji İnsitutunu bitirib, ixtisası məktəbəqədər təhsil olub. Uzun müddət balacalarla işləyib. Sonralar anası xəstələndiyi üçün işini buraxıb, anasına baxıb: "Atam dedi ki, işə düzəlməyin üçün çox pul lazım olacaq, o da bizdə yoxdu. Ən yaxşısı evdə anana qulluq et".

Evin tək qızı olduğundan uşaqlığı, gəncliyi darıxdırıcı keçib: "Həmişə dalaşırdım ki, heç olmasa mənə bir bacı da verərdiz. Özümü tək hiss edirdim".

UZAQ QOHUMDAN YAXIN QONŞU YAXŞIDIR

Nəvəsindən də danışdı bir az: "Bir nəvəm var, çox savadlıdır, babasına oxşayıb. İlə yaxındır gəlmir yanıma. Darıxmışam onun üçün. Nə vaxt gəlir gəlsin, amma gəlsin". Ən çox görmək istədiyi isə oğludur. Oğluna qovuşmağın həvəsindədir.

Yanınına gəlib-gedənlərdən söz açanda ürəyi açıldı nə açıldı: "Qohumlardan bibim qızı var, arada o gəlir. Ancaq iki qonşum var, onlar məni həmişə yad edirlər. Gələndə bazarlıq edib gəlirlər. Köhnə qonşumun biri qubalıdır. Yoldaşı ilə tez-tez məni görməyə gəlirlər. Heç mənim gəlməyimi istəmirdilər. Mənə pul lazım oldu, məcbur evi satmalı oldum. Pulsuz addım atmaq da olmur indiki dövrdə, gündəlik xərclərimi ödəməliyəm heç olmasa".

QADIN HƏR YAŞDA BAXIMLI OLMALI

Birdən söhbəti dayandırıb üzümə maraqla güldü. "Ay qızım, mən də xoşlayıram ee çəhrayı pomadanı", - deyib balaca kosmetika çantasından öz pomadasını çıxartdı. Bəzənib təkrar sözə başladı: "Mən bəzəksiz həyətə belə çıxmıram. Burada bir qadın var ara bir dırnaqlarımı, saçımı ona düzəltdirirəm. Yaş 90 da olsa, 100 də olsa qadın baxımlı olmalıdır qızım" .

OĞULUNDAN SON YADİGAR: DƏRİ KURTKA

Söhbət edə-edə televizorun pultunu əlinə aldı musiqili proqramların birində gedən mahnıya bir az səs verib dərindən ah çəkdi. Sara nənə musiqi məktəbini bitirib, hətta çox zaman pianoda ifa edərmiş. Təəssüf edir ki, evi satanda mebellərlə yanaşı, pianonu da satıb.

Bura gələndə özü ilə qab-qaşıb paltarlar bir də ən əsas dəri kurtkasını gətirib. Sara nənə deyir ki, o kurtka oğlunun hədiyyəsidir. İllər keçsə də, saxlayır.

"QOHUMDAN QOHUM OLMAZ"

Sonda əlini çiynimə qoyub mənə və mənim simamda bütün gənc qızlara məsləhətindən də qalmadı: "Ailə quracağımız oğlanı yaxşı tanıyın, vaxtında sınaqdan keçirin ki, sonra yarı yolda qalmayın. Sevgi heç nəyi həll etmir, ailə anlayışında sevgi yox, hörmət və diqqət önəmlidir. Bir də qohum evliliyindən uzaq olmaq lazımdır. Qohumdan qohum olmaz, yadları özümüzə qohum etməliyik".

ƏLLƏRİMDƏM AYRILMAYAN ƏLLƏR...

Söhbətin yekununda Sara nənə nömrəmi telefonuna yazdırdı. "Mütləq zəngləşərik, yaman ürəyimə yatdın ay qızım", - deyib məni bərk-bərk qucaqladı. Sara nənənin söhbət boyu əllərimi əllərindən ayırmamağı diqqətimi çəkdi. Hətta sağollaşan zaman ovuclarımın tərlədiyini hiss etdim. "Görüşmək diləyilə" deyib ayrıldıq və qapı bağlandı. Dəhlizin ortasında dayanıb, sanki, hansısa qalibiyyətin sevincini yaşayırmışam kimi şəhadət barmağımı havada yelləyə-yelləyə "Bu həyatda ən gözəl hiss insan qazanmaqdır" deyib növbəti müsahibimlə görüşmək həvəsi ilə qapıdan ayrıldım.

milli az



Son xəbərlər
“Ceyms Bond” vəfat etdi
2017-05-23 18:44:09
Dollar UCUZLAŞDI
2017-05-23 17:15:42



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws