Gülmək qadağandır! - Karnaval. Fransua Rable

2016-06-20 17:48:04 / 5435 dəfə oxunub

Aristotelə görə gülüş insanı canlılardan fərqləndirən yeganə cəhətdir.İnsan gülməyə başlayanda insana çevrilir.Bu isə, həyata gəlişimizin qırxıncı günündə baş verir.

 Orta əsrlər Avropasında xristianlığa qədər müxtəlif retuallar, bayramlar qeyd edilərdi."Axmaqlar bayramı” adlanan xüsusi günlərdə insanlar bütün sıxıntı və ciddiliklərini bir kənara itələyərək şənlənərdilər.

Xristianlığın Avropaya gəlişi müxtəlif qadağaları da özüylə birgə gətirmişdi.Abbat, rahib həyatı, ciddi görkəm, boz həyat bütünlüklə cəmiyyətə sirayət etmişdi.Həddini aşanlar isə inkvizisiyanın qurbanına çevrilirdilər.

 Gülmək qadağandır!

 Əlbəttə, qadağalar uzunmüddətli ola bilməzdi. Çünki 16-cı əsrin kilsə zəngləri əvvəlki qədər Avropa insanını qorxu altına almır, qadağa sədası kimi eşidilmirdi.Kilsələrin yetişdirdikləri ziyalılar zaman-zaman böyük qitənin xilaskarlarına çevrilirdilər.Əsas məqsəd yüzilliklərlə davam edən qadağa ənənələrini pozmaq, insanları qəflət yuxusundan ayıltmaq, cahilliyə, xurafata, avamlığa son qoymaq idi.Əlbəttə, yenilikçi ziyalıların çoxu inkvizisiya məngənəsində əzilirdi.Dahilərin tonqal üzərindən dumanlanan tüstüsü uzun müddət digərlərini inkişaf qapısının arxasında saxlayırdı.Amma, bəxtigətirənlər də var idi.

 Məhz bu illərdə kilsə, boğulan kütlənin cansıxıcı mühitinə nəfəslik açır: "İldə bir dəfə gülüş bayramları qeyd oluna bilər. Biz axmaqlıq etdikdə belə öz simamızı itirməməyə çalışmalıyıq”, deyir.

 Bəxti gətirən…

 Bu şəxs haqqında yetərincə rəvayətlər mövcuddur.Hətta doğum tarixi və yeri belə mənbələrdə müxtəlif cür qeyd olunur.Viktor Hüqo dünyada on dörd əsl dahinin olduğunu söyləyərkən onu Şekspir ilə eyni sıraya gətirir.

Bu şəxsömründə cəmi bir roman yazmış, adı müasir dövrümüzə qədər gəlib çatmış təbib, ədəbiyyatçı və satirik – Fransua Rabledir.Qələmə aldığı yeganə romanın sədası dövründə çox-çox uzaqlara yayılır.Oxunaqlılığına görə hətta Bibliyanı belə arxada qoyur.Bəli, orta əsr Avropası indi "Qarqantua və Pantaqruel” havasında idi.

 Məşhur rus filosofu Baxtin, Rableni karnaval təfəkkürlü insan adlandırırdı.Bu tip təffəkkürə malik insanlar indi də olduqca azdır. O dövr üçün Rable, əsl tapıntı idi. İncə, düşündürücü yumor istənilən rütbəyə malik insanın da dodağını qaçırmağı bacarırdı.Kralın özü belə onun əsərlərindən bəzi nümunələri oxuyaraq qəhqəhə çəkib gülmüşdü.Rable, yalnız əsər çərçivəsində belə görünmürdü.Satira, yumor, zarafat yazıçının, təbibin həyat tərzi idi.İstənilən hadisəyə ani cavab verən və istənilən situasiyada göstərdiyi hazırcavablıq əlbəttə, onu hamıdan fərqli edirdi.

 Rable kilsə təhsili görmüş ziyalılardan biriydi.Kilsə təhsilinə ikrahla yanaşsa belə oradan qaçmamışdı. Əksinə, təlimardıcıllığını olduğu kimi yerinə yetirərəklatınvə yunan dillərinə bələd olmuş, kilsənin yetərincə məşhur məzunlarından birinə çevrilmişdi.

Əslində o, rahib rütbəsinə yiyələnməklə ruhani ənənəsini davam etdirə də bilərdi.İndi kitablar onun nəyinə lazımıydı?Dualarla tanışlıq kifayət idi. Dua et, ye, iç, yat. Səhər yenə də - dua et, ye, iç, yat… Bu, sonsuzluğa qədər davam etməli idi.

Rable belə həyat istəmir.Qorxu onupiylənmiş din xadiminə çevirmir. O, narahatdır. Gecələr gözünə yuxu getmir.Axtarışdadır.Kitab, oxu axtarışındadır.Şam işığında Aristoteli - yasaqlanmış alimin əsərlərini oxuyur.

O dövrdə Aristoteli oxumaq? Əgər kitab onun evində aşkarlansaydı…Sonunun nədən ibarət olmasıhamımıza bəllidir…Üstəgəl, dövrün böyük humanistlərinin başçısı Gilyom Byüde ilə də gizli məktublaşır.Özü də qadağan olunmuş dildə - yunan dilində. Rable od ilə oynayır.

 Onun məktubları qardaşlıqlar tərəfindən ələ keçirilir.Təhlükə qaçılmazdır.Həbsə atılan yazıçının evində bütün kitablar müsadirə olunaraq yandırılır.Yazıçı üzərinə əlavə iftiralar atılır.

 Bu zaman kraldan məktub gəlir – "Onu azad edin”.

Deyilənə  görə Büde, Rablenin zindana atılma xəbərini eşidən kimi kralın yanına gedir. O zamanlar onun kralla münasibəti yaxşı idi. Rablenin əsərlərinin bəzi parçalarını krala təqdim edir.Kral qəhqəhə çəkib gülür."Bu cür yumor hissinə malik insanı tonqalda yanırmaq günah olar” söyləyir.Budur, Rable azaddır.Onun bu dəfə də bəxti gətirir.

 Ölümdən xilas olan yazıçı sükuta çəkilmək əvəzinə Mompilyenin məşhur Universitetlərindən birinin tibb fakültəsinə daxil olmağı düşünür.Qəbul olur.

 Deyilənə görə ilk dərs günündə müəllimin uzun-uzadı, yorucu mühazirəsi onu o qədər bezikdirmişdir ki, Rable mühazirə zamanı gah öskürür, gah da qaşınırdı. Ondan özünü necə hiss etdiyini soruşurlar. Yazıçı narahat olacaq bir şeyin olmadığını söyləyir.Disput davam edir.Sonra isə o, salonda əyləşən tələbələri və müəllimləri dəlilik həddinə çatdırana qədər öskürür, asqırır, qaşınır.Mühazirə deyən müəllim acıqlı şəkildə Rableni auditoriya önünə dəvət edir.

-  Bəlkə deyiləcək sözünüz var?

-  Yox, yox, davam edin.

Rabeleni zorla auditoriya önünə gətirirlər.Deyilənə görə guya utancaqlıq nümayiş etdirən Rable, sonra elə bir çıxış edir ki, müalicəvi bitkilər barəsində elə parodoksal fikirlər söyləyir ki, publika deyilənlərə sadəcə məftun olur.Bu, sanki baş gicəlləndirici, düşünməyə məcbur edən atraksion oyunu idi.Və yaxud karnaval təfəkkürünün yeni təzahür forması idi.Baş verən hadisə 1530-cu ilin 16 sentyabrına təsadüf edirdi.Eyni ilin növbəti ayında o, bakalavr rütbəsi alaraq mühazirə oxumaq hüququ qazanır.

Rable indi başqa fikirlərlə məşğuldur.Teatr quruluşu, tamaşalar onu habahal edir.İndi onun özü pyeslər yazaraq onları səhnələşdirir.Rable tamaşanın yeni formasını icad edir. Bəli, bəli… Anatomik teatr – Rablenin kəşfi idi.

 Nə idi anatomik teatr?

Vaxt var idi ki, ölmüş insanı yarmaq nəinki yasaq idi, bunun haqqında düşünmək belə günahdan günah sayılırdı.Kilsə tabularının azacıq dağıldığı bir zamanlarda Rable həyatının növbəti cəsarətli addımını atır.Təşkil olunan anotomik tamaşalar şəhərlilərin sevimli əyləncəsinə çevrilir. Salonun mərkəzinə ölümə məhkum edilmiş, edam edilmiş insanların cəsədləri gətirilirdi. Meyid yarılaraq insanın anatomik quruluşu zala toplaşanlara izah olunurdu.

Rablenin şöhrəti universitet divarlarını aşmışdı.Bəli, o indi yetərincə populyar idi.Şəninə şeirlər qoşulur, Fransanın işıqlı, zəkalı ziyalısı adlandırılırdı.Hətta rəvayətlər dolaşırdı ki, Rable ölünü belə diriltməyə qadirdi.Şair Dale, edama məhkum birisinin dilindən şeir qələmə alır.Rable şeirdə müxtəlif boyalarla əks olunur.Şeirdə bəzi sətirlər ruhanilərin xoşuna gəlmədiyindən şairi tonqalda yandırırlır.

Anatomik tamaşalar iki növə ayrılmağa başlayır.Qadın cəsədlərinin yarılma günü salona daha çox tamaşaçı toplaşır.Biletlərin qiymətləri belə günlərdə qat-qat baha olurdu.

 Rablenin xəbəri Romaya qədər yayılır.Papa yazıçını hüzurunda görmək istəyir.İndi Rablenin həyatının ikinci poaradoksal və yumaristik məqamı yetişir.Budur, sıraya düzülən yepiskoplar, admerallar ardıcıllıqla Papanın ayaqqabısından öpürlər.Rable gah ağarır, gah qızarır, nəhayət özündə cəsarət taparaq bu işi görməkdən imtina edir.O, Papanın niyə sualına belə cavan verir:

 -  Bilirsiniz, bu cür adlı-sanlı insanlar sizin ayaqqabınızdan öpdü. Bəs mənim kimi qul, məzlum insan görəsən sizin haranızdan öpməlidir?

Hamı gülməkdən yerə yıxılır.Papanın əhvalı o qədər açılır ki, "Ürəyin nə istəyir məndən istə”, söyləyir.

 Rable nə istəyir?

Pulmu, inkvizisiya qaydalarının onun üzərindən götürülməsinimi, yoxsa rütbə?Rable, növbəti absurd fikrini söyləyir.

-  Çox hörmətli Papa, məni lənətləyin.

Papanın çöhrəsinə qonmuş bayaqkı təbəssümdən əsər-əlamət qalmır.

 -  Məni düzgün başa düşün. Mən Şinyon şəhərinin sakiniyəm, cənab Papa. Bilirsiniz, neçə-neçə doğmam, yaxınlarım, dostlarım tonqalda yanıb? Onlargünahları sübut edilmədən alova atıblar. Mən qorxmaqdan yorulmuşam. Özüm də dəfələrlə atəş əzabından azad olmuşam.Bu gün buraya gəlməmişdən öncə bir yoxsul qarının evində gecələdim. Olduqca soyuq idi. Evi isitmək üçün odun qalamaq lazım idi. Odunlar yaş olduğundan alışmırdılar. O zaman qarı dedi ki, elə bil onları Papa lənətləyib. İndi mən də düşünürəm ki, alovdan qurtulmağın yeganə çıxış yolu sizin lənətinizdir. Məni lənətləyin, lütfən.

Papanın gözləri bərələ qalır.Gözünü Rablenin gözündən çəkmir.Deyəsən o,zarafatında ifrata varmışdı.Sözlərini dedikdən sonra bir neçə dəqiqə Papa ilə göz-gözə baxırlar.Sonra Rable arxasına baxmadan qaçmağa başlayır.Qaravullar onu şəhər boyunca axtarırlar.Nəhayət onu tutaraq Papanın hüzuruna gətirirlər. Papa onu yandırmır, azad edir.Qəhrəmanımızın yenə də bəxti gətirdi.

 Əslində Rable qorxunun üzərinə gedirdi.Qorxunu yaradanın üzünə qorxusunu demişdi. Ona qədər heç kim bunu etməmişdi. Bəlkə də bir başqası yalnız öz istəyini bildirərək öz həyatını xilas edə bilərdi.Rable isə çoxlarının həyatı haqqında düşünür. Bəlkə də Papa növbəti şəxsin inkvizisiya, edam qərarını imza atmazdan öncə hər dəfə bu zarafatı yadına salacaq? Daha belə qərarlara qol qoymayacaq? Hər şey ola bilər.

 "Qaraqantua və Pantaqruel”in qəhrəmanları gerçək insanların şifrələnmiş obrazlarıdır.Bəli, əsər boyu yepiskop, kral, papa obrazlarının yumoristik və düşündürücü təzahürünü görürük.Onlar o dövrün ruhani, abbat və kralları kimidua edir, yeyir, içir və yatır…Karnavalvari həyat tərzi.

Əsər bədən məbədinin təsviri idi.Piylənən cisimlər, yemək, içmək və yatmaqdan doymayan nəfsani istəklər.Daxildə nə var idi?

Heç nə qalmayandan sonra, nə qalır?

Rable ömrünün son günlərini yaşayır.Bəli, şair, həkim, rahib, səyyah və daha nələr-nələr, qocalıb artıq. Saçları ağarıb, dişləri tökülüb…

Kardinal Şutelyedan məktub gəlir: "Əziz dostum necəsiniz, nə edirsiniz?

-  "Heç, yaxşıyam, növbəti zarafatımı yazıram. Vəsiətnaməmi”

"Mən həyatımda borclardan başqa heç nə qazanmadım.Xahiş edirəm onları mənə bağışlayın.Yerdə nə qalarsa yoxsullara paylayın”, Rablenin sonuncu istəyi kimi vəsiətnamə vərəqinə yazılır.

 Rable "Qaraqantua və Pantaqruel” əsərinin müqəddiməsində oxucusuna belə müraciət edir:

 "Mənim dostlarım, siz bilirsinizmi Sokrat kimdir? Sokrat məşhur yunan alimi idi… O, görkəmcə gülünc və yöndəmsiz bir qoca imiş. Burnu küftəyə, gözləri öküz gözlərinə bənzəyərmiş.Nə cür oldu geyinər, həmişədə dişlərini ağardaraq hey gülərmiş.Sözün qısası – xalis zırrama imiş, zırramadan isə məlumdur ki, yaxşı bir şey gözləmək olmaz. O, zarafat edə-edə, gülə-gülə o zaman hələ heç kəsin ağlına gəlməyən fikirlər irəli sürərmiş…

Sizin fikrinizcə nə üçün mən sizinlə bu qədər uzun söhbət açdım? Siz özünüz də deyirsiniz ki, "adamı paltarla tanımazlar”. Mənim kitabımı da gülməli paltarı kimi tanımayın…

Tullantı yığınında beyin sümüyü tapan it görmüsünüzmü?Baxın, it onu necə qoruyur, necə qədrini bilir, dişləri ilə necə bərk tutur, necə səbrlə gəmirir.Nə üçün it bu qədər əlləşir?Bu kirli sümükdən o nə almaq istəyir? Məsələ aydındır: it o sümükdən beyini (iliyi) sormaq istəyir. Beyinin necə dadlı yemək olduğunu isə hamı bilir… Kitabın axırıncı səhifəsini oxuyub qurtaranda məni mehriban sözlərlə yad etməyi də unutmayın”.


Son xəbərlər



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws