İbrahimxəlilova Zeynəb - Bir kərə göylərə ucalan Bayrağ

2016-08-07 22:44:49 / 13327 dəfə oxunub
İbrahimxəlilova Zeynəb Şəmsəddin qızı  Dağıstan Respublikası, Dərbənd rayonunun Rükəl kəndində Anadan olub. 3 kitab müəllifidi-Ömür karvanı, Yazdım ki, sözüm qala.  Bir neçə qəzet və jurnallarda şeirləri çap olub. Azərbaycan Yazıçılar Birliyinin üzvüdü. 











DÖNMƏYƏCƏYƏM

Bu son görüşümüz, son gedişimdi, Getsəm bir də geri dönməyəcəyəm. Bəlkə də bəxtimin üzü dönübdü, Getsəm, bir də geri gönməyəcəyəm.

Çalışma könlümü ovutmaq üçün, O dəli sevgini yaratmaq üçün, Ümidüm qalmayıb qayıtmaq üçün, Getsəm, bir də geri dönməyəcəyəm.

Zeynəbin könlünü sındırdın, niyə? Dönmüşəm bir qara, sınıq taleyə, Yolumu gözləmə, gələcəm deyə, Getsəm, bir də geri dönməyəcəyəm.


ELİM QARABAĞIM

Nə müddətdir yolun bağlı, Əsirlikdə qolun bağlı. Ana yurdum qəlbi dağlı, Qəmli elim Qarabağım.

Qız gəlinin düşüb əsir, Düşmən hər tərəfi kəsir. Dayanmısan yetim yesir, Qəmli elim Qardağım.

Dağlarının qarı küsüb, Bağlarının barı küsüb. Çölü, çəmənzarı küsüb, Qəmli elim Qarabağım.

Zeynəbin dərdli diyarı, Küsüb dostu, küsüb yarı. Əcdadımın yadigarı, Qəmli elim Qarabağım.


ANAM HARDASAN

Günlərim sənsiz olub, Üzüm saralıb, solub. Gözümə həsrət dolub, Canım Anam hardasan?

Adın düşmür dilimdən, Qorxum yoxdur ölümdən. Qurtar məni zülümdən, Canım Anam hardasan?

Yazıram bitmir sözüm, Bu dərdə necə dözüm? Səni axtarır gözüm, Canım Anam hardasan?

Artıq yaşa dolmuşam, Çiçək kimi solmuşam. Dəli şair olmuşam, Canım Anam hardasan?

Üzüm gülür, içim yox, Sinəmdə həsrətli ox. Sənsiz darıxıram çox, Canım Anam hardasan?

Dərdlərimi bölmədin, Göz yaşımı silmədin. Niyə getdin, gəlmədin, Canım Anam hardasan?

Mən Zeynəb qaldım yetim, Mən sənə necə yetim? Ey mənim həqiqətim, Canım Anam hardasan?


ÜRƏKLƏ SÖHBƏT

Ay ürəyim, niyə belə qəmlisən? Axı sənin gülməyini görmədim. Mənim bu gözlərim kimi nəmlisən, Axan yaşı silməyini görmədim.

Öz özünə, bir sual ver nəolar? Bəlkə cavabını, özün taparsan. Ah, naləndən bütün dünya dağılar, Ehdiyatlı ol, yerindən qoparsan.

Həyəcandan itirirsən özünü, Öz halına fikir versən yaxşıdır. Sənin üzərindəki cizgilərin, Yaşadığın əziyyətin naxşıdır.

Bu Zeynəbin dərdinə, bir çarə qıl, Günü gündən çətinləşir əhvalı. Sən qapına vurmusan yekə qıfıl, Qapıdadır həsrətimin vüsalı.


DƏRBƏNDİN SƏSİ

Min cürə bəlalar görmüşdür başı. Beş mini haqlayıb şəhərin yaşı. Zərdir, cəvahirdir torpağı, daşı, Özünə cəlb edir görən hər kəsi. Çox uzaqdan gəlir Dərbəndin səsi.

Dədə Qorqud mənim, can yaddaşımdır, İgid qoç Koroğlum, qan yaddaşımdır. İndiki dövürü, son yaddaşımdır, Bir dasdandır, Muminənin Türbəsi, Çox uzaqdan gəlir, Dərbəndin səsi.

Uca dağ başında, hündür Qalası, Açılır çölündə nərgiz, lalası. Ruha qida verən suyu, havası, Ölünü dirildən dağı, meşəsi, Çox uzaqdan gəlir Dərbəndin səsi.

Keçmişi, tarixi böyük dasdandır, Ətəyi dənizdi, başı yasdandır. Qalası bağbandır, özü bosdandır, Tarixdir, nağıldır hər bir qəlpəsi, Çox uzaqdan gəlir Dərbəndin səsi.

Zeynəbin qüruru, tacısan yurdum, Səndə nəfəs aldım, xəyallar qurdum. Adınla fəxr edib, ayaqda durdum, İçimdə qaynayır Vətən nəğməsi, Çox uzaqdan gəlir, Dərbəndin səsi.


ULU DƏRBƏND

Hündür geniş hasarları, Dosta açıq qapıları. Dədəm Qorqud yadigarı, Ulu Dərbənd, ulu Dərbənd.

Səsin düşübdür hər yana, Burda xəstə gəlir cana. Bir bəzəkdir Dağıstana, Ulu Dərbənd, ulu Dərbənd.

Küçələri eniş, dönüş, Özü bir muzeyə dönmüş. Ulu babalardan gəlmiş, Ulu Dərbənd, ulu Dərbənd.

Qalan tacdır başımızda, Həzin keçir qışımızda. Ucalmısan qarşımızda, Ulu Dərbənd, ulu Dərbənd.

Hər tarixdən silinməz iz, Suyun şirin, havan təmiz. Bizim üçün doğma, əziz, Ulu Dərbənd, ulu Dərbənd.

Göy xəzəri aşar, coşar, Tarixi özündə yaşar. Zeynəb sənə nəğmə qoşar, Ulu Dərbənd, ulu Dərbənd.


HƏZİN SEVGİ

Gözümə gözünün sevdası düşüb, Həsrətin yolumu kəsir sevgilim. Qəlbimə eşqinin nəfəsi düşüb, Məhəbbət başımda əsir sevgilim.

Yanağın lalə tək alışır, yanır, Dodagın açılır tər qönçə kimi. Həsrət qapımızdan baxıb boylanır, Tənhalıq yaşayan bir gecə kimi.

Nə qədər sən məndən uzaq olsan da, Səni sevən kimi, sevmərəm yadı. Səni gülə-gülə yola salsam da, İçimdə hay salır sevgi fəryadı.

Mən həzin musiqi, sən lirik şeir, Necə bağlanmışıq bir-birimizə. Zeynəbin ürəyi adını deyir, Bu sakit sevgimiz gəlməsin gözə.


Dağıstan Azərbaycan

Yaşıllığ çöl çəmənim, Göz bəbəyimdir mənim. İki doğma vətənim, Dağıstan Azərbaycan.

Tarixi, dastanı bir, Böyük bir əfsanədir. Mənimçün bərabərdir, Dağıstan Azərbaycan.

Havası dərmanımdır, Damarımda qanımdır. Ürəyimdir canımdır, Dağıstan Azərbaycan.

Eynidir qış baharı, Qaynayır bulaqları. Soyumun yadigarı, Dağıstan Azərbaycan.

Keçmişdən şanlı izi, Coşur qardaş dənizi. Samur ayırdı sizi, Dağıstan Azərbaycan.

Bir yurdsuz doğma əziz, Havası suyu təmiz. Zeynəbin fəxrisiniz, Dağıstan Azərbaycan.


QÜRUR GÜNÜM

Bugün Bayrağımın ucaldığı gün, Bugün millətimin qürur günüdür. Bugün cumhuryətin yarandığı gün, Bugün millətimin uğur günüdür.

Bu igid xalqımın inanıram ki, Gücü tükənməzdir, andı yenilməz. Bir kərə göylərə ucalan Bayrağ, Daim uca qalar, heç zaman enməz.

Qoymaram düşmənin əlində qalsın, O qana boyanmış yaralı torpağ. Hər zaman bizimdir, bizim olacağ, Şərəfim, şöhrətim, şanım Qarabağ.

Zeynəbəm, bu sözüm qətidir mənim, Səpələnmiş yutdum Vahid olacaə. Gün gələr Şuşamda, Kəlbəcərimdə, Üç rəngli BAYRAĞIM dalğalanacağ.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!