Rahilə Əliyeva - Dövran,bir cənnətdir Odlar ölkəsi

2016-08-08 22:46:05 / 10294 dəfə oxunub
Rahilə Əliyeva 1958 –ci ildə Naxçıvanın qədim Qaraçuq kəndində doğulub.İlk təhsilini Qaraçuq kənd məktəbində alıb. Onda poeziyaya həvəs gənc yaşlarından oyanıb. Şeirləri Respublikanın müxtəlif qəzet, jurnal və almanaxlarında dərc olunmş, bir çox çeirlərınə mahnı bəstələnmişdir.Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Rahilə Dövran - ”Yurdumun Günəşi”, "Gözlə yolumu”, "Bir insan ömrünə nələr sığarmış...” "Qəzəllərim”, Bayatılarım”, "Sonetlər, rübailər,bayatılar”,"Nənə, nağıl de mənə” "Dövran həmin Dövrandır” adlı kitabların müəllifidir. 2015 –ci il "QIZIL QƏLƏM” MEDYA MÜKAFATI LAUREATI olan şairə Rahilə Dövran hal – hazırda daha iki kitabını dərc olunması üçün nəşriyyata təqdim edibdir.


ƏCƏB YARAŞIR DÖVRANA
Sıgal çəkib qizil telə, Salma bizi dildən-dilə. Qız,gələrsən bədnəzərə, Kəmər vurma incə belə. Çiyində saçlar şəlalə, Açıb yanaqlarda lalə. İnsaf eylə zalım qızı, Salma məni haldan-halə. Alma ələ qızıl gülü, Qısqandırma gəl bülbülü. Yaraşığın göz çıxarır, Qönçə gülsən sən bükülü. Ey nazlanan zərif çiçək, Boyu bəstə,özü göyçək. Yad baxışlar çarpar səni, Ələnərsən ləçək-ləçək. Əhsən səni yaradana, Huri bəxş edib cahana. Görən hər kəs söyləyir ki;- Əcəb yaraşır Dövrana.


GÜLÜM

Yoluna baxmaqdan yorulub gözüm, Hər anım, saniyəm qəhərdir, gülüm. Məcnuntək çöllərə aparır izim, Gecəm, gündüzüm də kədərdir, gülüm. Rəvamı bir ömür hey ağlayasan? Əl çəkmir dərd, ələm yaxamdan, gülüm. Hicranı nə qədər qucaqlayasan? Haçan de, üzümə gülər dan, gülüm. Xoşbəxtlik ilğımtək keçir gözümdən, Min ocaq qalandı eşqin közündən. Sevgimin tonqalı nə vaxt yanacaq? Əridi ömrümdə fəsillər, illər, Bir Məcnun eşqidir çağlayan sellər. Bu qanlı sellərə kim dayanacaq?


BİLMİRƏM
Nə vaxtdır hicrana çələng hörürəm, Bitəcəkmi həsrət hələ bilmirəm. Hara baxıramsa səni görürəm, Ağlar gözlərimi silə bilmirəm. Boş bir quş yuvası bu könül sənsiz, Kimsəsiz, viranə, quru budaqda. Bir ömür yaşandı fərəhsiz, şənsiz, Sevgi nəğmələri dondu dodaqda. Ayrılıq yelləri əsəndən bəri, Könül sevdasından küsəndən bəri, Meylini salıbdır badəyə, meyə. Ümidim əl açan dilənçi kimi, Ömrə yamaq vurur pinəçi kimi, Hicranın yarası qapansın deyə.


SEYRİ – SƏFA
Gəlsə də yay fəsli,yaylaqda yazdır, Heç solmaz dağların gülü,çiçəyi. Zirvə yay tanımır,hey qarı vardır, Qırov bağlayıbdır dağın birçəyi. Rayihə bürüyüb yalı,çəməni, Şəfalı bitkilər ürkəkcə baxir. Yamaclar yamyaşıl,sanki səməni, Qar suyu dərədə şur ilə axır. Baldırqan,gicitkən,qaraqınığa, Lilpar qantəpərə qaş-göz eyləyir. Süsən,solmazgülü yanaq-yqnağa, Həmərsün səhləbə nəğmə söyləyir. Əsgərtək düzülüb çobanyastığı, Seyrana çıxıbdır boymadərənlər. Yemşanın təzəcə "tərləyir bığı”, Quşburnu,kəkotu,-olğun ərənlər. Güc alıb çisəkdən,çəndən,dumandan, Ələyəz,əvəlik şux,dilim-dilim. Təkqıçlı göbələk boylanır qından, Boyunu göstərir şomu,cincilim. Yarpız,nanə,çaşır,quzuqulağı, Şövq ilə sarmaşıb,girib qol-qola. Dövrəyə alaraq nazlı bulağı, Gizlicə,həsrətlə baxırlar yola. Buz kimi havası,ətirli mehi, Sanki bir behiştdir bulud kölgəsi. Məst edir ruhları ot,çəmən şehi, Dövran,bir cənnətdir Odlar ölkəsi.


HARDASAN
Əl çatmayan,ün yetməyən uşaqlığım, Xəyalımı tərk etməyən uçaqlığım. Yaddaşımdan heç itməyən uşaqlığım- Hardasan? Köhnə kəndin,köhnə dəbli məktəblisi, Həm çalışqan,həm əsəbli məktəblisi. Məktəbinin ən ədəbli məktəblisi- Hardasan? Hərarətsiz,soyuq,sönük cavanlığım, Özü sısqa,dərdi böyük cavanlığım, Etibarsız,üzü dönük,cavanlığım- Hardasan? İlk baharım,güllü yazım,arzularım, Taleh,qismət,alın yazım,arzularım. İgid oğlum,gəlin qızım,arzularım- Hardasan? Hey çağlayan,tükənməyən ümidlərim, Sevdasından heç dönməyən ümidlərim- Ulduzlartək , heç sönməyən ümidlərim Hardasan?...


X Ə Y A L
Xəyal torpağına,daşına dönə, Səcdəyə dayana,başına dönə. Bu şair, o körpə yaşına dönə, Xaliqdən tək səni diləyəm,gülüm. Harayım göylərin yelinə dönə, Gülüşüm dağların selinə dönə. Sevdiyim ilk bahar gülünə dönə, Dərəm,ürəyimə bələyəm,gülüm. Buludlar həsrətli yağışa dönə, Nisgilim vüsalla ağuşa dönə. Gözlərin,gözümdə baxişa dönə, Başına gül-çiçək ələyəm,gülüm. Zaman,vaxt dayana,tərsinə dönə, Könül sevdasının səsinə dönə. Dövran da,onların bəhsinə dönə, Bir ömür, tək səni səsləyəm,gülüm.
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!