Azər Sarıyev - Əsas adamın ürəyi təmiz olsun

2016-08-11 17:26:39 / 6246 dəfə oxunub
Qonşumun geopolitik şərhləri və teoloji izahatları ətrafında dərin düşüncələrə qapılıb Allahdan məni hidayət etməsini istəyirdim ki...

Bilmirsən kimin yanında nə danışasan ki, sığortalanasan, həm başın salamat ola, həm də ürəyin rahat. Adam bilmir nə etsin? Dünən həm də qonşum olan saqqallı taksi sürcüsünü şiə əhli bilib, təqlidimin mərceyi-təqlid Ayətullah əl-Uzma Elçin əl Qəzaxiyə olduğunu bildirmişdim ki, başladı bütün müctəhidləri və ayətullahları lənətləməyə. Ölkədə tanınan, alim bilib səmimi qəlbdən dərin hörmət bəslədiyimiz nə qədər ruhani lider vardısa, hamısını dindən çıxmış elan etdi ki, bəs onlar yuxarılara yaxındır və bu da dini-islama inancın əsas şərtlərinə ziddir. Onun deməsinə görə, əsl şiələr ərəb ölkələrində, konkret desək, İraqdadır ki, kafir dövlətlərin bu ölkəni bombardman etməsinin bir səbəbi də budur. Qonşumun geopolitik şərhləri və teoloji izahatları ətrafında dərin düşüncələrə qapılıb Allahdan məni hidayət etməsini istəyirdim ki, məhəllədə dayanan Mamed adlı başqa bir taksi sürcüsünün "salam məleyküm"ünü eşitdim. İstədim ki, taksisinə oturub məni mənzil başına çatdırmasını xahiş edəm, cavab verdi ki, qərdeşimsən, incimə, apara bilmərəm. Məlum oldu ki, bu gün həmin sürücünün və dostlarının ağası, əhli şiənin gözünün nuru, mərcəyi- təqlid Ayətullah Sistani həzrətlərinin ad gününüdür və yığışıb ağalarının dünyanı şərəfləndirdiyi günü qeyd edəcəklər. Peşiman oldum, soruşam ki, bu sizin Sistani ağa sapıq deyil ki? Mamedi od götürdü:

 

- Yəqin, sənə bunları o vəhhabi tör-töküntüsü taksist Famil deyib. Ala, onlara baş qoşub cəhənnəmdə yerini nağdılama, qədeş. Vəhhabilik yaxşı şey olseydi, peyğəmbər olardı, Həzrət Əli, Səlmani Farsi olardı. Düz demirəm, qədeş?

Dedim, nə bilim vallah, adam lap başını itirir. Heç bilmirəm hansınız düza deyir. Axı o, buradakı sələfi liderləri Əlixanı, Hacı Qaməti də sapıq sayır. "Hə, qədeş, deməli, onda ya "KQB"-yə işləyir, ya da İŞİD-ə" deməsi başımı lap qarışdırdı.

"Allah məni hidayət etsin" duasının təkrarlaya-təkrarlaya bir taksi saxlatdırdım. Qiyməti danışıb qabaq oturacaqda əyləşmişdim ki, sürücü əli ilə maqnitofonun düyməsini basdı. Bir kişi ney musiqisinin sədaları altında İstanbul türkcəsində mələklərdən danışrdı. Sürücü xumarlanmış gözlərini süzdürə-süzdürə "Yavuz Bülent Bakiler əfəndidir" dedi. Soruşdum ki, bu kimdir, molladır? Gülümsəyərək cavab verdi ki, yox, hocadır. Bu, saqqalı kirli şiə mollalarının, vəhhabi, İŞİD şeyxlərinin tayı deyil, əhli sünnə alimidir. Soruşdum, axı onlar bildirirlər ki, peyğəmbər əfəndimiz də saqqal saxlayıb və bığ-saqqal vacibatdır. Güldü və başladı təmizlik, paklıq, islam tarixi və peyğəmbər sünnəti barədə moizə oxumağa. Beynim necə qarışdısa, taksini yolun yarısında saxlatdırıb düşdüm. Taksidən düşər-düşməz 29 saylı avtobusun gəldiyini görüb saxlatdırdım. Avtobusa qabaq qapıdan mindim və salona daxil olanda məni saqqız çeynəyən sürücünün motal iyi verən ürək bulandıran üfunəti ilə güzgüyə vurduğu hansısa seyidin şəkli qarşıladı. Sürücü saqqız gövşəyə-gövşəyə kiminləsə telefonla danışırdı:

 

"Axşam mal kimi mıxlamışm, ağamın goru haqqı. Ayə, kef elə, ağama da qurban olum, cəddinə də. Əsas adamın ürəyi təmiz olsun".



Son xəbərlər



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws