Həmidə Mühəmməd - Bir aləmdir Allahın şah əsəri

2016-08-16 14:28:52 / 10803 dəfə oxunub
Bir ölçü kiçilib ruhuma əynim, Daralıb yuyulmuş köhnə paltar tək... Ütü də çəkirəm götürmür neynim Biraz səliqəyə,öyrənəm gərək.. Adam olub ,adamlar içinə çıxam, Deməsinlər bu dəli* hayandan gəlir... Bir az da dərdləşəm bəlkə açıldı Adamın əynimə yazığı gəlir ! Hər gün yeni sözlər ütüləyirəm Yenə də köhnədi nimdaşdı əynim... Kimdə var bir artıq qırışsız ömür Versin bircə günlük əynimə geynim..

***

Üzülmə,başımın bəlası gənclik.. Tapmayıb qəlbimin yarası dinclik. Bəlkə şeir yazım sənə bir bəndlik Oxuyub- duyunca..anlarsan məni !! Qəlbinə dəyməyi istəməzdim heç Göstər bir böyüklük günahımdan keç... Nə qədər zaman var, olmayıbdı gec.. Oturub-doyunca danlarsan məni. Hər nə var keçərsəncavanlığıma, Keçərsən hər şeydən bir anlığına.. Ehmalca qapıdan qocalığıma Ötürüb- dalımca ağlarsan məni..

***

Deyirdilər ki saçıdır, qadının yaraşığı.. yolumu dolandırır saçımın dolaşığı... darayıram açılmır, yolunur teli bir bir... ömürdən aparırmı saçlarım ili bir bir... Saçlarımın dağına, qar yağıb yayın günü. Daramaqdan qaralıb, əldə darağın dünü... neyləsin,fikirlərim, gəzişir tellərimdə. hərəsi bir kaş olub əzişir dişlərimdə... sıxılır dodaqlarım, quruyub olub çat çat, fikirləri yığmışam fikirlər üstə qat qat... Hər fikir bir telimin üzünə durur,ağ olur... belə belə başımda fikirdən ağ dağ olur... fikirlər də dolaşıb açılımır dolaşığı. bəs deyillər saçıdır qadının yaraşığı...

***

Batırıb yolların toz dumanına... Bələyin hicranın buz gümanına... Tapşırıb bir gecə yaz dumanına Göndərin sevdiyim adama məni.... Nəyim var nəyim yox əlimdən alın! Üzümə ayrılıq pərdəsi salın ! Saçları pərişan, ayağı yalın, Göndərin sevdiyim adama məni !
Bənizim saralımış,üzüm gülməmiş... Dilim topuq vurur..sözün bilməmiş.. Səhv edib gəlmişəm,kimsə bilməmiş Göndərin sevdiyim adama məni ! Adı ünvanı da çıxıb yadımdan, Təsəlli umuram sönən odunnan, Bir yalan söyləyib mənim adımdan Göndərin sevdiyim adama məni...

***

Aylı gecə,yaşıl oba,su səsi otlar üstə damcıların busəsi.. böcəklərin hay haraylı nəğməsi deyir hələ yaşa biraz döz biraz. qaranlığa keşik çəkir qovaqlar, dəniz təki ləpələnir budaqlar. pıçıldayır qulağıma yarpaqlar deyir hələ yaşa biraz döz biraz. . çiçəklərin ən gözəli qoxuyur, arıların dodağı bal qoxuyur.... sarıköynək yana yana oxuyur deyir hələ yaşa biraz döz biraz... ay tökülür mahaldakı göl üstə, bülbül oxur çəməndəki gül üstə. duyğularım mızıldanır dil üstə, deyir hələ yaşa biraz döz biraz !.. bir aləmdir Allahın şah əsəri, gör nə gözəl bəzəyibdi bəşəri ! qulağıma bir səs gəldi ötəri dedi hələ yaşa bir az döz biraz.!

***

Çəkiləm qurşaq tək vətən belinə ! Mən qapı ardında gözləyən yetim, Sən qanlı savaşın yaddaşımdakı, Acılı ,dəhşətli xatirələri ! Səni düşündükcə yenidən dönüb, təkrar yaşayıram ötən günləri... Üzünə baxdıqca hər dəfəsində, Cəhənnəm görürəm od nəfəsində ! Alnın qırışanda qəzəbim artır ! Elə bil səmada ildırım çaxır! Avtomat ağzından çıxan gülllələr, Sanki ulduzlardı, yağış tək axır.. Tökülür üstümə başıma mənim. Soyunub ayaqdan ayaq qabımı atıram özümü yağışın altda.. tökülür güllələr dinmək bilmədən, Üzümdən süzülən yaşı silmədən, qaçıram yol boyu gün bata batda. sürünür donumun balağı yerlə, ruhumsa əlləşir -vuruşur göylə. Bu necə yağışdı bu necə sudu, tökülüb ruhumu yandırıb yaxır.. ayağım altında güllə darağı ilişib büdrədib palçığa yıxır. güllə gilizindən düzülən yağış bu necə nalədi bu necə qarğış kim edib, bilmirəm kimin ahıdı yerlərə tökülən,göy günahıdı? arabir kəsilir yağışın səsi süktun harayı sükutun səsi qorxudur canımı.. yağışdan sonra, birdə göy üzünə qurşaq çəkilir.. Qoxusu əcaib gəlir yağışın... baxıram üzünə, mən bu baxışın ardında nələri görürəm Allah! qorxu var ,həyəcan ,qəzəb də illah! çökür ciyərimə qorxunun xofu, bu zaman yenidən ildırım çaxır Əl atıb əlindən tutmağım gəlir... Saxla barmağını çəkmə tətiyi güllə əvəzinə güllə yerinə avtomat ağzından çıxmağım gəlir Qalxam göy üzünə şimşəyə dönəm atəşdən al alvan bir kəfən geyəm, şəhadət gətirib dil ilə ,qəlblə sancılam düşmənin bağrını dələm ! sökəm ciyəriini alıb çıxaram yağam yağış kimi leysana dönəm. ələnəm düşmənin yurd yuvasına son qoyam illərin qan qadasına ...elə gurlayam ki elə çaxam ki Düşmən göz açmağa fürsət tapmaya ! başına ələnə güllə yağış tək gecəni bir saniyə belə yatmaya.sökəm sübh şəfəqin əlimdə bayraq.
sancılam ox olam yağı elinə... Üç rəngli kəfənə dönəm sonunda, Çəkiləm qurşaq tək vətən belinə !


***

Burda vəziyyət pis deyil, Sərin keçir havalar... Məni maraq etmə qəti Hər şey yerli yerindədir.. Sənin səhhətin necədir Sınıxmışdın bir aralar... Həkim sənə nə yazmışdı, O gün gecə yarısı, Təcili yardım gəlmişdi Bilmədim daha sonrasın... Fikrim elə səndə qalıb, Yaxşıdıırmı vəziyyətin, Eşitdim anam çəkirmiş Gecə gündüz əziyyətin... Sənsə onu bəyənmirdin..... Deyirdin ki deyingəndir, Yeməkləri dadlı olmur... Ütünü də bacarmır heç, Paltarları təmiz yumur... Deyirdin ki, tez tez gedir, Atasını ziyarətə.! Anası da vaxtsız ölüb.... hərəsi bir diyardadır... Qardaş bacı. ... Deyirdin ki məni qoyub atasını adlandırır o baş tacı. Deyirdin ki, nimdaş olur üstü başı, Nə qohumda, nə qonşuda Yoxdu bircə qəlb sirdaşı... Zalım qızı,dərdini də təkcə çəkir. Deyirdin ki,uşaqlardı fikri zikri, Ac da olsa düşməyirki dildə şükrü... Bilmirdin ki,sənə qalan o olacaq!! Kişi evin dirəyisə, Qadın evdə yanar ocaq ! Sən özünü düşünmüsün Ata,ancaq .... Bircə dəfə iki bilet almısanmı teatra... ya kinoya ! Ya haçansa bircə buket? Neçə yaşını doldurub sənlə birgə? Bilirsənmi..... Bilmirdinmi,ağaracaq saçın, başın?! Tərk edəcək hamı bir bir... Iş yoldaşın, aş yoldaşın ! Sənə həyan olacaqdır ... can yoldaşın !




Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!