Qədiməli Əhməd - Unuda bilmərsən

2016-08-16 16:02:37 / 13867 dəfə oxunub
Qədiməli Əhməd 1957-ci ildə Lerik rayonunun Şivlə kəndində doğulub.BDU-nun filologiya fakültəsini bitirib.Azərbaycan Yazıçılar Birliyinin üzvü,Beynəlxalq Rəsul Rza mükafatçısı,Prezident təqaüdçüsüdür.







sənin məndə ölmüş əllərindi gecələr, hələ də ayılmır... yarasalar uçur, itlər hürür, bayquşlar ulayır hər yanında...

bunu sənə deyirəm, tək sənə, kimsə bilməsin. axı bu şəhərin sevgisiz ömürdə nəyi gözəldi? bir də qəribləri sevməyən baxışları var axı... bax, bir qəbir də artıb aramızda ölən sevgimizdən. və sevgimizə nifrət edən baxışlardan...


UNUDA BİLMİRSƏN

Sən bir qərib yolçu oldun tale dayanacağında... Gözləyirsən hələ ki sükutun qucağında.

O,sənin ruhunu çəkib apardı, Sən onu unuda bilmirsən axı. İndi baş-başasan tənhalğınla, Söndürə bilmirsən içində ahı...

Ağlasan da, sızlasan da, təkcə gecələr biləcək...

Aylı gecələr də susacaq,yəqin... Sən onun olmayan, o,sənin olan arzularındadı illərin tamı.

Sən onu unuda bilmirsən axı...

bu qəminə dözmürəm ta, sular lil axmasın mənə. yığ ərinin gözlərini, qəzəblə yağmasın mənə.

unut,bu sevdanı,unut, məni hər şeydən ucuz tut, telinlə üzünü,qız,tut, gözlərin yağmasın mənə.

günlərim evdinir dəntək, düş başıma daha çəntək, Tanrı da çox görür səntək bu dərdin daxmasın mənə...

sənə bir dəniz sərqisi oxuyacağam, heç vaxt eşitmədiyin... onda qağayılar da susacaq, sahil küləkləri də... sən də, sən də dinləyəcəksən heç zaman sənə demədiklərimi... bu,son şərqidi,bəlkə də... bax, yenə qərib küləklər əsir, yenə yarpaqlar pıçıldaşır, qumlar örtür ayaq izlərimizi. yenə qəribədi dünya, yenə heç nə olmamış kimi uzanmışıq üzü göylərə. göy üzündəsə bir dəstə quş ötür sakit-sakit...

Sahildə bir şəkil var... Baxar içindəki dənizə sarı. Yağar gözlərindən ləpirlərinə, Çəkər baxışına gedən yolları. Yollarsa uzanar, bitməz, tükənməz, Bitməz ruhundakı ayrılıqlara. Ümidsə uzaqdan gələn yolçutək Vaxtında yetişməz mənzil başına. Sular axıb keçər lal duyğu kimi, Ömür ötüb keçər bir uyğu kimi... Bu axşam necə də sakitdi dəniz, sükut içindədi sahil...

səni gözləyirəm illərlə boy atan sənsizliyi dərib tökməyə...

gəl, bir sahilimiz olsun dənizi qağayılı, suları masmavi...

hələ də yağışlar yağır xatirə buludlarından. və mən dayanacaqda durub gözləyirəm yenə də. bir ağ gəmi kimi ürəyimdən keçib gedir yollar. hər şeyi yığıb aparır o gəmi, hər şeyi... bir boş ürək qalır içimdə, bir can qalır kimsəsiz... hələ də yağışlar yağır, saçlarımı, əllərimi, gözlərimi isladır... isladır səhərə çixmaq həvəsimi də.

hələ də dayanacaqdayam, hələ də...



Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!