ƏBÜLFƏZ ƏLİYEV - Vətən, şirindən də, şirin görsənir

2016-08-22 12:21:56 / 8117 dəfə oxunub
ƏBÜLFƏZ ƏLİYEV 1951-ci ildə, noyabr ayının 17-də Naxçıvan şəhərində dünyaya gəlib.
 Yaradıcılığa 1970-ci illərdən başlayıb. İlk mətbuat əsəri 1973-cü ildə "Şərq qapısı” qəzetində dərc edilmiş "Fəhlə qardaşım” şeiridir.
Müxtəlif mətbuat orqanlarında mütəmadi olaraq çap olunur.
2005, 2006, və 2007-ci illərdə Naxçıvan Muxtar respublikasında keçirilən şeir müsabiqələrinin qalibi olub. 2014-cü ildə Azərbaycan respublikası Sərhəd qoşunları idarəsi tərəfindən keçirilən "Ən yaxşı vətənpərvərlik şeirləri” müsabiqəsində həvəsləndirici mükafata layiq görülüb. 2005-ci ildən Azərbaycan Yazıçılar birliyinin üzvüdür. 2015-ci ildən Azərbaycan Jurnalistlər birliyinin üzvüdü.

   




UĞRUNDA ÖLƏNİN OLANDA
Haqq haqqa qovuşub, nahaq olub xar,
Şər hər vaxt özünün şərin göstərir,
Dost-dosta tən gərək, deyib atalar,
Düşmən xislətini irin göstərir.

Döyüşmür, dərs verir ordum yamana, 
Günəş təslim olmaz adi dumana,
Budur, torpağımdan torpaq umana,
Ordum üç barmaqdan, birin göstərir.
 
Uduzmur məsləkdə vahid olanlar,
Görüb gücümüzə şahid olanlar,
Vətənin yolunda şəhid olanlar,
Ölmür, ölməzliyin sirrin göstərir.

Saxlaya bilsəydi yağı hülqumun,
Almazdı cəzasın bu gün yurdumun,
Hələ bu deyildir gücü ordumun,
Sadəcə düşmənə yerin göstərir.

Torpaq əziz olur, əziz hər anda,
Sevməzsən, sevməsə onu  balan da,
İşə bax, uğrunda ölən olanda,
Vətən, şirindən də, şirin görsənir. 
                                  

OLAR
Dığanın payına nakəslik düşüb,
Adam nakəs olmaz, adam ər olar.
Bəlkə ona görə burnu dik düşüb,
Bilsinlər dikbaşlıq, nə təhər olar.

Vallahi demərəm nəsə bilməsək,
Çiy qalar dərkimiz,  bişə bilməsək,
Düşmənin kökünü kəsə bilməsək,
Nə gündüz yaşayar, nə səhər olar.

Qağalıq yaranmaz, qağa olmasa,
Bağ heç nə itirməz, bağa olmasa,
Deyərdim dünyada dığa olmasa,
Nə gözlər ağlayar, nə qəhər olar.

Fürsət vermək olmaz, əqli çaşlara,
Qansınlar, dəydikcə başı daşlara,
Bəli taxt istəyən, taxtabaşlara,
Millət adı versək, elmə şər olar.  

Xalqım addımını çox düzgün atdı,
Nakəsin aşına ordum su qatdı,
Hələ düşmənimə bu zarafatdı,
Gerçəyə çevrilsək gör nələr olar.
                                    

Xırdalan
Sənə məftun olub göydə Qular da,
Zəkan hər müşkülü çözər, Xırdalan.
Gəmilər üzürlər adi sularda,
Amma eşq gölündə üzər, Xırdalan.

Ən xırda irad da sənə yapılmaz,
Məhəbbət yapılar, tənə yapılmaz,
Busəni sevməyən adam tapılmaz,
Sənə busə verir Xəzər, Xırdalan.

Layiqsən ən lətif söz muncuğuna,
Sevgim çevrilibdir öz muncuğuna,
Hazıram, dönəm bir göz muncuğuna,
Sənə toxunmasın nəzər, Xırdalan.

Rəssama fırçasan, şairə təbsən,
Elimə şöhrətsən, yurduna qəlbsən,
Zərrə torpağından haraya səpsən,
O yeri cənnət tək bəzər, Xırdalan.

Ülvi önəm verir burda hər nəyə,
Qoy deyim, gəlmişəm hansı bir rəyə,
Bəlkə Ulu Rəbbə xoş gəlsin deyə, 
Gün-gün gözəlləşir, gözəl Xırdalan? 
                                               
ANAMIN
Başımızın tacı olan, dünyasını dəyişmiş 
bütün anaların əziz xatirəsinə.
Baxmayın gözünü qıyıbdır zaman,
Yox, deyil gözləri xəstə, anamın.
Elə fərəhlənib övlad boyundan,
Qalıbdır baxışı məstə anamın. 

Saçları ağarıb birçəyi kimi,
Alça ağacının çiçəyi kimi,
Yanağı lalənin ləçəyi kimi,
Dodağı püstədir, püstə anamın.

Güllərə aç deyir, qəlbdən gülüşü,
Arı bu gülə də edir yürüşü,
Dünyadan böyükdür, dünyagörüşü,
Tayı yox, saf niyyət, hissdə anamın. 

Nur dolub, baxıbdır hara gözüylə, 
Olub od, götürüb qara gözüylə,
Qurandan don geyib hikmət sözüylə,
Paklanıb mehriylə pis də, anamın.

Bəli, ülvi olub sözü dünyada,
Bunu təsdiq edir özü dünya da,
İndi olmasa da özü dünyada,
Yeri gözlərimin üstdə anamın.
                        
                  
AZAN SƏSİ
Demə hərzə, azan səsi gələndə,
Müqəddəslik qeybdən dinir elə bil.
Süzə-süzə Azan səsi gələndə,
Göydən yerə Tanrı enir elə bil.

Yaradanım, sanki verir nəfəsin, 
Qəlbə hopur, baxma hərdən oxunur.
Özü uca olduğundan bu səsin,
Boyu uca Minarədən oxunur.

Bir üzündə saf arzu-kam, saf dilək,
Etibardır, etiqaddır bir üzü.
Şər olmazdı, məhəbbətin himni tək, 
Bu nəğməni oxusaydı yer üzü.


Baxın ağlin cavahirdən yaratsan,
Sanma tapa sehrin ölməz Azanın.  
Bethoveni məzarından oyatsan,
Bir notunu yaza bilməz Azanın.

Sönər, dilim bunu dərdə oxusa,
Möcüzəsi, sehri var bu avazın.
Bundan sonra min illər də oxusa,
Sala bilməz bu tona  Qu, avazın.

Döyüntüsü, xoş ritmidir qəlbimin,
Bu səs üstə ömür tapır yaz anın.
Gör nə qədər rəğbəti var Rəbbimin,
Özü durur keşiyində Azanın.   
                             

QURBANLIQ  CƏDVƏLİ
Baxdım gözlərində görmədim bahar,
Bəlkə bu özünə qarğışlarındı.
Bir an elə sandım qışda yağan qar,
Sənin buz bağlamış baxışlarındı.

Bilmədim mən dondum yerimdə niyə,
Yoxsa yer özünə mıxladı məni?
Elə bil özgəyə baxmayım deyə,
Gözlərin özündə saxladı məni.

Hicran peyda oldu, saldı hay, həşir,
Sanardın yatıbdır fil qulağında.
Bax, həsrət cücərir, vüsal cücərmir,
İnsan şaxtasının buz qalağında.

Sual altındadır bu hal hələ də,
Anlada bilməyir məfkurəsini.
Etibar etmirəm əritməyə də,
Qorxuram su basa yer kürəsini.

Bununla sevdama etmirəm tənə,
Düçar eləsən də sərt qışı
Qurbanlıq cədvəli tutsalar sənə,
De, yenə yazsınlar ən başa məni.

                                 


DÜŞMƏYƏ
Hey dedim bu  eşqə həsrət qonubdu,
Pak saxla, əhdimiz kirə düşməyə.
Çox su səhəngləri suda sınıbdı,
Bərk tut, səhəngimiz girə düşməyə. 


İnsafı xəcalət tərindən qoru,
Hissi dayaz tutma, dərindən qoru,
Özülü şeytanın şərindən qoru,
Bəlkə ayrı cürə şərə düşməyə.


Doğru ol, doğrunu  günahdan çıxart,
Pənaha asini, pənahdan çıxart,
Nəfsini vaxtında tələdən çıxart,
Bəlkə taleyinə, tələ düşməyə.

Anmadın sözümü, yamanda bitdin,
Sən öz əməlinlə, özündə itdin,
Düz dedim etmədin, əksini etdin,
Bu sevgi, ta necə pələ düşməyə?


Mən coşdum, sən döndün ruhu don çaya,
Bir bulaq, sənin tək dəyər on çaya,
Elə baş gərəkmiş, demə xonçaya,
Qoyanda hellənib, yerə düşməyə.  
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!