Cəfərov Zaur - Axı yaşamaq üçün dünyaya gəlir adam

2016-08-24 17:49:14 / 23791 dəfə oxunub
Cəfərov Zaur İlham oğlu 1984-cü ildə Şəki şəhərində anadan olmuşam.2005-ci ildə AMİ-nin Şəki filialını İbtidai Təhsilin Pedoqogikası və Metodikası üzrə bitirib sonradan Az-dili və Ədəbiyyatı üzrə ixtisasımı dəyişib.2009 cu ildən Şəki şəhər M.Füzuli adına 3 saylı tam orta məktəbdə Az dili və Ədəbiyyat fənni üzrə müəllim işləyir.




Müəllim.
Müəllim,ey əziz,ey gözəl insan.
Sənə nə söyləyim olsun dəyərli?
Dünyada elə bir agac varmıdır,
Əkdiyin ağac tək ola bəhərli?

Dünyada elə bir zirvə varmıdır,
Sənin fəth etdiyin zirvədən uca?
Mən necə yığımki etdiklərini,
Müəllim adına sığsın qısaca?

Sən bizə həm ana,həm ata oldun
Bizimlə bağlandı arzun,diləyin.
Bütün ömrün boyu bizlərdən ötrü,
Şam kimi əridi vuran ürəyin.

Haçan dara düşdük əlin uzadıb,
Özünü köməyə yetirmisən sən.
Bizim sabahımız nur olsun deyə
Gözünün nurunu itirmisən sən.

Unudub evində qayğılarını,
Məktəbdə büruzə vermədin bir an.
Görüb şagirdlərin ruhdan düşməsin,
Deyərək düşündün sən hər bir zaman.

Bəzən acıladın,danladın bizi
Ki bizlər düşməyək pis səmtə,yönə.
Deyərdin, eyibi yox inciyin məndən,
Vaxt gələr minnətdar olarsız mənə

Allah iki şəxsi sevər hər zaman
Birisi şəhiddir,digəri alim.
Əgər Allah səni belə sevibsə,
Mən necə sevməyim de,ey müəllim?

Sənin sənətinin bərabəri yox
Həmi şərəflidir,həm də ki çətin.
Dünyada nə qədər sənət var isə,
Qoyub bünövrəsin sənin sənətin.

Yerin bizlər üçün daima uca,
Qəlbi də özün tək təmiz müəllim.
Haqqını yüz ömür ödəmək çətin
Haqqını halal et,əziz müəllim.
Haqqını halal et.əziz müəllim.

Müharibə olmasın.
Səslənirəm sizlərə,ey savaş hərisləri
Müharibə törədən qaniçən iblisləri.
Nəyə gərək bu savaş,müharibə,qətliam.
Axı yaşamaq üçün dünyaya gəlir adam.
Siz ey,əlləri qanli xanədan sahibləri
Özü diktator olan,bəşər əcaibləri.
Yetər!
Bəsdir!
Yetər bu...
Silinsin qəlbinizdən həmən qorxulu duyğu.
Bir az da insan olun,insanlığı öyrədin.
Yaxşı əməlləri ilə kainatı titrədin.

Götürün sərhədləri ölkələr arasından,
Xilas edin bəşəri savaş macərasından.
Bütün istehkamları dağıdın,yıxın,sökün!!!
Əvəzində kimsəsiz körpələr evi tikin.
Küçədə böyüməsin,o *qanadsız mələk*lər
Yoxsa bizi gözləməz işıqlı gələcəklər.
Əridin silahları bir oyuncaq yaradın,
Körpələrin üzündə bir az gülüş oyadın.
Qoy onlar da yaşasın gözəl uşaq dünyasın,
Oyuncaqla böyüsün,oyuncaqla oynasın. 
Qoyun sülh göyərçini səmalarda dolaşsın.
Qonsun damlar üstünə,pəncərəyə yanaşsın.
Onun gözlər oxşayan gözəl qanadları tək,
Açılsın min-bir arzu,açılsın min-bir dilək.
Bir də bəşər görməsin qara buludlarını,
Əsgər ölümlərini,şəhid tabutlarını.
Güllə səsi yerinə, Vağzalı səsi gəlsin.
Həyətlərdə hüzr yox,toy mağarı düzəlsin.
Analar ürəyində övlad dağı çəkməsin,
Bacılar *qardaş*deyib gözündən yaş tökməsin.
Minalanmış sahə yox.hər yan gül-çiçək olsun.
Yaşamaq üçün həvəs,çılğın bir istək olsun.
Müharibə sözünü atın lüğət içindən
Lüğətlər də dincəlsin,bu kəlmənin yükündən.
Ölkələrin nə yadı,nə də düşməni olsun.
Yer kürəsi hər kəsin evi,məskəni olsun.

Nə olardı,ilahi,bizim işıqlı cahan,
Müharibe görməsin heç bir vaxtı,heç bir an.
Nə olar insanların gözü yaşla dolmasın,
Müharibə olmasın..
Müharibə olmasın.

Qiyamət eylə,Allah!
Dəyişir bəşər əhli
Gündə yüz nöqsan edir.
Heyvanın etmədiyini,
Nədənsə insan edir.
Haqq ərşə çəkilibdir,
Haqsızlıq tüğyan edir.
Ədalət eylə,Allah!

Sən "Dünyanın əşrəfi"
Adlandıran qulların,
Daha ibadət edir
Üzərində pulların.
Varlılar haqqın əzir,
Biçarə yoxsulların.
Kifayət eylə,Allah!

"Bəsdir"kəlməsi denən
Nahaqq axan qanlara,
"Vicdan sərvəti" yetir,
Vicdansız insanlara.
İmkansızlıq üzündən
Xəstə qalan canlara
Şəfayət eylə,Allah!

Sənə dair yaranan,
Şübhələrə,şəkklərə.
"Allah varmıdır?" deyən,
Əqildən gödəklərə.
İmansız könüllərə,
Allahsız ürəklərə
Səyahət eylə,Allah!

Neçə sahibsiz uşaq,
Küçələrdə yatırsa,
Neçə-neçə ailə,
Borc içində batırsa,
Neçə oğul ananı
Küçələrə atırsa,
Qiyamət eylə,Allah!

Könlüm.
Fələyin köksümə vurduqlarından,
Bir gündə min dəfə yarılan könlüm.
Yenə də sən mənə dönük çıxmadın
Yenidən köksümə sarılan, könlüm.

Saf oldun hər kəsə inandın belə.
Həm alışdın belə,həm yandın belə.
Sən nədən həssas yarandın belə,
Adicə bir sözdən qırılan könlüm?

Nə olar dayanma gəl pərişan tək.
Sən ki çırpınardın dəli tufan tək
İndi inləyirsən qəmli kaman tək.
Nisgilli kök üstə qurulan könlum.

Dünənim qəm oldu,bu günüm kədər.
Sabah yaxşı olar,ya bundan bətər.
Dincəlmək istərəm yoruldum...Yetər!
Sən də dincəl biraz yorulan könlüm

Deyirsən Dost olaq...
Deyirsən Dost olaq indidən belə.
Sevgi barəsində danışmayaq,gəl
Mən ki, bu vaxtadək görmədim hələ
Dostluq ünsiyyətdə yaratsın əngəl

Unudaq sevgini nolar unudaq
Dost olaq.. Başqa ad qoşma bu ada
Dost kimi danışaq hal-əhval tutaq
Dost kimi gəzməyə gedək arada.

Yadıma dost olan zamanlar düşür.
Ona dost kəlməsi söyləyir dilim.
Bir gün ayıldım ki,bu söz dəyişir
Dostum-canım-dostum-canım-sevgilim

İndisə tutduğum vüsal arzusu
Xəyal quyusuna atılır demək.
Mənə həyat verən sevgi duyğusu,
Dostluq duyğusuna satılır demək.

Biz ki əhdi-peyman bağladıq axı
Bəs nədən pozursan əhdi-peymanı
Sözə bax dost kimi,ya dost sayağı
Sevgimlə döyünən ürəyin hanı?

Dost olaq..dediyin bu cür kəlməni
Qəlbmidir söyləyən,dilmidir deyən?
Denən bu qərara,bu yola səni
Hansı səbəblərdir vadar eyləyən?

Boğar aguşunda məni kədər,qəm
Səninlə dost kimi qala bilmərəm
Bagışla ürəyim dayanar o dəm
Sən istədiyin tək ola bilmərəm.

Başa düşürsən mi mənim halımı,
Nə təhər eyləyim,mən nə cür edim?
Səninlə qurduğum xoş xəyalımı,
İndi dostum deyib təsəffür edim?

Dost kimi saçını sığallasam mən,
Saçların yanmazmı,telin yanmazmı?
Dost kimi əlindən tutarkən həmən,
Barmağın yanmazmı,əlin yanmazmı?

Sevgi hisslərini atıb beyindən,
Heç ağlım kəsmirki dözəsən,gülüm.
Sevgini dostluğa dəyişməyindən
Qorxuram bir günü bezəsən gülüm.

Düşün! Qəlbimə dağ çəkilə bilər
Dağ düşən ürəyi ovutmaq çətin.
Dostluqdan sevgiyə çevrilə bilər
Sevgidən dostluğa qayıtmaq çətin.

Ölüb keçsəm yerin yeddi qatından
Sevdiyim insana *dostum*demərəm.
İstəsən, biryolluq sil həyatından.
Səndən nə küsmərəm,nə incimərəm.

Düşmüşük.
Fələk bizlər üçün qurdu torunu
Biz də hiss etmədən tora duşmüşük.
Bir anda ayıldıq, ey dadi-bidad
Bir hara gəlmişik,hara düşmüşük?

Dərd var el yıgıla,gəl yenə çözməz.
Varmı elə bir şey qəlbini üzməz
Buna ürək dözür başqa şey dözməz.
Ürəyə dağ boyda yara düşmüşük.

Bizlərlə bir yarış keçirdir həyat.
Sonucu ölümdür bu çempionat.
Püşkatma gözlərik saatbasaat
Görəsən neçənci tura düşmüşük.

Qəm qoxur aranı,dağı,dərəsi
Açsan qəmə baxır qəlb pəncərəsi.
Bəşər cəhənnəmi bu Yer kürəsi
Nə günah etdik ki,bura düşmüşük

Sən mənimsən!
Dağlar içrə süzülən çay,
Bir dəryaya dolduğu tək.
Şəmin axtaran pərvanə,
Öz şəmini bulduğu tək.
İşıq saçan qızmar günəş,
Kainatın olduğu tək,
Sən mənimsən!

Çəkinmədən gedib söylə
Yaxınına,əzizinə..
Qoy düşməsin başqa kimsə
Nə yoluna,nə izinə.
"Mən kiminəm?" sualını,
Vermə daha öz-özünə.
Sən mənimsən!

Yaxınımda,uzağımda,
Gerçəyimdə,xəyalımda,
Bu günümdə,sabahımda,
Məqsədimdə,amalımda,
Hər dəqiqəm,hər anımda,
Hər görkəmdə,hər halımda,
Sən mənimsən!

Sən mənimçün doğulmusan
Qismətimsən bu dünyada.
Qoy eşitsin bunu hər kəs
Bu səs çatsın doğma,yada
Kimsəyə vermərəm səni
Ya qara torpağın ya da,
Sən mənimsən!

Sonra get.
Gedirsən gedəni saxlamaram mən.
Məndən nə istərsən verim,sonra get.
Bir dayan getdiyin yollar üstünə,
Bir güldən-çəçəkdən sərim,sonra get.

Gəlmişdin qəlbimi oxlamaq üçün.
Yuxulu dünyamda yuxlamaq üçün.
Yolüstü əlində qoxlamaq üçün,
Sənə bir qızılgül dərim,sonra get.

Tələsmə ,əzizim, bir az səbr elə.
Saçları dağınıq getmə gəl belə.
Deyərlər "dəlidir" düşərsən dilə.
Yaxın gəl saçını hörüm,sonra get.

Sənə kim olacaq de mənim kimi?
Kimi saxlayacan qəlbin hakimi?
Əvvəllər dediyin ölməz sevgim
Son an gözlərində görüm,sonra get.
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!