Nuranə Bayramova - Uşaq olmaq istəyirəm

2016-08-31 11:04:39 / 11566 dəfə oxunub
Nuranə Bayramova - 1979 cu il sentyabr ayının 16 da Ağdam rayonunun Əlimədətli kəndində anadan olmuşdur.
Lap uşaq yaşlarından poeziyaya böyük marağı olmuşdur. "Mənim Anam" adlı ilk şeirini on bir yaşında olarkən yazmışdır.2015 ci ildə "Bir Qəlbin Harayı" adlı ilk kitabı işıq üzü görmüşdür.Şeirləri həmçinin "Ulu zirvə", "Kredo", "Bütöv Azərbaycan" qəzetlərində, "Atəş 2016" və Türkiyə Respublikasında nəşr olunmuş "Unutulmayan Hocalı" antalogiyalarında dərc edilmişdir.



Gözəldir.
Yaranmışıq varlıqların əşrəfi, 
Biz insanıq, elə bu ad gözəldir.
Bir möcüzdür, əsrardır hər tərəfi,
Bu yer üzü, bu kainat gözəldir.
Hər nə varsa alnımıza yazılan,
Yuxu bilək, xeyirliyə yozulan.
Ömrümüzdən damla-damla süzülən,
Hər dəqiqə, hər bir saat gözəldir.
Uzaqlaşaq dünyanın dərd-sərindən,
Gözlər gülsün, qəlb oynasın yerindən.
Acısından, şirinindən, şərindən,
Doymaq olmur, Nihan, həyat gözəldir.


Baş açammadım
Sağı-solu bəlli deyil nadanın,
Dolannam başına haldan qananın.
Naqis bəndələrin, xəbis insanın,
Fitnə-kələyindən baş açammadım.
Əyrilər barındı, düz düzdə qaldı,
Qanunlar kağızda, iş sözdə qaldı.
Yaxşılar ələndi, pis üzdə qaldı,
Dünya, ələyindən baş açammadım.
Vicdanın çıxarıb tərsinə geyir,
Nə savab tanıyır, nə də ki xeyir.
"Hər əməl" sahibi mələyəm deyir,
Allah, "mələyindən" baş açammadım.
Xəzanı sor, bir bağçanın gülündən,
Dərdi dinlə, bir çəkənin dilindən.
Verdiyini nə tez aldı əlindən?!
Nihan, fələyindən baş açammadım.


Ölərəm, allah
Zahirimdə yazdır, içimde xəzan,
Belə rəva görmüş bəxtimi yazan.
Məni səndən dönən, yolunu azan,
Kəslərlə bir tutsan ölərəm, allah!
Xəyalım dumandır, qayalar aşan,
Fikrim divanədir, çöllər dolaşan.
Qəlbimdə çeşmə tək qaynayıb daşan,
Təbimi qurutsan ölərəm, allah!
Nihan bir bulud tək boşalar, dolar,
Rəngi gah açılar, gah da ki solar.
Hər kəsin yadından çıxsam da olar,
Sən məni unutsan ölərəm, allah!


Sahib çıxaq
Tarixdə salmışıq silinməz bir iz,
Ərənlər yetirmiş Oğuz nəslimiz.
Yenilməz, qüdrətli, şanlı türkük biz,
Adımıza sahib çıxaq, a millət!
Qətiləşsin gümanımız, bəlkəmiz,
Düşmənləri dərdə salsın kölgəmiz.
Od-alovlar ölkəsidir ölkəmiz,
Odumuza sahib çıxaq, a millət!
Gücümüzü sübut edək cahana,
Haqq səsimiz qoy yayılsın hər yana.
Yağı göz dikdiyi ney-balabana,
Udumuza sahib çıxaq, a millət!
Nihan, sanki sınıb qol-qanadımız,
Hələ də susmayıb ah-fəryadımız.
Qarabağda qaldı ağız dadımız,
Dadımıza sahib çıxaq, a millət!


Ay ürək
Nə qədər ki, döyünürsən, ay ürək,
Ömür şərbətindən iç yavaş-yavaş.
Büdrəmə, yollarda çoxdur daş-kəsək,
Enişdən-yoxuşdan keç yavaş-yavaş.
Vəfasız yar sevib, zar-zar ağlama,
Dəniz tək kükrəmə, sel tək çağlama.
Hər kəsə sirr vermə, ümid bağlama,
Yaxşını yamandan seç yavaş-yavaş.
Vaxtsız qocalarsan, dərdə əyilsən,
Dönmə əqidəndən, hətta döyülsən.
Ey Nihan, gördün ki, gərək deyilsən,
Tərk elə dünyanı, köç yavaş-yavaş.


Çıxaq gedək
Bulud kimi dolan ruhum,
Yağ biryolluq, axaq gedək.
Həyat adlı pəncərədən,
Biz də bir az baxaq gedək.
İpin atdı çərxi-fələk,
O yana çək, bu yana çək.
Dərdimizi bir bala tək,
Bağrımıza sıxaq gedək.
Kökdən düşüb ömrün simi,
Nə zili var, nə də bəmi.
Gül tək üzək bu aləmi,
Yaxamıza taxaq gedək.
İstər alış, istərsə yan,
Bizlik deyil belə dövran.
Qələmini götür, Nihan,
Bu dünyadan çıxaq gedək!


Uşaq olmaq istəyirəm
Təzə-təzə ayaq açan,
Arzulara doğru qaçan.
Etrafına sevinc saçan
Uşaq olmaq istəyirəm.
Kiçik qəlbi tez-tez vuran,
Oyuncağın bərk-bərk saran.
Xəyallardan dünya quran
Uşaq olmaq istəyirəm.
Taleyinə düşməmiş iz,
Dünyası saf, ruhu təmiz.
Bəzən çılğın, bəzən aciz
Uşaq olmaq istəyirəm.
Gözlərində günəş yanan,
Bu həyatı az-maz qanan.
Nağılları gerçək sanan
Uşaq olmaq istəyirəm.
Beyni bəyaz varaq olan,
İçində yüz maraq olan
Qəm-kədərdən iraq olan
Uşaq olmaq istəyirəm.
Nihan, ömrə vəfa yoxmuş,
Möhnət qəlbi dələn oxmuş.
Böyüməyin dərdi çoxmuş,
Uşaq olmaq istəyirəm.
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!