Babayev Camaləddin - Bu dövranı terifləmə gəl mənə

2016-09-04 18:12:02 / 9033 dəfə oxunub
Camaləddin Babayev  1959-cu ildə  Neftçala rayonunun Aşağı Surra kəndində anadan olmuşdur. Şerləri ayrı-ayrı qəzet, jurnal və almanaxlarda  dərc olunmuş, radio və televiziyada səslənmişdir. "Milli ədəbiyyatımızın fəal tətbiqi” və anadan olmasının 50 illiyi münasibəti ilə "Azərbaycan Yazıçılar Birliyi Muğan Bölgəsi”nin  Fəxri Fərmanı ilə təltif olunmuşdur.  "Millətimin nağılı” adlı bir şerlər kitabının müəllifidir.






SINANMIŞ "XOD”
Koramal təriflədi
Kirpinin hər iynəsin.
Nə var,ona dəyməsin.


PEYİNQURDU
Peyinqurdu:--Heç kəsdən
Mən qorxmuram—deyirdi.
Çünki şahın peynini,
Şəxsən özü yeyirdi.


İLK QƏRAR
Uçmağı bilir deyə,
Qarğaya tapşırdılar,
Qartalın vəzifəsin.
İlk qərarı bu oldu:
"Hamı gərək leş yesin!”


HÖRÜMÇƏK
Xəbər gəldi, Hörümçək
Çıxıb Filin başına.
Dedilər ki, işə bax,
Yoxdur yerin yiyəsi.
Daha bilmədilər ki,
Yuxarıya bağlıdır,
Hörümçəyin ciyəsi.


HEYVANLAR MƏKTƏBİNDƏ
Boz çaqqal dərs deyirdi,
 Meşədə heyvanlara.
Sözünü qurtaranda,
Üz tutaraq onlara
Söylədi:--Sualınız
Var isə durun verin.
Tülü qaldırıb əlin
Dedi: -- Uçurmu Timsah?
-- Otur görüm ay axmaq,
Timsah da heç uçarmı?
Onun qanadı varmı?
Bəs direktorumuz Şir
Deyir ki, Timsah uçur.
Şir adını eşitcək
Tər tökdü puçur-puçur,
Qorxudan yazıq Caqqal.
Tez söylədi:-- Uşaqlar,
Şirin dediklərini
Dərk eləyək biz gərək.
Doğrudur Timsah uçur,
Yer ilə, sürünərək.


MİSMARIN CAVABI
Taxtanın canında min əzab, ağrı,
Üzünü çevirdi mismara sarı,
Dedi:-Ay insafsız, dəlmə bağrımı,
Niyə duymayırsan mənim ağrımı?
Mismar dilə gəlib dedi ki:-Qardaş,
Özümdə olaydı ixtiyarım, kaş,
Nə sənin bağrını deşib dələrdim, 
Nə də çəkic altda özüm mələrdim.


QARAGÜNLÜLƏR
Özünü qoy bir az dincə,
Başı böyük, beli incə,
Qara günlü qara qarışqa.
Gecə-gündüz işləyirsən.
Gücün çatdı, ya çatmadı,
Hey özünü yükləyirsən.
Hara gedir yığdıqların?
Bəllidir torpaq altına.
Axı bələdəm zatına,
Bunu özün yeməyirsən,
Kimlər üçün aparırsan, 
Niyə bizə düməyirsən?
Torpaq üstdə insanlara zülm eləyib,
Yer  altına gedənlərə bəlkə qulsan? 
Bu yerüstü sərvətləri
yer altına onlar üçün daşıyırsan?
Qara günlü qara qarışqa,
Necə bizə oxşayırsan.
Biz də yeraltı sərvəti,
Yer üstünə çıxarırıq,
Özgələri yedizdirib,
Özümüzsə ac qalırıq.


NOVRUZGÜLÜ
Novruzgülü, nədir səni solduran,
Bahar həsrətimi, yaz həsrətimi?
Bilirəm, dözmüsən neçə tufana,
Vüsala yetməkçin sən mənim kimi.

İndisə xoşbəxtsən, gözlərin aydın,
Gözün günəşdədir, özün çəməndə.
Öpür yanağını bahar nəsimi,
Hərdən sığal çəkir yeri gələndə.

Bir qışın tufanı soldurub səni,
Neçə tufanlara dözüb durmuşam.
Bir bahar vüsala yetirdi səni,
Mənsə neçə bahar yola salmışam.

Həsrətli gözlərim yollara bağlı,
Dözürəm, dözüməm başdan ayağa.
Köksümdə ürəyim çarpazın dağlı,
Dözürəm hələ ki, bu ayrılığa.


GÖYƏRİR
"Bu dünyanın qara daşı göyərməz
Tifillərin rəngi solub-saralır,
Nahaq artır, haqqın yolu daralır,
Göy çəmənlır yanır,solur, qaralır,
Qara qızın gözü- qaşı göyərir,
Bu dünyanın qara daşı göyərir.

Qotur dana hey korlayır naxırı.
Açılıbdır bu dünyanın paxırı,
Arxasızın susuz qalıb taxılı,
Arxalının bol xaçxaşı göyərir,
Bu dünyanın qara daşı göyərir.

Bu dövranı tərifləmə gəl mənə,
Dara düşsəm kim uzadar əl mənə,
Aqilləri bir-bir udur zamanə,
Əvəzində neçə naşı göyərir.
Bu dünyanın qara daşı göyərir.

Deyirlər ki, yiyəlik et dilinə,
Getməyirəm vallah çox da dərinə,
İgid, ərən oğulların yerinə,
Mavilərin qız qardaşı göyərir,
Bu dünyanın qara daşı göyərir.

Neçə yerdən bənd-bərədir arx yolu,
Axtarıram hardadır o haqq yolu,
Nəciblərin kəsilibdir əl-qolu,
Nanəciblər addımbaşı göyərir,
Bu dünyanın qara daşı göyərir.

Fırfıra tək fırladırlar milləti,
İşıq kimi sırıyırlar zülməti,
İmkanlının quruyubdur qeyrəti,
Yetimlərin gözdə yaşı göyərir,
Bu dünyanın qara daşı göyərir.

Bilməyirəm taledir bu, baxtdır bu,
Özün ayır nahaqdır bu, haqqdır bu,
Hər nədirsə, Musa Yaqub, faktdır bu,
Sülh əkirlər hərb savaşı göyərir,
Bu dünyanın qara daşı göyərir.


DONMUŞ ÇAY
Mən buzam, şaxtalar saxlayır məni,
Sevdirir özünü tufan, qar mənə.
İsti göz yaşları əridə bilməz,
Sazaqlar olubdur indi yar mənə.

Bir vaxt sərin sulu duru çay idim,
Sağım da, solum da içirdi məni.
Hər gəlib-gedənə, dövran beləcə,
İçirdə-içirdə kiçiltdi məni.

Məni çox ürəyi soyuqlar içdi,
Dondum qarşısında buz baxışların.
Qoynuma şaxtalar, sazaqlar düşdü,
Saldılar qəlbimə buz naxışların.

İçib yad sulardan bir vaxt şən oldum,
Məni soyudanın biri sən oldun.
Niyə qayıtmısan indi üstümə,
Doydura bılmərəm səni, incimə.

Mən indu o dəli çay  deyiləm, yox,
Artıq dondurubdur soyuqlar məni.
Gəz sinəm üstündə belədən-belə,
Sındırma, sındırsan batırram səni.
Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!