"Qaranquşlar qayıdanda"

2016-09-09 12:44:57 / 9282 dəfə oxunub
Qafarova Şəhla 1989-cu il noyabr ayının 11-də İsmayıllı rayonunun Diyallı kəndində anadan olub.2008-2012-ci illərdə Bakı Slavyan Universitetinin Xarici dili və ədəbiyyatı fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb. Şeirlərim və məqalələrim "İsmayıllı xəbərləri”, "Möhtəşəm Azərbayacan", "Azad qələm", "Elimiz.Günümüz", "Kaspi”, "Olaylar”,"Əkinçi”, "İctimaiyyət və təhsil”, "Tovuz-Turan” , "Skanvord” qəzetlərində, müxtəlif ədəbiyyat, o cümlədən mədəniyyət və ədəbiyyat portallarında dərc olunub.2013-cü ildə "Zirvə” mətbəəsində "Qəlbimin sözü” adlı ilk şeirlər kitabım işıq üzü görüb.Şeirlərim Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə tərcümə olunub. 2010-cu ildə Respublika mətbuatında Şəhla RAMAZANQIZI imzası ilə şeirləri və məqalələri dərc olunur. Bir sıra ədəbi birliklərə -İsmayıllı Yazarları Ədəbi İctimai Birliyinə, DGTYB üzvüdür.

"Qaranquşlar qayıdanda"

Sonuncu məktub (Hekayə) Müəllif:

Şəhla Ramazanqızı Turan rayona yenicə qayıtmışdı. O neçə müddət idi ki, öz rayonundan ayrılmış və Bakı şəhərində yaşamağa getmişdi. Keçmişi, məktəb yoldaşları, dostları, kənd uşaqları və sevgisi rayonda qalmışdı. Kəndə gəldiyi artıq iki gün olardı. Həyətin kollarını təmizləyirdi. Çoxdan idi ki, burda yaşayış olmadığından hər tərəf ot-alafa bürünmüşdü. Günortaya yaxın olardı. Anası çay dəmləyib Turanı da pürrəngi çay içməyə dəvət elədi. "Oğul, qəşəng çay dəmləmişəm, bayaqdan işləyirsən, gəl bir az dincəl, çay iç, gör ruhuna necə xoş gələcək?!” Turan "Yaxşı, ana, gəlirəm, əllərin dərd görməsin” Əllərini yuyub çay içməyə getdi. Təzəcə oturmuşdu ki, qapı döyüldü. Turan yerindən qalxıb qapıya tərəf getdi. Balaca bir qız idi qapıda gözləyən. Turan "salam, buyur balaca” dedi "nə lazımdır?” Balaca qız dinməzcə əlindəki qatlanmış kağızı Turana tərəf uzadıb bir andaca gözdən itdi. Turan qapını örtüb asta-asta gələ-gələ kağızı açdı. Bu məktub idi. Məktubu oxuduqca Turanın canı sıxılmağa başladı, hər şey dünənki kimi gözləri önündə canlanmağa başladı. Məktubu büküb iri addımlarla otağına tərəf getdi. İçəri girib qapını bağladı, çarpayısında oturdu və diqqətlə yenidən oxumağa başladı. "Hər sətrində bizi axtarırdım. Şeirinin hansında mən olduğumu izləyirdim. Yadındadı, biz görüşəndə son baharın həyatla çarpışdığı məqam idi. Küləyin gözlərə qum təpdiyi bir an idi. Bizim gözlərimiz sevgidən kor olmuşdu deyə hətta qum da onları incitmək istəmədi. O gün günəş necə də böyük idi. Fikir verdinmi o gün Ay da sevgilisi olan günəşin yanındaydı. Amma işığı çox zəif görünürdü. Yadındadı? Biz ömürlük sevgiyə and içmişdik həmin gün. Bax onda qaranquşların köç vaxtı idi. Dediyin hər kəlmə mənim üçün sanki müqəddəsləşirdi. Cəsarətli sevgim qarşısında heyrətlənmişdin yəqin ki. Hara getdin ? Niyə getdin? -deyə sual yağışına tutmayacam səni. Bilirsənmi niyə? Çünki getdin... Bəlkə də həmin vaxt bu ən doğru seçim idi. Ailənin çəkdiyi zəhmət qarşısında borcun idi. Bu borcu ödəyə bildinmi? Yoxsa onları da həsrətdə, hicranla baş-başa buraxdın. Qaçdın sanki. Kimdən, Nədən? Özündən qaçdın. Acı çəkirdin mi? Başqalarının günahı nə idi? Heç düşündünmü? Yolunu çox gözlədim... Gəlməyəcəyini bilə-bilə. Hər qaranquşlar qayıdanda sanki sən də gələcəksənmiş kimi yolunu həsrətlə gözlədim. Hardasan, necəsən soruşmayacam. Çünki bilirəm. Yəqin tör-töküntü olan kirayə otağında həmişəki yerində hamıdan gizlənirmiş kimi bükülüb oturmusan. İşığı da yandırmamısan ki, otaq yoldaşın oyanmasın. Telefon işığında oxuyursan. Necəliyini bilirəm. Peşmansan. Utanma ağlamaq istəyirsənsə ağla. Necə olsa heç kim görməyəcək. Bilirsənmi ağlamaq insanı rahatlaşdırır. Mən də çox ağladım. Hamıdan küsdüm. Gecə ay işığı ilə söhbət etdim dəli kimi. Bilirsənmi, səni unutmaq mümkün olmadı. Səni unutmaq istəmədim çünki. Tək səni sevdim. Bilirdim ki gələcəksən hansısa baharda. Sən də məni sevirsən. Baharlarmı çox oldu ? Niyəsə heç bitmədi həsrətin. İşlərin yoluna düşdümü? Çox üzdün məni. Amma səni sevirəm. Mən aciz biriyəm yəqin ki. Sənsizlik məni çox incitdi. Həkimlər yaxşı heç nə demir. Mən gedirəm. Gələcəksən bunu da bilirəm. Əlvida." Məktub əllərindən yerə düşən Turan üzünü dizlərinə sıxıb səssiz-səssiz ağladı. Sonra məktubu yerdən götürüb dodaqlarına sıxdı. Səhərki dəfn mərasimi əbədi olaraq Şəlaləni Turandan ayırdı. Turan gecə hamı gedəndən sonra yenidən Şəlalənin qəbrinə gəldi. Məktub da əlində idi. "Gəldim Şəlaləm. Gəldim sevgilim. Bax qaranquşlar gələndə gəldim" -deyə hönkürdü. Orda da yatıb qaldı. Sabah açılanda qəbiristanlığa gələn Şəlalənin ailəsi qızının qəbri üstündə yatan adamı görüb qəzəbləndilər. Yaxınlaşanda həmin şəxsin buz kimi soyuq olduğu, çoxdan öldüyü anlaşıldı. Ağzından və burnundan qan axmışdı. Oğlunun üzünə illərdi həsrət qalan ana bu dəfə onu həmişəlik itirdi.
Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!