Hacıyeva Şəhla - Göz yaşında boğul dünya

2016-09-19 22:58:55 / 8845 dəfə oxunub

SiRR SAXLAMIR

Gecələrin əli uzun, Həsrətin oduna qızın. Sənin də çıxdı buynuzun, Quyular da sirr saxlamır.

Tikiləni sökən olub, Söküləni tikən olub. Canımız yel çəkən olub, Ruhumuzu tər saxlamır.

Yaş süzüldü yeddi qatdan, Axdı gözündəki çatdan. Qaçır ayağımız altdan, Daha bizi yer saxlamır.



BiÇiN BAŞINA

Dərdimiz sünbül bağlayıb, Dur gedək biçin başına. Yolu tərsinə gedirik, Kim keçib köçün başına?

Çağırın tale yazanı, Gəlsin əlində pozanı. Asılıb xeyrat qazanı, Buyurun keçin başına.

Qismət bildik azı,çoxu, Yol üstdədi acı,toxu. Hanı bu dünyanın oxu Fırlanır heçin başına.



SiRRi ÇIXDI

Göylər tökdü göz yaşını, Yer üzünün kiri çıxdı. Günahlar qamış bitirdi, Quyulardan sirri çıxdı.

Döyüldü bazar qapılar, Təpikdən bezar qapılar. Açıldı məzar qapılar, Biri gəldi,biri çıxdı.

Kimi isitdin istində, Kimi kor etdin tüstündə. Hamının torpaq üstündə, Özü boyda yeri çıxdı.



BOĞUL DÜNYA

Durdun qəsdinə ağlayır, Kordu tüstünə ağlayır. Hamı üstünə ağlayır, Göz yaşında boğul dünya.

Nə zamandan düz olmusan? Üzlər görmüş üz olmusan. Nə anaya qız olmusan, Nə ataya oğul dünya.

Kim qaldı sənin yaşında? Kimlər qoz qırır başında. Uşaqlığın yaddaşında, Qaldın şirin nağıl dünya. Göz yaşında boğul dünya.



MƏNi

Uzandı həsrətin əli gözümə, Göz yaşım kəfəndi ölü gözümə. Odu külə döndü,külü gözümə, Daha həsrətin də isitmir məni.

Qışqırdım dünyanın kar qulağına, Elə bil qarlayıb qar qulağına. Sanki yer də,göy də eşitmir məni.

Boynumdan asılmış sınıq qolmuşam, Özümdə özümə bir yük olmuşam. Ömrün qış fəslində donub qalmışam, Sənin soyuqluğun üşütmür məni.



ŞEYTAN APARDI

Yediyimiz nəsə dadır, Tamını şeytan apardı. Qaranlıqda işıq gəzən, Şamını şeytan apardı.

Sən tutaydın barı dilək, Yarı ümid,yarı dilək. Bizə qaldı quru dilək, Kamını şeytan apardı.

Dirilər də ölü çıxdı, Hər bir işdən əli çıxdı. Ağıllı zır dəli çıxdı, Xamını şeytan apardı.

Kimdi belə gedir öndən, Yolumuzu salıb çəndən. Olduq candan,olduq dindən, Hamını şeytan apardı.



EYNi ÇÜR DOĞULANLAR

Qara bəxtdən xoflanıb, Bir ömürə saplanıb. Bir arzuda toplanıb, Ümiddə dağılanlar.

Ölüm ağ yol dünyada, Hələki qal dünyada. Havası bol dünyada, Havasız boğulanlar..

Sirr gəlib,sirr öldülər, Boşaldı yer,öldülər. Müxtəlif cür öldülər, Eyni cür doğulanlar.


SAĞ GƏZDiRiRƏM

Özüm ayaq üstdə ölüb getmişəm, Səni ürəyimdə sağ gəzdirirəm. Qurtara bilmirəm xəyallarından, Canımda çözülməz bağ gəzdirirəm.

Salır hislərimi tora fikirlər, Çəkir yaddaşımı hara fikirlər. Qara saçlarımı ağ gəzdirirəm.

Dünyanın işığı gözüm boydadı, Üz qoyduğum torpaq üzüm boydadı. Həsrətin böyüyüb özüm boydadı, Elə özüm boyda dağ gəzdirirəm.


SÖK QOY YERƏ

Aldadır bizi bu çəki, Kimdi seçən tükdən-tükü. Ağırdı bu bəxtin yükü, Kürəyindən çək qoy yerə.

Durduģun yer boş kimidi, Nə ayaq,nə baş kimidi. Bir damla yaş daş kimdi, Gözlərindən tök qoy yerə.

Burdan belə kələk keçmir, Boğazından külək keçmir. Arzu tutmur,dilək keçmir, Ürəyindən sök qoy yerə.


ÖLÜM GEDiM

Hislərində yaşayım, Özündə ölüm gedim. Göz yaşında boğulum, Gözündə ölüm gedim.

Varam olanlarınla, Yadda qalanlarınla. Gizlə yalanlarınla, Düzündə ölüm gedim.

Çiçək olum yolunda, Bitim qalım yolunda. Açım solum yolunda, izində ölüm gedim.

Gedim əlindən çıxım, Yansan külündən çıxım. Son kəs dilindən çıxım, Sözündə ölüm gedim.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!