Etibar Cavad - Bilməm niyə Rəbbim belə dünyanı yaratdın

2016-09-21 22:46:32 / 20693 dəfə oxunub

Sən niyə bu qədər doğmasan mənə?

Sinəmdə qalanıb sanki od, ocaq, Gözlərim tək səni axtarır ancaq. Sənsiz elə bil ki, canım çıxacaq, Sən niyə bu qədər doğmasan mənə?

Aldığım, verdiyim nəfəs kimisən, Canımdan bir parça, bir kəs kimisən. Könlümü həbs edən qəfəs kimisən, Sən niyə bu qədər doğmasan mənə?

Sənsiz qan ağlaram, ürəyim gülməz, Dünyam yalan olar, ömrə yaz gəlməz. Sənə olan eşqim ölsəm də ölməz, Sən niyə bu qədər doğmasan mənə?

Sənin dərdin, qəmin həmişə sərdə, Sənə olan eşqim yox bir bəşərdə. Sən ki, doğulmadın mənlə bir yerdə, Sən niyə bu qədər doğmasan mənə?

Sən mənim ərşədək ucalan ahım, Sən mənim ən böyük dərdim, günahım. Sən bir bəlamısan, aman Allahım, Sən niyə bu qədər doğmasan mənə?!..


******

Can fədadir desəm, azdır yenə cananə görə, Nədi bir can o gözəl sərvi-xuramanə görə?

Dilə məndən nə dilərsən, verim uğrunda, gülüm, Bülbül etməzmi fəda eşqin i xəndanə görə?!

Yox şikayət qəmi- hicrinlə kecən günlər üçün, Axı eşq əhli yaranmiş qəmi-hicranə görə.

Fəqət, ey şux, dəxi yox aşiqi-zarində dözüm, Verəcəksənsə də, ver dərdini dərmanə görə.

Gəl bir insafə, gunahım nədir, ey mah, de bilim, Ki, edər bunca zülüm kim-kimə vicdanə görə?!

Əyər almaqsa mənim canımı fikrində sənin, Al apar, mən nə deyim ki, sənə bir canə görə?

Etibaram, demirəm ki, məni gəl vəslə yetir, Gəl, görüm fürsət olanda səni, imkanə görə.


*****

Ey külək, əsmə hədər, get mənə ol yarı gətir, Gecəmi gündüz edən sevdalı dildarı gətir.

Saqim ol, süz mənə, süz, mey dolu bir cami, içim, Unudum dərdi-səri, zülmə səbəbkarı gətir.

Ömrümün mənası itmiş, eləyib çarə mənə, Eşqimə türfə nigar, qəlbi qırıq tari gətir.

Yarımın busəsi hər dərdə dəva, dərman olur, Bir udum ətridi xoş, yüz belə əttarı gətir.

Qaralan bir buludam, yağmağa hazır kimiyəm, Sönə bu təşneyi-eşq, yari-vəfadarı gətir.

Ah ilə keçməz ömür, çün saralar can bağımız, Bu payız ömrümə get ol gülü-gülzarı gətir.

Boş xəyal qurmaq ilə üzmə məni, ey küləyim, Nə olar, get mənim o dərdimə qəmxarı gətir.

Etibarın ürəyi vəsli dilər, nalə çəkər, Get, külək, danə gülü, pünhanı, əsrarı gətir!..


******

Bilməm niyə Rəbbim belə dünyanı yaratdın, Cənnətdə ikən dünyada insanı yaratdın.

Nəfs eylədi Adəm babamız buğdanı daddı, Verməkdə qərar Adəmə Həvvanı yaratdın.

Həvva nənəmiz dünyaya bir canı gətirdi, Habil çoxalıb, nifrətə meydanı yaratdın?

Qansız, qadasız görməmişəm dünyanı heç vaxt, Sərvətmi üçün tökməyə al qanı yaratdın?

Səndə gəzir imdadını zalim həmi məzlum, Yarəbbi, nədən gözləri- giryanı yaratdın?

"Qismətdi" deyib alnıma bir yazı yazıbsan, Məzlumlaramı böylə əlifbanı yaratdın?

Vardırsa Cavadın suçu əfv eylə İlahi, Sən yazmağa bu qüdrəti sevdanı yaratdın.


Təklik Allahındır, tənhalıq mənim

Gərək qeyri adi fırça, rəng ola, Rəssam bir tənhanın çəkə hüsnünü. Hər boya ruh ilə həmahəng ola, Əks edə saralan ömür-gününü.

Tənhanın gözünə gələrmiş pərdə, Görərmiş nurda da ala- qaranlıq. Mübtəla olarmış elə bir dərdə, Qurtula bilməzmiş qəmdən bir anlıq.

Baxış dəyişərmiş yaranmışlara, İnsan hər varlıqda məna görərmiş. Xəyallar dönərmiş qaranquşlara, Saman çöplərindən yuva hörərmiş.

Toxuna bilərmiş qaranlıqlara, Danışa bilərmiş dilsizlər ilə. Baş vurub göylərə, əngin qatlara, Əriyib bulud tək dönərmiş selə.

Qara yel əsəndə, nəfəs kəsəndə, Qara buludlardan libas geyərmiş. Sevdiyi yarı da qəfil küsəndə, Qaynar yemək kimi dərd, qəm yeyərmiş.

Tənhayam, nə olsun cox sevənim var, Cismim torpağındır, ruhum göylərin. Təklik Allahındır, tənhalıq mənim, Eşqindən yarandım göy ilə yerin!..


******

Susmur güllə səsi,top-tüfəng səsi, Dünyamız dağılan halda,İlahi. Neyçün yaratdın ki,silah-sursatı, Eldə zəhər olub bal da İlahi?

İtirdik cənnətə tay torpaqları, İtirdik namusu,qeyrəti,arı. Papaq yerə düşdü,yoxdu vüqarı, Kişiyə yaraşmır şal da,İlahi.

Ayı nərəsindən göz kor,qulaq kar, Doğulmur Babəkə layiq uşaqlar. Sənin divlərindən güclülər də var, Bacarmır devlərlə al da İlahi.

"İçird məzlum qanın,içird kirisin, Zalimlər qırmasın biri-birisin. Söydür müsəlmanın hətta dərisin", Coxald süfrəsində yal da,İlahi.

Dön bax şərlə dolu qanlı dünyana, Bu qədər bəladan varmı o yana? Rəhm et,qullarını çıxard bir yana, Qurtar zülm əlindən al da İlahi!..


Bağışla

"Barışmaram sevdiyimlə"- deyənim, Özgəsini necə sevim, bəyənim? Gəl, boynunu bənövşə tək əyənim, Gözlərimdə sel gətirim, bağışla.

Sən gedəli dünya olub başa dar, Bahar fəsli saçlarıma yağır qar. Deyirsən ki, ürəyimdə özgə var, Dəlmək üçün mil gətirim, bağışla.

Ay nərgizim, ay sümbülüm, süsənim, Gah inciyib, gah barışıb, küsənim, Qorxu çəkib, dil-dodağı əsənim, Qönçə qızılgül gətirim, bağışla.

Ölüm gəlsə bu eşq üçün ölməyə, Ürəyimi tək səninlə bölməyə, Bu niskili, bu həsrəti silməyə, Peyman kəsən dil gətirim, bağışla.

Qurban deyim sənlə keçən hər çağa, Qoyma ürək həsrət ilə donmağa. Eşqimizdən qalan közə yanmağa, Külək olum, yel gətirim, bağışla.

Etibaram, Ayım, Günüm, gəl mənə, Sevgi dolu dünyanı qaytar yenə. Məndən küsüb ağladığın hər günə, Sevinc dolu il gətirim, bağışla!..


Gəlmədi

Verdi soz gullər acar, gələr baharım, gəlmədi. Ötdü yaz, gəldi payız, nazlı nigarım gəlmədi.

Can yaxar yar həsrəti, can almaga yar vəsli yox, Ey gozum, qan agla, çün ceşmi xumarım gəlmədi.

Qəm mənim, həsrət mənim salmış səri-kuyimdə yurd, Mən cox istərdim dözəm, səbrim, qərarım gəlmədi.

Nola bir rəhm eyləsin, yar verməsin artıq əzab. Yetsə də cananıma sevda şüarım, gəlmədi.

Gülmərəm, köksümdə var cox qüssə,dərd, qəm aglaram, Bagrımı qan eyləyən nazəndə yarım gəlmədi.

Varı yoxdan var edən sənsən, kömək ol bəndənə. Bəndələrdən yaxşılıq, pərvərdigarım, gəlmədi.

Etibar, eşq bilməyən canana yoxdur etibar, Görsə də coxdur mənim qəm, intizarım, gəlmədi.


Mən üşüyəndə

Gəlinlik donunu geyinir torpaq, Rəqs edir havada qar çiçəkləri. Göydən almaz yağır elə bil yerə, Bəzəyir torpağı ağ ləçəkləri.

Qalır ayaq altda bu gözəlliklər, Onları əzənə acığım gəlir. Sıxılır qəlbim tək istəyir aman, Solan çiçəklərə yazığım gəlir.

Üşüyür necə də sevən ürəyim, Kaş indi yanımda olaydın gülüm! Qar kimi ağappaq əlinlə yenə, Oxşayıb könlümü alaydın,gülüm!

Göylərdə oynayan çiçəklər kimi, Qırıq qanadımla uçmağım gəlir. Ruhum əsir düşür xəyallarıma, Bu soyuq yuvadan qaçmağım gəlir.

Bilmirəm yatıbsan yoxsa oyaqsan, Bəlkə yatağında donursan sən də. Odu öləziyən küskün şam kimi, Titrəyib sönürsən mən üşüyəndə...


Payız ömrün enişidir

Payız gəldi, əsdi yellər, Bağçalar, bağlar saraldı. Susdu nəğməkar bülbüllər, Baxdıqca səbrim daraldı.

Qaranquşlar köçüb getdi, Yetim qaldı yuvaları. Havadan qış ətri gəldi, Qaladılar sobaları...

Xəzan yeli əsən kimi, Budağından düşür yarpaq. Köç eyləyən insan kimi, Qucur onu qara torpaq.

Payız ömrün enişidir, Sökülürsən pillə-pillə. Xəzan sonun gəlişidir, Yox olursan zərrə-zərrə.

Gözəllikdən dolub daşsa, İnsan dünyada əzəldi. İlk baharın sonu qışsa, Ömrün payızı gözəldi.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!