Xəyalə Sevil - Qapından qayıdır dualarım da

2016-09-23 22:07:18 / 7410 dəfə oxunub

Ay da bükübdü boynunu

Yenə xatirələr yadıma düşüb, Yuxum da gəlmir ki , yatım tərs kimi. Hər nə yaşadıqsa sənlə, Bir azı mənə təsəlli, Bir azı mənə dərs kimi... Başımın üstündə yanan ulduzlar Mənim dərdimə yanıb. Ay da bükübdü boynunu, Anam kimi dayanıb. Axıdımmı gözlərimin yaşını, Həsrəti diri gətirim. Ya ufurum ulduzları şam kimi, Gedim səhəri gətirim?



Bu başqa cür uzaqlıqdı

Onda Ürəyim çərpələng idi, Hər səni görəndə uçurdu havada. İndi Gözlərim yaş yuvası, Yaş da qalmır yuvada.

Bu başqa cür uzaqlıqdı. Anlaya bilirsənmi? Mən əzbər bilirəm darıxdığını, Bəs özünü uşaq kimi Danlaya bilirsənmi?

Ürəyim sevən qızcığaz, Ağlım dəlisov qardaşı. Bu da təsəlli özümə- Unudaram uzaq başı.



Pəncərə

Külək əsir pəncərəmdə, Ağacların kölgə-kölgə ruhu gəzir pəncərəmdə, qorxu gəzir pəncərəmdə...

Pəncərəmdən çöl görünür, Uzun, arıq yol görünür. Bu çöllərin adamı yox, Ümid hanı, o damı yox?! Xatirələr dul görünür.

Ömrü il-il ötürürəm, Səhər gəlir, axşam düşür. Tanrı yandırır şamını, Göy üzündən "ay şam” düşür.

"Ay şam” düşür ürəyimə, Ürək ala - qaranlıqdı. Səndən nə ömür qalıbsa, Sənsiz üzü o yanlıqdı.

Pəncərəmin çölü sənsiz, Pəncərəmin içi sənsiz. Bilsən necə darıxıram, Bilsən, sənin üçün, sənsiz.



Kim deyir ki…

Kim deyir ki, Bu dünyanın bir üzü var. Göy üzü var, Yer üzü var, Dünya iki üzlüdü...

Göyü əynimdən çıxarıb Yeri geyinim gərək. Bu dünyanın altını Üstündən çox bəyənim gərək...

Bu yaz bir az da Böyüyəcək qəbrlər. Ölülər cücərib çıxacaq Torpağın üstünə. Və dünyanın ən təmiz Həqiqətini söyləyəcək: "Ölüm.”



İllər sonrakı görüş

Nə yaman gec qayıtmısan? Səni elə gözləyirdim. Deyirdilər dönməyəcək, Bilə - bilə gözləyirdim.

Eh, soruşma ürəyimi, Yadın olub, yadın olub. O qızcığaz da böyüyüb, Qadın olub, qadın olub.

Daha sənə aldanmağa Böyüyübdü, ağlı qoymaz. Dayanma yolum üstündə, Qızı qoysa, oğlu qoymaz.

Baxma səni görən kimi Gözlərimi yaşlamışam. Deyirsən: "bağışla məni” Mən çoxdan bağışlamışam. O illərin arxasınca Ayım gedir, ilim gedir. Bu gün bizim toyumuzdu, Göz yaşlarım gəlin gedir..



Göyün üzü göy divardı

Axşam düşür. Qaranlıq pərdə kimi Çəkilir pəncərəmə, Qaralır evimin rəngi Və tənhalıq başlayır... Tavanı çökmüş evdi gözüm, Damır, damır yanağıma. Üzü sənə sarı Yol da uzanıb, Böyüyüb ayağıma. Eeeh! Bircə bacarasan ölməyi, Gözlərini sulu çəkəsən Sənsiz, quru dunyadan. Heyif... Göyün üzü göy divardı, Çıxmaq olmur bu dünyadan.



Bir qadın var

Bir qadın var, Hər gecə dayanır Pəncərənin önündə, Axıdır gözlərinin yaşını. Gözləyir Ölən həyat yoldaşını. "İndicə gələcək” deyir, Sorusan qonşuya, yada. "Bir az gecikib bu gecə, Belə də olur arada” Və susur... Susur sora da. Sözləri Qırılıb düşür dodaqlarından. Qolları özünü Çiynindən atır. O qadın bilir ki, O kişi ona xəyanət edir. Torpağın qoynuna girib Vəə yatır...



Asaram özümü göyün üzündən …

Buludların ac it kimi Elə hürür ki, üstümə, ilahi, Məni yağışın tutacaq. Qapından qayıdır dualarım da, Məni qarğışın tutacaq. Ömrüm il - il tökülür, Daşlayıblar ömrümü. Bir ulduzsuz gecəyəm, Bir kimsəsiz küçəyəm. Bu dəlisov yağışlar Xoşlayıblar ömrümü. Eh! Daha əlimi açmaram sənə, Eh! Daha əllərim qoynumda qalar. Asaram özümü goyün üzündən, İlahi, ölümüm boynunda qalar.

Son xəbərlər
QHT müqavilələr bağladı
2019-06-12 12:13:43
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!