Zaur Əsgərov - QARABAĞIM,YUVASISAN ARZUMUN

2016-09-24 09:30:00 / 6638 dəfə oxunub

Əsgərov Zaur Eyvaz oğlu 1979-cu ildə Neftçala rayonunun Həsənabad qəsəbəsində doğulub. Bakı Dövlət Universitetinin filologiya fakultəsini bitirib. Şerləri dövrü mətbuatda mütəmadi olaraq dərc olunur. "Günəş ömrü istəyirəm” adlı bir şerlər kitabı çapdan çıxıb.










QARABAĞIM, YUVASISAN ARZUMUN

Coşub-daşan, bu qaynayan ürəkdir, Qarabağım, yuvasısan arzumun. İstəklərim yaz bağında çiçəkdir, Qarabağım, yuvasısan arzumun.

Otlarının xışıltısı olaram, Yarpağının pıçıltısı olaram, Sularının şırıltısı olaram, Qarabağım, yuvasısan arzumun.

Mən dönəydim dumanına, çəninə, Başın əymiş dolu sünbül dəninə, Söz deyəydim gecə-gündüz şəninə, Qarabağım, yuvasısan arzumun.

Ətirlənib çöllərinə hopaydım, Külək olub dağlarından qopaydım, Ormanında at belində çapaydım, Qarabağım, yuvasısan arzumun.

Həsrət dağın dağıdacam, böləcəm, Gözlərimdə günəş nuru gələcəm, Şadlğını görüb qəlbən güləcəm, Qarabağım, yuvasısan arzumun.


ORDADIR

Sıxılır həsrətdən canımda ürək, Təngiyir nəfəsim, havam ordadır. Hanı Cıdır düzüm, hanı Topxanam, Qəribəm bu yerdə, obam ordadır.

Niyə tapdalanır torpağım, niyə? Məgər ölmüşəmmi? Yad olub yiyə. Əllərim açılıb bu sonsuz göyə, Qurduğum od-ocaq, yuvam ordadır.

Zauram, mərdliyim, dəyanətim çox, Tükənməz gücüm var, cəsarətim çox, Hələ döyüşməyə şücaətim çox, Qan içən azğınla davam ordadır.



ÜZÜNDƏKİ QARA XAL

Saçlarda zər kəhkəşan, Qızıl tacın telə şan. Baxışından bir nişan, Üzündəki qara xal.

Sevməyənlər naşıdır, Ürəyim sirr daşıdır, Qruyan göz yaşıdır, Üzündəki qara xal.

Gördüyüm o al buta, Könlümü bir ovuda. Həsrət, ağrı, dərd, xata- Üzündəki qara xal.

Canımdan kül od aldı, Yanğısından ney çaldı, Ürəyimə xal saldı, Üzündəki qara xal.


SÖZ

Baldır sözün şirinliyi, Dadı dildə, ürəkdədir. Mənası var çalar-çalar, Hüsnü əlvan ləçəkdədir.

Söz qalar yer üzərində, Ucalar el nəzərində, Güc-qüvvəti kəsərində, Nə əldə, nə biləkdədir.

Ay Ərmuğan, yanan kəsdir, Söz göylərdən gələn səsdir, O, elə bir müqəddəsdir, Qanadları mələkdədir.



BƏNÖVŞƏ

Nədən incimisən, qəmlidir halın?! Söylə, kim küsdürüb. danış, bənövşə. Bəlkə az oxşayıb sığalım səni, Gəl, keç günahımdan, barış, bənövşə.

Sənin gözəlliyin başqa tamaşa, Otlar əl-qol atır, çıxır savaşa, Bu torpaq bürünüb yaşıl qumaşa, Sən də qumaş üstə naxış, bənövşə.

Zərif vicudunda kövrəkliyin var, Nədən çəkinirsən, ürkəkliyin var?! Gizlətmə, bilirm göyçəkliyin var, Dinir gözlərində baxış, bənövşə.

Soyuqmu sızladır titrək qəlbini? Qırovmu daraldıb daha səbrini? Şəfəqlər güldürər doyunca səni, Nəğmə də oxuyar yağış, bənövşə.

İçimi yanğıyla yoğurma belə, Gözümü qan-yaşla doyurma belə, Könlümü könlündən ayırma belə, Nəfəsim ruhuna tanış, bənövşə.

Ərmuğan aldanmaz ərisə də qar, Bir gün çıxıb gedər bu gələn bahar, Mənim hər arzumda əbədi yaz var, Sevgimin nuruna qarış, bənövşə.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!