Aqil Abbas: “Bunu Ramiz Əzizbəylidən gözləməzdim”

2016-10-13 13:39:01 / 1074 dəfə oxunub

Xalq artisti, tanınmış rejissor və aktyor Ramiz Əzizbəylinin kinomuzun son vəziyyəti haqqında səsləndirdiyi fikirlər birmənalı qarşılanmayıb. Hətta bu, qalmaqala səbəb olur. Xalq artistinin "Son 10 ildə çəkilən filmlər ”vozduxdur"" deməsi deputat, Azərbaycan Yazıçılar Birliyinin üzvü Aqil Abbası hiddətləndirib.

Deputat xalq artistini rejissorların işini, zəhmətini yerə vurmaqda suçlayıb: "Ramiz Əzizbəyliyə həm rejissor, həm də sənətkar kimi böyük hörmətim var. Amma Ramiz Əzizbəyli deyir ki, son 10 ildə çəkilən filmlər ”vozdux"dur. Halbuki son 10 ildə çox gözəl filmlər çəkilib və həmin filmlər beynəlxalq festivallarda nümayiş olunub, layiqli yerlər tutublar. Son 10 ildə çox yaxşı filmlər çəkilib axı. İndi bir-bir adlarını da çəkə bilərəm. Ramiz müəllimin belə bir söz deməsini heç gözləməzdim".

Aqil Abbas onun eyni adlı romanına çəkilən "Dolu” filmini son illərdə çəkilən ən baxımlı film adlandırıb:"Mənim ”Dolu" filmimə gəldikdə isə o film youtbe-da 3 kanalda qoyulub. Təxminən 300 min adam o filmə baxıb. Hələ Azərbaycan dilində olanını deyirəm. Onun alt yazısı ilə türk, gürcü, rus variantı da var. İnternet resurslarında onların hamısını yerləşdirməmişik, yalnız azərbaycanca olanıdır. Ermənilər də o filmə baxıb və təhqir, söyüş yazıblar. Başqa millətlərdən də ona baxanlar olub. Baxmışam, hətta film haqqında 420 şərh var. Sözümü ona gətirirəm ki, o romanı mən yazmışam, 20 ilə yazdığım romandır, içimdə yaşatdığım, həyatda yaşadığım romandır. Yəni o filmdə nə varsa hamısını yaşamış adamam... Döyüşlərdə qucağımda ölənlər, əlimə dəfn etdiyim insanlar...

Yaxud gedib ermənilərin cəsədlərini gətirmişəm. Yəni o insanları görmüşəm, yaşamışam, yazmışam.

Film çox böyük uğur qazanıb. Filmi əməkdar incəsənət xadimi Elxan Cəfərov çəkib. O, bir çox savaş filmləri çəkib. Hamısı da uğurludur. Yəni bu dərəcədə filmlərə yuxarıdan aşağı baxmaq... Bunu, sadəcə, Ramiz Əzizbəylidən gözləməzdim, vəssalam. Ona böyük hörmətim var, amma rejissorların əməyini, zəhmətini yerə vurmasın!"

Deputat yeni çəkilən filmlərin az təbliğ olunmasından da şikayətləndi:"Televiziyalar yeni çəkilən filmlərə çox az müraciət edir. Məsələn, ”Əhməd haradadır?" filmini hər həftə bir televiziya kanalı nümayiş etdirir. Keçmiş filmləri daha çox göstərirlər, nəinki yenilərini. Görünür, keçmiş filmlərə pul vermirlər, amma yenilərə 50-60 manat vermək lazım gəldiyi üçün onlara müraciət etmək marağında deyillər. "Dolu” kimi filmləri də işğal, müharibə günləri bütün kanallar verir. Baxanda mən də pərt oluram. Başqa günlər onları göstərmək ayıbdır?"



Son xəbərlər
FİFA-ya tarixi cəza
2017-01-21 13:55:28
Siqaretlər bahalaşıb
2017-01-21 13:43:04
Deputatlarımız Maliyə gedir
2017-01-21 12:37:57
Millimiz 9-cu oldu
2017-01-21 12:12:06



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws