Məmmədova Xatın - Allahın hökmü

2016-10-22 12:24:32 / 13784 dəfə oxunub

Allahın hökmü

Əzilir həyatın keşməkeşində,
Yanğısı, əzabı içində gəzir.
Arzusu çin-çindi, istəyi min-min,
Ancaq xəyalların köçündə gəzir.

Gəzməyi müşküldü, taleyi acı,
Təhlükə olarsa qaça bilməız ki.
Elə bərkiyib ki, əyriş-arğacı,
Cözülə bilməz ki, aça bilməz ki.

Nisgilli dünyası, qəhərli ürək,
Zilləti, ağrısı bağrı başında.
Qisməti, ağrısı bu imiş demək,
Şikəst olmalıymış körpə yaşında.

Hər nəfəs aldığı hər günə şükür,
Balamı incidən dərdi yük mənə.
Allahım verdiyin dərdinə şükür,
Nə deyə bilərəm sənin hökmünə.


Unutdun

Axı unudulan mənəm deyəsən,
Nə vaxtdır arayıb tapmırsan məni.
Uzaqda gəzirsən, üzün görünmür,
Gönlündən qopardın, çox asan məni.

Sənin buz ürəyin sırsıra tutub,
Əritməz yayın da istisi belə.
Mənə məhəbbəti çoxdan unudub,
Sönmüş ocağının tüstüsü belə.

Get daha uzaqda dolan, gəlmə, keç,
Bağladım həsrətlə talan könlümü.
Unutdun, qədrini bilmədin ki, heç,
Bir zaman sən sevib alan könlümü,

 

Çağır ,sən məni

Yaz məni qəlbinə, sözünə tanıt,
Ara, baxışına, gözünə tanıt.
Sev ki, alovuna, közünə tanıt, 
Çağır, sən məni!

Dağları, daşları aşıb gələrəm, 
Dəli selə dönüb, daşıb gələrəm.
Sənin qismətinə düşüb, gələrəm,
Çağır, sən məni!

Nəğməyə çevrilim dilində sənin,
Mən gözəl çiçəyin, gülün də sənin.
Mənim diriliyim əlində sənin,
Çağır, sən məni!

Yer üzü, göy üzü bizim olacaq,
Mənim də qəlbimdə közüm olacaq.
Sənə deyiləsi sözüm olacaq,
Çağırsan məni.


Ürəyimi

Tale etdi didim-didim
Kül olacaq ürəyimi.
Buz tək qəmə tuş elədim,
Bu od-ocaq ürəyimi.

Təsəllisi bircə udum,
Gözümdəki zərlə yudum.
Dan yerinə, günə tutum,
Yaş dolacaq ürəyimi.

Dərdlərinə özü məzar,
Öz bəxtini özü yazar.
Dönsə üzü, düşsə bezar,
Kim alacaq ürəyimi?

Küsdürməyi bir günah san,
Barışmağı bilmə asan.
Daha çətin qaytarasan
Ayrılacaq ürəyimi.

 

 

Neyləyim

Bir quş idim,sənsə qoşa qanadım,
Qanadlarım qırılıbsa neyləyim?
Ağır-ağır şələlərin altında
Zərif çiynim yorulubsa neyləyim?

Necə çəkim ikimizin yükünü,
Bu taleyin,qara bəxtin hökümü.
Mən nisgilli bir bənövşə bükümu
Həsrətimlə sarılıbsa neyləyim?

Ruzigarın qarşısında vücudum,
Acı yedim,sevinc varmı bir udum?!
Yoxluğunu necə danım,unudum,
Ümidlərim qırılıbsa neyləyim?!

Arzularım sınıq düşüb, sozalıb,
Gözüm,könlüm qəhərimdən söz alıb.
Sənsiz günüm,gücüm,qüvvəm azalıb
Dünya mənə dar olubsa,neyləyim?!

Gəl yuxuma,buna qalıb gümanım,
Yaradandan mənə səbr umanım.
Başım üstən çəkilırmi dumanım,
Vaxtım,vədəm daralıbsa neyləyim?!

 


Daş dünyası

Qara daşın xatirəsi oyansa,
Qndan keçən sel yadına düşəcək.
Qum yaddaşı,torpaq səsi oyansa,
Göyərtdiyi gül yadına düşəcək.

Hər çiçəyin öz düzəmi,öz sanı,
Qızılgülün qucağında tikanı.
Bənövşənin dəyişdirsən məkanın
Harda olsa kol yadına düşəcək.

Qürbət yerə meyl eyləyən,yol alan,
Yad diyarın nemətiylə dolanan,
Ömrü keçib,vaxtı,günü daralan-
Son nəfəsdə el yadına düşəcək.

Daş ürəkdə eşq-məhəbbət cücərsə,
Baharlanıb günəş nuru içərsə,
Həsrət adlı bir ilğımdan keçərsə
Bəmdə yanıb kül yadına düşəcək.

Xatın,dostun atdığı daş yaradır,
Acı sözü ürəkdə qəm yaradır.
Şirin olsa yar kəlməsi,yar adı
Dərdə dərman yar yadına düşəcək

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!