Balayar Sadiq - Zəfər yollarının gözləri dolub.

2016-10-23 10:00:24 / 18933 dəfə oxunub

Əliyev Balayar Sadıq oğlu 1965-ci ildə Lerik rayonunda anadan olub. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib.İlk şeiri 1983-cü ildə "Lənkəran” qəzetində çap olunub.Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.




Şəhid arzusu tək gülümsə, Vətən.

 

 (sonetlər çələngi)

 

 

I

 

Bir oğlun dönmədi döyüşdən, Vətən,

Yıxıldı torpağa bir döyüş yolu.

Dişini-dişinə sıxıbdı qisas,

Zəfər yollarının gözləri dolub.

 

Dözməkdən dözümün bağrı çatlayır,

Səbri doluxsunub qayanın, daşın.

Torpaqda can verir bir əlçim ümid,

Papağı boş qalıb qoca yaddaşın.

 

Qəhqəhə çəkərək güldü güllələr,

Ölümün əlində güldü güllələr,

Haqqın meydanında hər gün döyüşdü.

 

Yayınmaz əcəlin kimsə gözündən,

Güllələr ölümün öpdü üzündən

Bir alın yazısı torpağa düşdü.

 

 

II

 

Bir alın yazısı torpağa düşdü,

Bir misra isindi qucağın, Vətən.

Közü xınalanıb şəhid qanıyla

Heç vədə üşüməz ocağın, Vətən.

 

Üzü qançır olmuş bu çöl, bu çəmən,

Bacı ismətidi, ana namusu.

Mərmilər xətrinə elə dəyib ki,

Daşıb daşlığından daşlar da susub.

 

Bəxti oğurlanıb haqq dərgahından,

Mələklər diksinir yurdun ahından, -

Ünvansız məktubdu bu oba, bu el.

 

Güllələr danışdı, güllər ağladı,

Bir bayraq alnına qara bağladı,

Qorqud qopuzunda əridi bir tel.

 

 

 

III

 

 

Qorqud qopuzunda əridi bir tel,

Bir ümid nəgməsi yumdu gözünü.

Qeyrətin papağı boş qalan gündən,

Son arzu özündən atdı özünü.

 

Soyundan boylanan hünərə boylan,

Tarix unutmayıb, tarix ad çəkir.

Hələ də Babəkin qanlı qolları,

Azadlıq sözünə salavat çəkir.

 

Qanımda kişnədi qəfil ildırım,

Əyildim qeyrəti yerdən qaldırım, -

Bir ovuc ümid də əlimdən düşdü.

 

Insafmı xar gülə, boynun gül əyə?

Bir qartal harayı gəldi gülləyə.

Səngərdə bir əsgər yeri üşüdü.

 

IV

 

Səngərdə bir əsgər yeri  üşüdü,

Yurdun ocağında diksindi bir köz.

Döyüşçü qanını alnına yaxıb,

Hünər nəğmələri alışdı söz-söz.

 

Sən demə, bir şəhid sinəsi imiş,

Vətən, ümidin də, ümid yerin də.

Qisas pıçıltısı göyərir hər gün,

Qərənfillər öpən ümid yerindən.

 

Tale üz çevirdi bu doğma yurddan,

Çaqqallar pay umdu yaralı qurddan.

Fələk ərənləri belə təklədi.

 

Mərmi alovunda dil açdı torpaq,

Şəhid oğullardan danışdı torpaq,

Daşların ovcunda qan çiçəklədi.

 

 

V

 

Daşarın ovcunda qan çiçəklədi,

Qarışdı kövşənin, çölün yuxusu.

Yurdu məhlə-məhlə, ev-ev dolaşdı,

Bığ yeri tərləyən qeyrət qoxusu.

 

Diz çöküb öpdüyü üçrəngli bayraq,

Onu vətən kimi bağrına basdı.

Göydən salamına gəldi mələklər,

Ölüm həyacandan yolunu azdı.

 

Payız yarpağıdır bu təsəllilər,

Neçə "ata sözü”, "zərbi-məsəllər”,

Çırpıb yumruğunu çıxdı özündən.

 

Gizli bir sevginin gözləri doldu,

Bir igid sinəsi laləzar oldu,

Şəhid ətri gəldi "oğul” sözündən.

 

 

VI

 

Şəhid ətri gəldi "oğul” sözündən,

Alnına gün doğdu qəhrəmanlığın.

Şəhid köksündəki güllə yerindən,

Bəxti gülümsədi ana torpağın.

 

Kişnədi damarda qanın yaddaşı,

Bir ömrün içində yüyürdü "Cəngi”.

Sonuncu harayı basdı bağrına,

Üçrəngli bayrağın sonuncu rəngi.

 

Kim belə isladıb göz yaşlarını?

Gördü bir ananın baxışlarını,-

Başını götürüb qaçdı fələklər.

 

Azadlıq bir misra qalxdı ayağa,

Şəhid məzarını salamlamağa.

Kövrələ-kövrələ endi mələklər.

 

VII

 

Kövrələ-kövrələ endi mələklər,

Şəhid məzarından göylərə sarı.

Şükür hikrmətinə, şükür, İlahi,

Nə uca yerdədir şəhid məzarı.

 

Mərmi alovunda islanan yurdu,

Bir şəhid əlləri günəşə sərdi.

Min ildi dünyanın sevinci boyat,

Min  ildi kədəri təzədi, tərdi.

 

Qeyrət çöllərində at çapır ürək,

Ümidlər bir dəstə bal arısı tək,

Qonub şirə çəkir "Vətən ” sözündən.

 

Gözünün yaşını ovcunda büküb,

Bir səs ayaqyalın yerə diz çöküb,

Cavan bir hünərin öpdü gözündən.

 

VIII

 

Cavan  bir hünərin öpdü gözündən,-

Ürəyi partladı qərənfillərin.

Yaman uzun imiş dərdin yolları,-

Xəbəri oldumu görən illərin?!

 

Bir el havalanıb yurd həsrətindən,

Düşübdü fələyin gözü dağlara.

Vəfasız bilməsin didərginləri,

Allahım, yetir bu sözü dağlara.

 

Ömrü həsrət qoxur ötən hər anın,

Nisgili çağlayan bu el-obanın,

Sevgi möhürü var ürəklərində.

 

Yurdum, sönən deyil çatdığın ocaq,

Ümid yağışları bir gün yağacaq,

Bir gün çiçəkləyər çiçəklərin də.

 

 

IX

 

Bir gün çiçəkləyər çiçəklərin də,

Bulaq-bulaq daşar gülüşün, Vətən!

Ömrü qürub edər həsrətin, qəmin,

Başlanar zəfərlə görüşün, Vətən.

 

Hər sözün canında inam işığı,-

Başına duz çevir bu misraların.

Burnuna üzərrik qoxusu dəysin,

Üzü qələbəyə gedən yolların.

 

Bahar köynəklidir əsən yellərin,

Üzü yurd yerinə baxan ellərin,-

Qaranquşlar uçur diləklərində.

 

Zəfər duygusuyla verib baş-başa,

Ümid bağçasında gülləri oxşa,-

Həsrət qoxusu var ləçəklərində.

 

X

 

Həsrət qoxusu var ləçəklərində,

Könlünü alan yox bu çiçəklərin.

Şuşa ətirlidir  gözündə yuxu,-

Çin olsun, ay Vətən, görəcəklərin.

 

Qalx, götür "Şəhidlər xiyabanı”nı,

Döyüş bayrağı tək alnına sarı.

Qələbə andı tək döyüşə yolla,-

"Bayraq meydanı”nı Şuşaya sarı.

 

Yetər yurd yerində ümid mələdi,

Bəlkə bu həsrətə üsyan elədi.-

Səbrinə dözümün külün səp, Vətən.

 

Damarda Şuşanın donan vaxtıdı,

Dərdlərin laləyə dönən vaxtıdı,

Könlünə qəm qonmuş gülümsən, Vətən.

 

XI

 

Könlünə qəm qonmuş gülümsən, Vətən,

Dağıt saçlarını qəbrimin üstə.

Fələk nə müddətdir qəm daşlarından,

Bir saray ucaldıb səbrimin üstə.

 

Bəs niyə kişnəmir qisas alovu,

Hanı bu torpağın sağ qalanları?!

Qırmızı-qırmızı düzməyin daha,

Şəhid qəbri üstə ağ yalanları.

 

Ümidim – qocalma, bəxtim- qarıma,

Söykəyib başını misralarıma,

Ağlayır içimdə yurd xısın-xısın.

 

Zəfər ətri dəyir sözün burnuna,

Üzərrik yandır bu niyyət uğruna,

Döyüş nəğmələri yollara çıxsın.

 

XII

 

Döyüş nəğmələri yollara çıxsın,

Səngərə sığmasın hünərin sözü.

Bir xəbər yollayın Zəfər kişiyə,

Yığışmır yollardn yolların gözü.

 

Şuşa dağlarına sənsiz yaz gəlib,

Həsrətdən torpağın səbri üşüyür.

Alnına şəhidlik yazılan igid,

Hələ qazılmamış qəbrin üşüyür.

 

Qisas zəngi çalır şəhid məzrı,

Qeyrət necə udur bu ahu-zarı? -

Barı çıxsın çölə, bir bəri baxsın.

 

Bu qədər unutmaz adam adamı,

Bir misra yaxına cağır Ağdamı,-

Zəfər müjdələri əlini sıxsın.

 

XIII

 

Zəfər müjdələri əlini sıxsın,

Fərəhdən gün düşsün adına, Vətən.

Şuşada, Laçında unudulmusan,-

Adını salıram yadına, Vətən.

 

Bir ömür çiynində yol eyləmişəm,

Barı bircə dəfə çiynim üstə qalx.

"İsa bulağı”na oxşat gözümü,

Üçrəngli bayrağı göz yaşıma tax.

 

Bir səs daşa basır qan yaddaşımı,

Bir sual övkəylə kəsir qarşımı,-

Ümidər gülərmi, gülməsə, Vətən?!

 

Arzular sevincdən yaman kövrəlir,

Hünər Qarabağı salama gəlir,-

Şəhid arzusu tək gülümsə, Vətən!

 

 

 

XIV

 

Şəhid arzusu tək gülümsə, Vətən,

Qoy zəfər yolunun dodağı qaçsın.

Havadan qələbə qoxusu gəlir,-

Söylə arzulara qapını açsın.

 

Qarşıdan ağatlı bir gün əl edir,

Çiçəyi çırtlamış o günə bir bax.

Hər əsgər ürəyi güzgündü, Vətən,

Səngərdən asılmış güzgünə bir bax.

 

Ruhum zirvə-zirvə qalxır ayağa,

Inam bayrağını uca tutmağa,

Hər gün misra-misra döyüşürəm mən.

 

Dərdlərin ömrünü əlinlə daşla,

Şəhid hünərini durub qarşıla,-

Bir oğlun dönmədi döyüşdən, Vətən.

 

 XV

 

Bir oğlun dönmədi döyüşdən, Vətən,

Bir alın yazısı torpağa düşdü.

Qorqud qopuzunda əridi bir  tel,

Səngərdə bir əsgər yeri üşüdü.

 

Daşların ovcunda qan çiçəklədi,

Şəhid ətri gəldi "oğul” sözündən.

Kövrələ-kövrələ endi mələklər,

Cavan bir hünərin öpdü gözündən.

 

Bir gün çiçəkləyər çiçəkərin də,

Həsrət qoxusu var ləçəklərində,-

Könlünə qəm qonmuş gülümsən, Vətən


Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!