TƏRLAN ƏBİLOV - Çıxış yolu deyildir baş götürüb getmək də

2016-10-25 19:04:44 / 11671 dəfə oxunub

ƏSRİN ŞEİRİ! 

Bir iynə-sap gətir, tikib – yamaq-yamaq sevim səni. Bük qəddini, əy belini, yumaq-yumaq sevim səni. Bəslən, boy at, uzan göldə, Balıqlar uduzan göldə. Qurbağalar üzən göldə zanbaq-zanbaq sevim səni. Pozulmaq yoxsa yazıya, Lüzum yox şeyxə, qazıya, Gəl qarış qoyun-quzuya, çomaq-çomaq sevim səni. Soyunmaqdandırsa oyun, Fərqi yoxdu əslin, soyun. Ağıllı-ağıllı soyun, axmaq-axmaq sevim səni...



*** Sən Anjelina Coli deyilsən, Nikol Kidmana da bənzəmirsən heç, Jennifer Lopez sayağı da sğortalanmayıb bəzi bədən üzvülərin. Barmaqların hərarət ölçən cihaz, belin qədəh beli kimi incə. İçkiyə qurşanan əyyaşlar kimi hər dəfə başıma çəkirəm ətrini, tüpürə-tüpürə Hollivudun ulduzlarına...



İYUL SALATI

Sevdim, amma bircə dəfə adına şeir, bircə dəfə adını şeirə yazmadım. Qorxumu, qısqanclıqmı? – bilmirəm.

Bax yenə doğum günümə az qalıb, cibim boş, kafam doludur, yamaq-yamaqdır ürəyim, validol kimi dilimin altına qoymuşam adını.

Bax yenə altı hərfdən ibarət ziyafət təşkil eləmişəm iyula. Masanın üstündə nə desən var – gülür üzümə güldandakı Gül, təbəsüm eləyir üzümə boşqabdakı Nar...



*** Sevdanın şirinini gəzirsənsə uzaq dur, sənə görə deyil üzümdəki bu ciddilik, sənə görə deyil əynimdəki bu kasıblıq; illər sonra güzgüdəki əksimə baxa bilmək üçün mənə acı-acı gülməyi öyrətdi həyat. Əli, ayağı ağır adamam mən; sevsən qiblə, getsən yol tapılmaz sənə... Boyat çörəyəm, üstümə aşmış dirəyəm, ayağıma yerləşməyən yolam, aldatmasın səni gözlərimin yaşılı. Sevdanın şirinini gəzirsənsə, – uzaq dur, zəkkum dadır canımda... Şit çıxmasın deyə şeirlərim, yaramın üstünə duz basır zaman...


BİR MƏNƏM, BİR PAYIZ, BİR CIĞIR....

Evimin qapısı taybatay açılıb bir gedən cığıra. Payızın rəngində bir səslə qalmışam çığıra-çığıra. İndi bu yağışın altında bir mənəm, bir payız, bir cığır. Göylərin sinəsin çatdadır küləyin qəzəbi, acığı. İndi bu yağışın altında o cığır küləklə diz-dizə. Saralmış varaqtək bu payız çevrilir bu üzdən o üzə. Yaxşı ki, sənsiz də könlümü ovudan payız var, cığır var. Yıxılıb qaldığım cığırda sonda da ölməyib umudlar. Sənsiz də ğöylərin altında başımı dizinə qoyan var – üstümdə bir qadın misalı ağlaya bilirlər buludlar...


HARA GEDƏSƏN? Çıxış yolu deyildir baş götürüb getmək də, qayıtmağa yol yoxsa durub hara gedəsən? Dünyanın hər yerində sıxlıqdı, sənə məndən bir açılan qol yoxsa durub hara gedəsən? Gözsüzlükdü göz ummaq hər şeyə göz yumandan, Getsən, dağlar baş açmaz başındakı dumandan. Gör nə qədər vaxt ötüb gül gəzdiyim zamandan, gül olmağa kol yoxsa durub hara gedəsən? Gecələr sap deyil ki, keçə iynə gözündən, Üzün gülməsə yağmaz nur səhərin üzündən. Lap gizlənmək istəsən bir gün özün-özündən, arxanca "sağol” yoxsa, durub hara gedəsən? Əlindirsə göylərin ətəyindən sürüşən, Yoxsa bir xatırlayan, yoxsa bir yada düşən. Kim basacaq bağrına qalın-qalın üşüsən? qısılmağa sol yoxsa durub hara gedəsən? Sən uduzduğun şeytan məni satıb iblisə, İnanmaram yüz kərə bais sənsən kim desə. Daha mənə bənzəmir ürəyində kimdisə, xatirə, xəyal yoxsa durub hara gedəsən? Hara getsən bu ömür orda pərən-pərəndi, Yox işıq gələn tərəf, hər tərəf it hürəndi. Bu dünya sevgiləri sevgisiz bitirəndi, bir nimdaş sığal yoxsa durub hara gedəsən?


*** Hər şeyin bol olduğu bir vaxtda, ehtiyac içində yaşamaqdır insanları sevmək, getməyə, qayıtmağa bir yol tapmadığın yer vətəndir hər yerdə. Hər yerdə küləklərin ağacları, şairlərin sözü rəqsə dəvət etdiyi yerdir, hər yerdə tez düşən gecədir, gec açılan səhərdir tənhalıq. Göyün yerə toxunmasıdır, yerin şeir kimi oxunmasıdır yağış. Birdir yaxması odun, birdir kişisini anasına qısqanan qadın, eynidir qadınını qapısında itə də qısqanan kişi... Hər şeyin bol olduğu bir vaxtda, hər yerdə hər şeyi olduğu kimi buraxmaqdır, canını köhnə zamanlardakı kimi sıxmaqdır, əllərin cibində qalın-qalın darıxmaqdır yalqızlıq...


MƏNDƏ YETİM BİR SEVGİNİN YOLÇUSU Mən də yetim bir sevginin yolçusu, Ara məni, axtar məni, gəz məni. Sən seçməsən, sən görməsən, bir daha Seçməz, görməz səndən ayrı göz məni. Bu oyunda baş-başayam zülümlə, Aramızda bir ömür var ölümlə. Sönüb odum, oynayıram külümlə, İsitməyir kül altında köz məni. Dünya qurdun, nəfəsindən yoğruldum, Yadındamı, sən söylədin "ol ", oldum? Yola çıxdım, yola döndüm, yol oldum- Yolun yoxsa tapda məni, əz məni. Keç üstümdən, öz tozumda durulum, Hər gün sənə burulmaqdan qırılım... Qol aç, sənə bircə kərə sarılım, Sonra yenə təkrar-təkrar üz məni. Bu sevginin çayı sənsən, seli mən... Necə dönüm bu sevgisiz geri mən?! Bu sevdadan çıxa bilsəm diri mən, Yalvarıram, bircə ömür döz məni.



MƏN DƏ BU CÜR TƏRSƏM

Mən də bu cür tərsəm, hər gün səndən bir az keçib getdim. Səni bir başqasınacan addım-addım ölçüb getdim, bir az da unutdum səni.

Soldu gözümün yaşılı, göz yaşımı təpiklədim. Yaratək açılan gözümü kipriyimlə yelpiklədim, bir az da unutdum səni.

Bekar durmadım, iş tapdım, ev yardım...ürək apardım. Üfürüb, hər gün qaysaqtək dartıb yaramdan qopardım, bir az da unutdum səni.

Qol açdı şair xanımlar, qucaq da tapıldı mənə. Gördüm sənsiz də özütək çoxları qapıldı mənə, bir az da unutdum səni.

Yığdım üstümdən əlini, saçını güldana qoydum... Sənə yazdığım şeirləri bir-bir çap elədim, yaydım, bir az da unutdum səni.

Ayağı altında kətil, boynunda ağ sazın simi. Keçirdib dar köynəyinə divardan asdım sevgimi, axır ki unutdum səni...


ÇATMADI Kölgəmi sərib altına, üstündə durdum sözümün. Sizlər məni yıxa-yıxa, göyə qaldırdım sözümü, əliniz göyə çatmadı. Örtdüm əyər-əskiyini, adımı səsə saldınız. Uzun yollar yordu sizi, sözə yol kəsə saldınız, diliniz göyə çatmadı... Yağdı saçıma qar sizdən, dən olmadınız qışıma. Daradı saçımı külək, sığal çəkdi gün başıma, teliniz göyə çatmadı. Çəkdim yerdə göyün yükün, yerdə göyə yer saxladım. Qısqandınız yerə məni, belimi göyə bağladım, beliniz göyə çatmadı.

Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!