Elnur Abdiyev - Bu dünya mənlik olmadı

2016-10-27 15:59:48 / 10083 dəfə oxunub

Axır adamlar

Dünyanın rəngini tağ-tağ dəyişdiz,
Tanrının əkdiyi, a xır adamlar.
Siz elə ilkdə də çiy ət yemişdiz,
İnsan da yediniz, axır, adamlar.

Əvvəl icad edib odu,atəşi,
Sürünü boşladız dediz at,əşi.
İndi ölüm üçün açır atəşi,
Gör hardan haraya axır adamlar.

Bəşərin həyatı deməkdir "ins", "an"?
Bu adda ölüm an, nə cins,nə ins an.
Ey Allah kölgəsi, sevgili insan,
Bu qədər axan qan axıra damlar...



***********

Təkcə sən bilirsən,
nələr yatıb,
nələr oyaqdı,
ömür adlı bu qara qutuda.
Rəbbim, sən yazmısan alnımı,
ahımı ovuda-ovuda.
Unutmusan yazanda,yəqin,
bircə damcı da çəkəydin,
sevinməyin rəngin.
İllərdir alışıb gözüm ağa,
qaraya ağ olmağa,
qızarır gözümdə gecələr.
Təkcə sən bilirsən,
Ömür qutumda diyirlənənlər.
Nə vaxtsa yer-yerdən bölünə də bilər.
Aç,bu qara qutunu mən ölməmiş,
görüm nə görməliymişəm,
mən görməmiş...



*************

Bir yol halımı sormadı,
Baxıb yorulduğum həmin.
Özünü mənə vurmadı,
Mənim vurulduğum həmin.

Vurdu özümü özümə,
Böldü özümdə o məni.
Çıxdı hər gün bir gözümə,
Üstəgəl işarəsini.

Çıxdıqca özümdən özüm,
Özümdə yüz öz güləşdi.
Özümü görməyən gözüm,
Özünə də özgələşdi...




Nəsimi

Kökdən düşmüş tar kimidi bu könlüm,
Sənsiz yoxdur, nə mizrabı,nə simi.
Sənsən qəlbi nəğmə ilə dindirən,
Oxu mənə kitabımdan "Nəs"imi.

Gül deyərəm, gülüşlərin gül açar?
Eşqin bağlı qapısına gül açar.
Sevənlərin arasını gül açar,
Sən bir gül ol,mənsə bahar nəsimi.

İstəmirəm bir kimsəyə oxşayım,
Oxşaramsa,ağı deyim oxşayım.
Ey haqq eşqim,səni necə oxşayım?
Deməsinlər dirilibdir Nəsimi.




************

Sənə mələksən deyim,
inciməsin Əzrail.
Yox,bu soyuq,bu qorxunc,
ad sənə layiq deyil.
Sən can almırsan,gülüm,
Başımın üstə əssə,
nəfəsi kəssə ölüm,
mənə nəfəs verirsən.
Sənə mələksən deyim,
adın Cəbrail olsun.
Çünki sən xəyalımın,
qapısını döyəndə,
Vəhylə qonaq gəlirsən.
Sən mənim Allahımla,
aramdakı təkcə bağ,
Səndən tutub gedirəm,
məni yaradana,bax.
Sənə mələksən deyim,
mənə gərəksən deyim...



Bu dünya mənlik olmadı.

Bu yaşıma qədər gəldim,
Zaman qaç dedi,qaçmadım.
Özüm kölgəmdə dincəldim,
Bir qapı örtüb-açmadım.

Girmədim qoltuq altına,
Kiçik ürəklilər kimi.
Əlacsızın əlacına,
Süfrə sərdim ürəyimi.

Ehtiyat etdim önümdən,
Arxadan vurdular məni.
Nələr keçirdi könlümdən,
Nəylə doyurdular məni?

Üzümə üzdən gülənlər,
İçində kəsdi doğradı.
Adım dünyaya gələndən,
Bu dünya mənlik olmadı.



**************

Qadağalarla keçdi uşaqlığımız,
Hər əlimizi uzatdığımızda,
eşitdiyimiz ilk söz: cızz.
Bu sözlə açıldı beynimizin yarımkürələrində,
cız.
O cızda neçə kərə çıxdı cızdığımız.
Doğrandı beynimiz şırım-şırım,
istəyimizlə aramızda yarandı bir aşırım.
Böyüyə-böyüyə böyüdü,
qorxaq bəslədi bizi,
bizdən öncəkilərin öyüdü.
Bu gün,
öz haqqım üçün,
bir cızı keçmək istərkən,
neçə dəfə cızz eşidirəm.
Beləcə öz cızımda hərlənirəm,
hələ ki.
Cızımdan bir dəfə çıxacağım bəlli.
Onda çiyinlərə dırmanmağım olacaq təsəllim.
O zaman da yeni bir cız açılacaq,
biz məhkumlarıq,
bizi qadağalar irəli aparır ancaq.
Bu sədəqə canımız,
hədəqəsindən çıxanda,
sevdiklərimiz arxamızca,
gözlərini sıxanda,
silinəcək cızların ştrixləri də.
Tapdalayacağıq yasaq küçələri də,
qaçaq ürəkləri də..



Gözünü söykə gözlərimə

Gözünü söykə gözlərimə,
bircə damla bax.
Sarmaşsın ilan kimi baxışlarımız,
biri-birinə.
Özümüzü qucaqlayaq,
özgələri unudaq.
Gözümüzün sahilində,
səngisin küləklər.
Baxışlarım bilirsənmi sənə sarı,
istəyinə can atan,
körpə inadı ilə iməklər.
Söykə gözlərini gözlərimə,
bir gələcək əkilsin,
gözlərindəki gözlərimin yerinə....



Ya Hüseyn!

Kərbəla boyda əsəri,
Yazdın qanından, ya Hüseyn!
Könlüm eşqindən sərsəri,
Qovma qapından, ya Hüseyn!

Xəyalın basdım bağrıma,
Ağrındım başsız ağrına.
Sən qılıncdın haqq uğruna,
Çıxdın qınından,ya Hüseyn!

Savaşdın haqlar bitməyə,
Öyrətdin, qafil getməyək.
Nahaqqı batil etməyə,
Keçdin canından,ya Hüseyn!

Sonsuz, sonu yox bu yolun,
Yoluna düşdüm bil qulun.
Hər sətir qurbanın olum,
Əhd al bu qurbandan,ya Hüseyn!




*******************

Çıxarın kostyumunu sözlərin,cənablar,
açın qalstukunu yaxasından.
Çıxın dünyanın bu qəlib dünyasından.
Bir az dalğa olun,
çırpıla bilin qayalara.
Sına bilmirsiz,sınmayın,
baxın qayada sınan sulara.
Sonra oturun açın qalstukunuzu,
qoyun örtaya özünüzü,
fırlanın başınıza,
axı dünya da öz başına fırlanır.
Cavab tapsaz suallara,
məni də çağırın nuş etməyə.
Hələlik,gecəniz xeyrə.
Gedim,yuxu adlı seyrə,
sizsə,lütfən,rəy yazın bu şeirə.
Amma qalstuklu rəylər olmasın.
Çılpaq olsa,daha gözəl,
köynəyi qırışlı olsa, daha qəşəng.
Siz Allah,
varatniksiz köynəkdə olsun rəyiniz.
Allah ürəyinizcə versin,
dərd görməsin ürəyiniz...



Qoca

Gözündə göz-gözdü bu toran dünya,
Gözünün ağına ağ olub ömrü.
Keçilməz dağ kimi bu aran dünya,
Dağlayıb qəlbini dağ olub ömrü.

Özü də bilmədən qovur yaşını,
Yaşayır ömrünün qarlı qışını.
Əli bir əsanın öpür başını,
Ayaqdan quruyan tağ olub ömrü.

Yel vurub yengələr oynadır nə var,
Saçına ələnir hey quşbaşı qar.
Deyir: nə tez ötdü vədəsiz bahar?
Bir vaxt bostan olub,bağ olub ömrü....


Son xəbərlər
TƏBRİK
2019-09-02 12:02:59
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!