Aybəniz Kərimova - Gözündə bir damla yaş eylə məni

2016-10-28 11:23:36 / 9907 dəfə oxunub

MƏNİ

Allah, elə-belə alma bu canı, Bir soyuq baxışa tuş eylə məni. Qara gecələri sevən gözəlin, Gözündə bir damla yaş eylə məni.

Elə ağrı ver ki, bilməsin heç kim, Əqlimi məhkum et, ruhumu küskün. Əvvəl göyümü qur; buludlu, çiskin, Sonra bir havalı quş eylə məni.

Gözüm qəm aynası, duman, çən axar, Gah yerli, gah yersiz şimşəklər çaxar. Ürəyimi çıxar, qəlbimi çıxar, Beləcə bir qara daş eylə məni.


*** Unudulmuş qadındır dəniz, orda batanların cəzası olmaz... Saçlarını qürublarda darar, Ətirlənməz sabahların sevgisində... Gözlərinin aynasında qaralar axşamların xəyalı... Çəkməz nəfsini yeni sevdalar... Unudulmuş qadındır dəniz... Göylərə tutqunluğu qədər dumduru, şəffaf... Fırtınalar kimi coşqun, Batırdığı gəmilər kimi hüznlü...


* * *

Bir ağ kağıza yazacam adını, atacağam pəncərəmdən üzüaşağı... Ucacaq payız yarpağı kimi, bir gözəlin islanmış çətirinə yapışacaq. Rüzgar götürüb ordan oynadacaq havada, sərçələr dimdikləyəcək səkilərdə... Yavaş-yavaş qaralacaq hava, Düşəcək gecə, Üşüyəcəksən mənsiz... Darıxacaqsan... Çıxıb ordan elə bir quş dimdiyində, bir dəli rüzgarla döyəcəksən pəncərəmi yenidən... Pıçıldayacağam adını sənsizliyə, elə həmin məhəbbətlə...


*** Sevilən qadının hər telini bir ulduz bəzəyər gecələr. Yastığına dağılsa yox olar zülmətin. Əllərini tutsan gözlərinə dolar şəfəqi... Dodaqları arı şanı kimi diş-diş olar, öpsən... Yuva-yuva ballanar dilindəki arzular, toxunsan... Sevilən qadının ürəyi uşaq beşiyi kimi ətirli olar... Bətni hamilə qadın kimi dolu... Sevilmək arzusu bitməz ki sevilən qadının... Yenicə dil açmış körpə kimi şipşirin olar hər gün bir az daha... Yenicə ayaq açmış körpə kimi sənə gəlişi heyran edər aləmi...


*** Gündəliyinin vərəqləri olsa səndən yazardı, Tənhalığının otağı olsa, çəkilərdi içinə ağlamaq istəyəndə... Heç əri də yox idi, eləcə uşaqlarının atası var idi evində... Gecələr hələ xatirələr demək deyildi, Gecələr elə bir küncdə saralan ümidlərin qara köynəyi idi.


*** Mənim evimdə sənin ayrıca saatın var, kiçik əqrəbi sənsən, böyük əqrəbi mən, hər saatda fırlanaram başına... Mənim evimdə sənin ayrıca saatın var, qəhvəaltı saatın, darıxdığın anlar, gözlədiyin saatlar, yuxuya getmək istədiyin dəqiqələr, darıxanda ən uzaq məsafədə qalar, gözləyəndə yaxınlaşar, yuxuya getmək istəyəndə bir-biriylə cütləşər əqrəblər... Mənim evimdə sənin ayrıca saatın var, gecələr səsi qulaqlarımı deşər, gündüzlər zamanımı ayarlayar... Sənin saatınla yaşamaq nədir, bilirsənmi?


*** qağayı öpüşüydü dənizlər, günəşin gəlinliyiydi qürublar, kəpənək tozuydu güllər, təsəlliydi ağrılar, göz yaşları da kirpiklərin şəlaləsiydi, dodaqların o söz üçün rənglənmişdi o gün, xəyalın da məni ovutmaqdan ötrü soyunmuşdu, dağ-dağ, oymaq-oymaq yaşamaq vardı bu həyatı, hisslər şan bağlamışdı yenə də, arı tikanı idi sevgilər, yarpaqların ayrılığıydı payız, məni sənə sevdirmək üçün gəlmişdi bu səfər...


O UNUTDUĞUN QADINA...

Baxma ki, üşüyürsən, Bir qadın yanar oduna. Biri səssizcə ağlayar, Biri taxt qurar adına. Biri görüşər...görüşər, Biri eləcə öpüşər... Biri yanından ötüşər, Biri həkk edər yadına. Biri seçilməz çıraqdan, Biri bilinməz qonaqdan. Biri naz edər uzaqdan, Biri yetişər dadına. Biri ölər diri-diri,, Biri də var... yoxdu yeri.... Amma çatmaz ki, heç biri, O unutduğun qadına.


O GETDİ Mən elə bilirdim getməyəcəksən, Sən elə bilirdin qayıdacaqsan... Üşüdü xəyallar bom-boş otaqda, Olmadı bir dəfə qapını döyən. Tale idimi bu, bəxt idimi bu? Nə o deyən oldu, nə də mən deyən. Əvvəl nə idisə, bilmədim nəydi, İncə gülüş idi, xoş ağız tamı... Sonra bir ayrılıq qatarı gəldi, Saldı yollarına intiharımı. İnana bilmədim qəlbimdəkinə, Durmadan ağlıma satdım özümü. Onun gözlərindən qorxdum elə bil, Boğulmayım deyə atdım özümü. Üşüdü xəyallar bum-buz otaqda, Bağlı pəncərəmdən Günəş dolmadı. O getdi, onsuz da mənim deyildi, Ürəyi, ruhu da mənim olmadı...


DAHA GÜCÜM ÇATMIR

Daha gücüm çatmır ayaqlarıma, Dartıb gözlərimi yol eləyirəm. Özüm hücumçuyam, özüm qapıçı, Özüm top buraxıb qol eləyirəm. Meydan sulayıram hər dəm içimdə, Bütün sərhədləri aşıb keçirəm. Özümü gəzirəm adam içində, Amma tapanda da susub keçirəm... Bir şahmat oyunu qurmuşam bu gün, İkimiz də şahıq, Allah, işə bax... Yəqin özümüz də mat qalacağıq, Bu yolda piyada olsaq da sabah... Səni sevməyə də gücüm çatmayır, Yandırıb bu qəlbi kül eləyirəm.... Bir tablo çəkmişəm bəbəklərimə, Gedirsən, arxanca əl eləyirəm.


SON YARPAQ

Son yarpaq qalmışdı budaqlarında, O da düşəcəkdi bu gün, ya sabah... Elə sönəcəkdi dodaqlarımda, O sonuncu öpüş, bu sonuncu ah.... Nə payız, nə yağış, nə ağac özü, Fərman verməmişdi o yarpaq üçün. Elə o yarpaq da özündən bezib, Bir gün ölməliydi bu torpaq üçün. Baharda açmışdı tumurcuq kimi, Qanadı olmuşdu kəpənəklərin. Başqa yarpaqlara oxşamamışdı, Qoruya bilmişdi sonuncu yerin. Son yarpaq qalmışdı budaqlarında, O da düşəcəkdi bu gün, ya sabah... Elə sönəcəkdi dodaqlarımda, O sonuncu öpüş, bu sonuncu ah....


ANA

Çırpdım təmiz üst-başımı, Sözü, şeiri atıb gəldim. Qız ayağıyla getmişdim, Qadın yükün çatıb gəldim.

Aydınlandı yolum, izim, Sənə gəldim Ana, Ana... Mənə elə "can" dedin ki, Qaldı dünya yana-yana.

Mələk olmaq istəmişdim, Qanad taxdın qollarıma... Saçlarının ağ dənindən, Nur çilədin yollarıma.

Bir andın var "səbr et, bala", Bir duan var "Allah kərim"... Toxun əlimə, üzümə, İşıqlansın şeirlərim.

Ana, qızlarım böyüyür... Bax, nə güllər becərmişəm, Ətri tutubdur dünyamı. Bir adım da artıb daha, "Ana" deyir mənə hamı, Ana, qızlarım böyüyür... Tellərini darayıram, Tellərində gül ətri var. Bu nə gözəllikdi, Tanrı? Dillərində gül ətri var, Ana, qızlarım böyüyür. Baxıb kədərlənməyirəm, Aynada ağaran saça. Böyüyür, valla, görürəm, Yıxıla, yüyürə, qaça, Ana, qızlarım böyüyür... Misra-misra yol gəlirəm, Qoşa-qoşa hörükləyib. Bunlar necə ayaq açıb, Bunlar ha vaxt iməkləyib? Ana, qızlarım böyüyür... Böyüyür içimdə sözüm, Sevgim zirvəsiz dağ olur... Ürəyimə taqət gəlir, Gözlərimə çıraq olur, Ana, qızlarım böyüyür.


QUŞ YUVASI

Bəlkə sən də bir quş kimi Doğulmuşdun, quş yuvası? Belə göydə quş olmaqdan, Boğulmuşdun, quş yuvası.

Baharı da verdin bada, İşləmişdin hansı xəta? Nə quş vardı, nə yumurta, Sıxılmışdın, quş yuvası.

Quş qonmadı yatağına, Kimsə girməz otağına. Bir ağacın budağına Yıxılmışdın, quş yuvası.

Tərk etdimi göyün səni? Mən sevmişəm, öyün, səni... Tapmasaydım o gün səni, Dağılmışdın, quş yuvası.


PAYIZ ETÜDLƏRİ

Ümid ayrılığa bir yoldaş imiş, Bunu da sən mənə öyrətdin belə. Kişinin bədbəxti qara daş imiş, Qadının bədbəxti göz yaşı elə. Qaranlıq gecədə yoldur ayrılıq, Durmaq istəsən də ayağın gedər. Kişinin bədbəxti bədəndir soyuq, Qadının bədbəxti ağrı, dərd, kədər. Bir payız başladı təzə, təptəzə, Sənə ucuz gəldi boz buludları. Kişinin bədbəxti siqaretdisə, Qadının bədbəxti bir künc divarı. Nə qədər ağladı yollarda izlər, Təsəlli olmadı vədlər, yalanlar. Kişinin bədbəxti içkili gözlər, Qadının bədbəxti susamış anlar. Bu bir ümiddisə, məhəbbət deyil, Dünyanı kökündən qoparacaqdır, Kişinin bədbəxti yad qadın iyi, Qadının bədbəxti quru yataqdır.


KÖTÜYÜN

Bu ağac can verir, nədir? Kəsilir, yeri göynədir. Baxırsan ayağı gedir, Başı kəsilən kötüyün...

Yarpaqları əsirlərmi? Qəm selində üzürlərmi? Vicdanın da kəsirlərmi, Başı kəsilən kötüyün?

Nədəni torpağın altda, Gödəni torpağın altda. Bədəni torpağın altda, Başı kəsilən kötüyün.

Yenə dolub lal-lal baxır, Yaman günahkardı axı... "Budağı" sonradan çıxır, Başı kəsilən kötüyün.


GƏLSİN

Allah, heç nə istəmirəm, Qoy məni ağladan gəlsin. Bu yolları üzü bəri, Əy, məni ağladan gəlsin.

Bolluca ver dərdi, qəmi, Odur yaramın məlhəmi. Gəl, qapımı, pəncərəmi Döy, məni ağladan gəlsin.

Yerlərini sər, yol elə, Fərmanını ver, "ol" elə! Buludunu bol-bol elə, Göy, məni ağladan gəlsin.


QUŞ NƏĞMƏSİ

Yemşanlar qaralır kol budağında, Cəh-cəh səsi gəlir, yanıqlı, acı... Bu dünya özünün qəm yatağında, Bir quş nəğməsinə yox ehtiyacı... Göbələk mövsümü başlayıb yenə, Otların başını aldadır xəzan. Dönürəm o quşun cikkiltisinə, Qovla indi məni, taleyi yazan. Dərələr yamyaşıl qalıb hələ də, Ora rüzgar əsmir, payız qonmayır. Artıq noyabrdır, yetişib vədə, Doyur bu xəzanın, gözünü doyur. Qamışlar göyərir gölün içindən, Qurumuş göllərə qəm yağır yenə. Dönür məhəbbətlər quş nəğməsindən, Qamışdan düzələn tütək səsinə.


GÖRÜRƏM

Getdim, yolları yormadım. Mən ki, bir ürək qırmadım? Nədən başladı, bilmədim, Necə qurtarır, görürəm.

Susamışam, buludum yox, Açarım yox, kilidim yox. Sabaha da ümidim yox, Gecə qurtarır, görürəm.

Yol gedirəm baxışında, İslanmışam yağışında. Bu yolların o başında, Küçə qurtarır, görürəm.

Hanı o eşq, biz ki yadıq, Nə olsun ki, yanılmadıq. Birimiz qalib olmadıq, Heçə qurtarır, görürəm.


YOXDU

Bir gül sına budağından, tapdayıb keçəsən asan. Öpüş alıb dodağından, zəhəri içəsən asan... Bomboş bir məzar qazalar, üstünü gəzib öləsən, Bir qara daş da qoyalar, adını yazıb öləsən... Öləsən, səni ağlayıb, basdırmağa ruhun gələ. Bir dolu tabut görəsən, sanasan özünsən elə... Torpağın da çöküb, nolsun, bundan özgə qəmin yoxdu... Altında da, üstündə də, Özünsən, heç kimin yoxdu...

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!