RAHİLƏ DÖVRAN - Dövran olmayıbdır heç vaxt bədgüman

2016-10-28 16:23:21 / 11479 dəfə oxunub

BƏSİMDİR

Kövrələn, qayğılı, dar zamanımda, Sanmışdım, deyəsən son nəfəsimdir. Yara söyləmişdim qalsın yanımda, Köçərkən həyanım olsa "bəsimdir”.

Lazımmı su səpmək, qəlbdəki közə? Dedim ağlamasın, duraq göz-gözə. Fələk qarşısında hacət yox sözə, Əlimi-əlinə alsa "bəsimdir”.

Qapıdan, bacadan əcəl baxırdı, Mənim bildiklərim , məni yaxırdı. Qoşa çeşmələrdən sellər axırdı, Dedim ağlamasın, dolsa "bəsimdir”.

Eşqimiz, sevgimiz alınmaz qala, Birgə çıxmışdıq biz, eşq adlı yola. Yalvardım nicat ver, Ya Allah Təla, Quruca nəfəsim , qalsa "bəsimdir”.

Şairə yaraşmaz yalvarmaq, aman, Bilirəm hər şeyi həll edir zaman. Söyləsin başına döndüyüm Loğman, Nicata bir güman, varsa "bəsimdir”.

Şayət, ölərəmsə,qəbrimin üstə, Düzsün tər çiçəklər, bağlasın dəstə. Sanmayım özümü bağlı, qəfəsdə, Çişəklər ləçəyin , yolsa "bəsimdir”.

Xəzandır axırı yaşıl yarpağın Üzü soyuq olar qara torpağın. Istərsə sağaltsın qəlbimin dağın, Şeirimi yadına, salsa "bəsimdir”.

Öyrət fatihəyə, Dövran dilini, Qoymasın qoynuna yarın əlini. Qəbrimin üstündə, "Sarı gəlini”, Kamanla, ney ilə çalsa "bəsimdir”.


DÖVRAN HƏMİN DÖVRANDI

Dedin:-əlvida mənə, Sanki zaman dayandı. Fəğanımdan,ahımdan, Dağlar,daşlar oyandı.

Daşamı döndü qəlbin?! Necə qərara gəldin?! Arzum,istəyim min-min- Boynu bükük dayandı.

Döndü zamanım,çağım, Soldu yaylağım,dağım. Xəzana döndü bağım, Dünyam od tutdu yandı.

Düşməz idin dilimdən, Əl üzdüm tər gülümdən. Nə gələr ki,əlimdən? Bülbül öz gülün dandı.

Bilmirəm nə umurdun? Necə arxadan vurdun? Körpüləri uçurdun, Dövran, həmin Dövrandır.


SƏNSİZ OLMAYIM

Zaman dursun,dayansın, Vaxtsız yaşa dolmayım. Dünyam od tutsun yansın, Amma sənsiz olmayım.

Kərəmin Haqq sazıyam, Hər cəfana razıyam. Fərz et şəhid, qaziyəm, Amma sənsiz olmayım.

Cünun təkin saç yolum, Zəncirlənsin əl-qolum. Eşqinlə Məcnun olum, Amma sənsiz olmayım.

Sənsən əhvalım, halım, Gəl ol şəkərim, balım. Qırx il zindanda qalım, Amma sənsiz olmayım. Vuruldum göz, qaşına, Sevən baxmaz yaşına. Durum dönüm başına, Amma sənsiz olmayım.


ÇOX GÖRDÜN MƏNƏ

Mən səni ömrümün baharı sandım, Illərlə eşqinlə alışıb yandım. Sevgimdən nə döndüm, nə də usandım, Dedim bəlkə bir gün sevə, bəyınə, Sənsə, bu sevdanı çox gördün mənə.

Gecələr ulduzla, ayla danışdım, Xəyalən əl-ələ gəzdim, dolaşdım. Gərçəkdə kədərlə hey qucaqlaşdım, Nə deyim mən qəlbi daşa dönənə? Sənli bir həyatı çox gördün mənə.

Gözlərin ram oldu kor bəsirətə, Meyl etdin sərvətə,şana, şöhrətə. Xor baxdın ey zalım,sən səadətə, Döndün məhəbbətin qəddin əyənə, Bir toyu, büsatı çox gördün mənə.

O vaxtdan Dövranın gözü nəmlidir, Qəlbi hüzünlüdür, qüssə,qəmlidir. Bu üzdən sözləri çox şəbnəmlidir, Qərq etdin bir ömrü dumana, çənə, Sevinci, səadəti çox gördün mənə.


OXŞA MƏNİ

Dərdə, sərə boyanmışam, Kül olmuşam, lap yanmışam. Boynu bükük dayanmışam, Dön gəl, özün oxşa məni.

Dünya sərxoş, dünya yatıb, Dərd yükünü mənə çatıb. Doğmalar da məni atıb, Dön gəl, özün oxşa məni.

Zindan kimi, zülmət otaq, Buz kimidir sənsiz yataq. Dön, fələyə meydan açaq, Dön gəl, özün oxşa məni. Gör haradan əsir yellər? Xəndan olub qızıl güllər. İnlər "Yanıq Sazda” tellər, Dön gəl, özün oxşa məni.

Olammazsan bunca zalım, Düşün, sənsiz necə qalım? Dön yanıma, qadan alım, Dön gəl, özün oxşa məni.

Dövran tutsun gül əlindən, Keçək həsrət, qəm selindən. Seçilməyək "bəy- gəlindən”, Dön gəl, özün oxşa məni...


AL QADAMI

Sancma qəlbə paslı qəmə, Dərdlər sığmır ta sinəmə. Sitəm yaraşmaz həmdəmə, Dur gəl, özün al qadamı.

Vüsal bizdən düşüb pərən, Qıyma yanım,olum Kərəm. Gəl ki, "olum alma dərən”, Dur gəl, özün al qadamı.

Özümdən çox, sevdim səni, Sənsə seçdin, hey özgəni. Sevindirmə yar düşməni, Dur gəl, özün al qadamı.

Qəlbim çarpır səndən yana, Gəl , son qoyaq bu hicrana. Ömürlük bağlan Dövrana, Dur gəl,özün al qadamı...


YADINDAMI

Yadındamı, aylı gecə, Bulaq başı, salxım söyüd? Qəlb unutsun onu-necə? Mən bir pəri, sən bir igid. Yadındamı, sevgi dolu, Söylədiyin bal kəlmələr? Gözlərində samanyolu, Necə gözəl, xoş ilmələr.

Yadındamı, pıçıldaşan, O, baş-başa cüt qumrular? Sevdasıyla qucaqlaşan, Gah kövrələn, gah da ağlar.

Yadındamı, sən də mənim, Gözlərimdən öpüb dedin:- "Mən səninəm, sən də mənim?!” Sonra həmən, gülümsədin. Yadındamı???...


S Ə N S Ə N

Sənsən mənim ömrüm, günüm, həyatım, Sənsən mənim şan-şöhrətim, büsatım. Sənsən nəğməm,qoşmam,qəzəl, bayatım, Sevə-sevə xəyalına daldığım, Illər boyu həsrətiylə yandığım.

Sənsən sevən ürəyimin parası, Sənsən görən gözlərimin qarası. Sənsən bütün dərdlərimin çarası, Gecə-gündüz şəfa umub, andığım, Illər boyu həsrətiylə yandığım.

Sənsən mənim saf eşqimi süsləyən, Sənsən məni ümidlərlə bəsləyən. Sənsən məni sabahlara səsləyən, Ey şəfqətli, nurlu, mələk sandığım, Illər boyu həsrətiylə yandığım.

Sənsən sair Dövranın təbb, ilhamı, Sənsən onun xoş hicranı, həm kamı. Səni mənə yaraşdırır el, hamı, Eşq atəşin sevgisindən aldiğım, Illər boyu həsrətiylə yandığım.


DEYİLDİN AXI

Bilmirəm heç necə gətirim dilə? Söylə, birdən-birə nə oldu belə? Sevgini, ülfəti sovurdun yelə, Sən belə vəfasız deyildin axı.

Mənə can içində, canım deyərdin, Kimlər etdi səni məndən didərgin? Qalmışam kamantək gərili, gərgin, Sən belə vəfasız deyildin axı.

Q gözəl günləri bir sal yadına, Bəlkə xatirələr çata dadına. "Vəfasız!”kəlməsin yazma adına, Sən belə vəfasız dryildin axı.

Dövran olmayıbdır heç vaxt bədgüman, Onun eşqi sonsuz, hüdudsuz ümman. Bu esqin üstündən çəkilər duman, Sən belə vəfasız deyildin axı.


Ö L D Ü R Ü R

Bu gözəlin zər, naxışı, Naz, qəmzəli, şux baxışı. Afət kimi can yaxışı, Məni öldürür, öldürür. Körpə bir ceyran quzusu, Sərin kuzə, bir içim su. Onun hər istək, arzusu, Məni öldürür, öldürür. "Məcnun” ləqəbin almışam, Ağa ikən qul olmuşam. Özümü oda salmışam, Məni öldürür, öldürür. Baldır, şəkərdir qadası, Can ürpədir səs, sədası. Dövran,- onun hər ədası, Məni öldürür, öldürür.


AXTAR MƏNİ

Xatirələr səni üzsə, Hönkür, ağla axtar məni. Məzar daşım səndən küssə, Gəl qucaqla, axtar məni. Çox üz vermə intizara, Quca səni,möhkəm sara. Qəm torunu yara-yara, Ürək dağla, axtar məni. Bizə tutdu paxıllığı, Fələk saldı ayrılığı. Boşla alı, yaşıllığı, Qara bağla, axtar məni. Yetər, dursun goz yaşların, Pərişandır yoldaşların. Gülsün Dövran, baxışların, Oyan, çağla, axtar məni...

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!