Yunis Qaraxanov - Ağlama, qəlbim, ağlama

2016-10-31 18:15:17 / 13288 dəfə oxunub

"Şərqin səsi", "Elm və təhsil" qəzetlərinin və "ZİM.az" saytının xüsusi müxbiri, şair-publisist Yunis Qaraxanov Gürcustan Respublikasının Qardabani rayonunda anadan olub.Əslən Qarabağlıdır, ulu babası X X əsrin əvvəllərində, Çar Rusiyası zamanı Qarabağdan Borçalıya məcburi olaraq köçüb.Uşaqlıqdan Bakı şəhərində yaşayır. Hələ orta məktəbdə oxuyarkən şeir yazmağa başlayıb.2014-cü ildən şeirləri ve publisistik yazıları "Səs", "Hüquq və fəaliyyət", "Şərqin səsi", "Elm və təhsil" qəzetlərində, "Pressnevvs.az", "Sia.az", "ZİM.az" saytlsrında dərc olunub.Əsas müəllifi və redaktoru şair-publisist Vidadi Ağdamlının "Qarabağnamə"(3cilddə), "Ağdamım mənim", "Sevirəm, sevmişəm, sevəcəyəm də" adlı antalogiya kiblarında şeirləri dərc olunub.2016-cı ildə "Sənsiz" adlı ilk şeirlər kitabı işıq üzü görüb.




AĞLAMA, QƏLBİM, AĞLAMA.

Budur yazı, budur qədər, Neçə kərə sevdim hədər, Əvəzində tapdım kədər, Ağlama, qəlbim, ağlama. Hər sevəndə məcnun oldum, Öz-özümü diddim, yoldum, Sevgim üçün mən bir quldum, Ağlama, qəlbim, ağlama. Çiləliyəm, çilə çəkdim, Hey ağladım, sellər tökdüm, Cavankən qəddimi bükdüm, Ağlama, qəlbim, ağlama. Vəfasıza bel bağlama, Öz-özünü gəl dağlama, Sil yaşını, sil, ağlama, Ağlama, qəlbim, ağlama.



YENƏ HƏMİN KÜÇƏ...

Yenə mən səninlə gəldim üz-üzə, Yenə həmin küçə, yenə həmin yer. Susub dayanmışıq, baxıb göz-gözə, Qəlbimiz danışır, dodaq dinməyir. Sezirəm süzdürüb baxan gözlərdən, Sənin gözlərində sevgi nişanı. Baxışın dəyərli mənə sözlərdən, Bu an həyatımın ən gözəl anı. Bilmirəm buranın ünvanı necə? Ünvansız qəlbimdə qalır izləri. Yenə bu darısqal, dolanbac küçə, Yenə qovuşdurur, gülüm, bizləri.


BU GECƏ YUXUMA GƏLMİSƏN, GÜLÜM.

Sorgusuz-sualsız, lal bir baxışla, Bu gecə yuxuma gəlmisən, gülüm. Narahat, tələsik, yaman təlaşla, Bu gecə yuxuma gəlmisən, gülüm. Sürməli, qapqara, ceyran gözünlə, Həyadan alışıb yanan üzünlə, Sevginlə qəlbimdə salan izinlə, Bu gecə yuxuma gəlmisən, gülüm. Başqa yuxuları sayıram heçə, Nə gözəl yuxuymuş yuxum bu gecə. Ulduzdan gizlicə, aydan gizlicə, Bu gecə yuxuma gəlmisən,gülüm.


DƏNİZİM.

Coş dənizim qəlbim kimi, Bu kükrəyən hissim kimi, Qaynar, isti sevgim kimi, Coş dənizim, coş, kükrə sən. Sahildəki sal qayaya, Dalğaların qoy çırpınsın. Bu sevgimi bu dünyaya, Çırpınaraq, qoy hayqırsın. Sənin mavi suyun ilə Yazdığım bu namələri, Qağayılar dimdiyilə Çatdırsınlar sevgilimə. Coş dənizim qəlbim kimi, Bu kükrəyən hissim kimi, Qaynar, isti sevgim kimi Coş dənizim, coş, kükrə sən.


KİMSƏ BİLMƏYİR DƏRDİMİ.

Mən tənhayam, təkəm sənsiz, Kimsə bilməyir dərdimi. Atıb getdin məni mənsiz, Kimsə bilməyir dərdimi. İnanmadın düz sözümə, Getdin, baxmadan üzümə. Qapılmışam öz-özümə, Kimsə bilməyir dərdimi. De, insafın yoxdur heçmi? Dərd yeyir mənim içimi. Yığıb gedirəm köçümü, Kimsə bilməyir dərdimi. Sən, ay ömrümün baharı, Unutdun əhdi-ilqarı, Olmadın Yunisin yarı, Kimsə bilməyir dərdimi.



^ ^ ^ ^ ^ Çökmə gözlərimə, qadanı alım, Hərətin ən acı yuxusu kimi. Gözümlə gözünün seyrinə dalım, Qəlbinin aynası, güzgüsü kimi. Dayanaq üz-üzə, baxaq göz-gözə, Baxışlar od tutub alışsın bir an. Lüzum yox başqa bir kəlməyə, sözə, Danışsın ürəklər, danışsın bir an. Yaşansın ən gözəl sevgi hisləri, Yaşanan bir həyat, bir ömür kimi. Tərk edib getməsin heç vaxt bizləri, Yaşlanan bir həyat, bir ömür kimi



^ ^ ^ ^ ^ Sevgidən vurulan bəndlər, bərələr, Özülü möhkəmsə, nifrət dağıtmaz. Dağın sinəsində yatan dərələr, Dağa qol-qanaddır, dağı dağıtmaz. YolsuZ yoxuşlarda yerimə heç vaxt, Bu yolsuz yoxuşlar yorar insanı. Çatmaz köməyinə nə sevgi, nə baxt, Zamanı çatanda vurar insanı. Yunis, gəl bu qədər eyləmə diqqət, Naşı nə qanır ki, nədir məhəbbət? Sınar əllərində bu qəlbib, əlbət, Əbədi, ömürlük qalarsan şikəst.



ZƏHRAM.

Gəldin, gəlişinlə sevinc gətirdin, Subaylıq çağımı sona yetirdin, Qəlbimdə təzə-tər çiçək tək bitdin, Ömrümün baharı, yayısan, Zəhram. Atanın gözünün ağı, qarası,

Ananın ürəyi, ciyər parası, Sən hər ikimizin sevgi dünyası, Tanrımın ən gözəl payısan,Zəhram. Ömrümə-günümə sən yaraşıqsan, Taleyimə yazılan xoş naxışsan, Bu həyat yoluma nursan, işıqsan, Yunisin günəşi, ayısan, Zəhram.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!