İqbal Nəhmət - Sənin ən böyük günahın mənəm Vətən!

2016-11-01 09:00:39 / 9097 dəfə oxunub

VAXTIM OLANDA GƏLƏCƏM..

Ya var olaq,ya da itək, Cüt olanın yarısı tək, Qapınızda iki gül ək, Biri solanda gələcəm. .. Vaxtımı alan adamın, Yadımda qalan adamın, Ürəyi dolan adamın, Gözü dolanda gələcəm. .. Daha o yaş deyil yaşım, Qayıdır atdığım daşım, Özümə qarışıb başım, Vaxtım olanda gələcəm.



BU SƏHƏR DARIXAN TƏK MƏN DEYİLƏM..

Bu səhər darıxan tək mən deyiləm, Uzağa dikilən gözlər darıxır. Qalıb arasında urəklə dilin, Damağa əkilən sözlər darıxır.

Qocamız boğulur, qarımız susur Abırdan doğulan arımız susur, Yarımız düşünür, yarımız susur, Danışa bilməyən bizlər darıxır. Hasarlar çəkilur bağın yerinə, Qaralar qoyulur ağın yerinə, Zirvəsi alınmış dağın yerinə, Təpələr darıxır,duzlər darıxır.

Əsəndə səmtini dəyişən yeləm, Ağlasan gözünü çətin ki siləm, Bu səhər darıxan tək mən deyiləm, Qızara bilməyən üzlər darixir.



ALLAHA QONAQ GEDİRƏM

Nəyim vardı qamarladı, Mən daha uzaq gedirəm. Kimdə qaldım azarladı, Allaha qonaq gedirəm. .. Gecəsi nə, gündüzü nə? Niyə düşməz gün düzünə? Qaranlığın gündüzünə, Yandırıb çıraq gedirəm. .. Hər əyridən düz götürüb, Hər ocaqdan köz götürüb, Söz içindən söz götürüb, Bir qələm,varaq gedirəm. .. Uzun deyil,an kimidir, Çətin, ya asan kimidir, İllər imtahan kimidir, Vermişəm sınaq gedirəm.


Doğru deyildir...

Bu namərd dunyada acından ölən, Çörək oğurlasa oğru deyildir. Desələr pislərin sayı azalıb, Yalan danışırlar,doğru deyildir. .. Gunah saçda deyil dəndədi qardaş, Geridə qalanlar öndədi qardaş, Ən ağır yaralar məndədi qardaş, Sənin yarandakı ağrı deyildir. .. Hələ anlamırıq olub,bitəni, Düzdə axtarırıq dağda itəni, Heyif sözümüzdə sevdik Vətəni, Bu hələ döyüşə çağrı deyildir.


Şeytanı öldürə bilmirəm, Allah!

Köçümü dağıtdı köçümde olan, Dəyişən, bir başqa biçimdə olan, Özgəni demirəm içimdə olan, Şeytanı öldürə bilmirəm,Allah! ... Yarı aranlıdır, yarı dağlıdır, Çoxu Göyçəlidir, Qarabağlıdır, Haraya baxıram qaşqabağlıdır, Heç kimi güldürə bilmirəm, Allah! ... Qırmışam naziyi,qalıb qalını, Dost niyə soruşmur, dostun halını? Qardaş arasında qardaş malını, İkiyə böldürə bilmirəm, Allah! ... İqbalam,qoy deyim sözün düzünü, Düşmənim şərəfsiz öyür özünü, Didərgin sözünü, qaçqın sözünü, Dilimdən sildirə bilmirəm,Allah!


Sənin bəyəndiyin tərzdə ölurəm...

Qacdım güvəndiyim dağa çatmadım, Yoruldum düzəndə,düzdə ölürəm. Sözümün dəyəri dərində qaldı, Çıxıram dayaza üzdə ölürəm. .. Mən gedən yerlərə get,amma azma, Gördüyüm son yuxu danışım yozma, Başını dik saxla kefini pozma, Sənin bəyəndiyin tərzdə ölürəm. .. İtirdim illəri,bitirdim ayı, Nə qaldı başımda dəndən savayı, Heç kimə baxmadı məndən savayı, O üzdən o ala gözdə ölürəm. .. Yolun uzağında dayandım yenə, Toxundum,bir az da dəydim yetənə, Sevgimi sığdıra bilmədim sənə, Ya səndə, ya məndə bizdə ölürəm.


OLARSANMI?

Ayağım gedən yerə, Sən başım olarsanmı? Bu atasız dünyada, Qardaşım olarsanmı? .. Yaşadı yüz yazılan, Nöqtəsi düz yazılan, Üstünə söz yazılan, Baş daşım olarsanmı? .. Zildən bəmə gedirəm, Hərdən dəmə gedirəm, Cəhənnəmə gedirəm, Yoldaşım olarsanmı?


VƏTƏN, AY VƏTƏN!

Sən hara, mən ora düşüm dalınca, Sənə sən istəyən oğul olunca, Gəzim torpağını Araz boyunca, Dolanım başına Vətən,ay Vətən.

Quru torpağında cücərən dənəm, Mən də bölünmüşəm,yarıyam, tənəm, Sənin ən sonuncu tarixin mənəm, Dönüm yaddaşına Vətən, ay Vətən.

Gəldiyim,getdiyim,bitdiyim yersən, Yıxıb uçurduğum,tikdiyim yersən, Yastığım,yorğanım,döşəyim sənsən, Baş qoyum daşına Vətən,ay Vətən.


AGLADINMI QIZ?!

Üşüdüm belece ocaq başında, İçi buz bagladı qara daşın da, Pünhan geçelerde ay işıgında, Sen heç menim qeder ağladınmı qız? ... Yoxlara qarışdı adım dilinde, Sayını itirdim ayın,ilin de, Ağaclar qurudu görüş yerinde, Sınan budaqları yoxladınmı,qız?! ... Ömürlük cezamdı,oxu ucadan, Sen hakim,men dustaq baxım bacadan, Sevdiyim gülleri özge baxçadan, Yığıb deste-deste bağladınmı,qız?! ... Ne gündür,qışa da yaz deyir çoxu, Eşqime bir mezar qaz deyir çoxu, Bir de bu sevgiden yaz deyir çoxu, Yazmağa bir misra saxladınmı qız?


QİYAMƏT DEYİLMİ BU?

Özgə qucağında yatır Vətən Yuxusunda şəhid oğulların, İsmətli qızların qisası murğuləyir. .. Susanlar coxalır, Səndən, məndən olanlar Qarabağı tanımır daha qardaş. eşidirsənmi məni? Ey Vətəni içindən incidən "vətəndaş" Vətən tanıyanlar bir-bir ölür Ölümü vətənsizləşir torpağın üstündə Qiyamət deyilmi bu?

Qız uşaqlarını öldürüb pul alan həkim, yox deyəsən, düz demədim adını -tumurcuq qatili həkim, andına tüpürüm sənin Sənin öldürdüyün bir iğidin anası olacaqdı, Sənin qızını qoruyacaqdı axı... Duşunə bilməyən tumurcuq qatili Səndən soruşuram Qiyamət deyilmi bu?

Səfilləri çoxalan Vətən! Səni nə günə qoydular bilmədinmi heç,eşitmədinmi heç? Xocalıdan, Kəlbəcərdən oğurlanan qız qeyrətimizi görmədinmi heç? Yaşaya bilmədən ölənlərini, Torpağını hasar-hasar bölənləri Gördün axı, gördük, susduq axı Qiyamət deyilmi bu?

Sənin ən böyük günahın mənəm Vətən! Bu günə kimi yatdığım ucun məni bağışlama! Səndən qacıb səni düşündüyüm üçün məni bağışlama nə olar,

Vətən! bağışla deməyə üzüm gəlməyir neynim...

Danışa bilmirəm daha Qiyamət deyilmi bu?


SƏN DƏ GET...

O gündən bu günə nə dəyişdi ki, O gün, bu gün deyil, ilim,sən də get. Sözlərim yarimçiq qaldı dilimdə, Sözüm küsüb getdi,dilim,sən də get.

Ömrümü vermişdim mən o cağima, Kimin qari yağdi kimin dağına? Qoşulub payizin son yarpağına, Telini qoxlayim, gülüm, sən də get.

Məni məndən soruş bir quru daşam, Qurumuş gözlərdə bogulan yaşam, Sənə bu könüldə yer saxlamişam, Bir gün dönəcəksən, bilim, sən də get.

Məni sən eylədin, min sənə əhsən, Əllərim sevinər, əlini versən, İsidə bilmədin, bir ürəyi sən, Ocagim sən də get, külüm,sən də get.

Haraya tələsir fələyin carxı, Dur desəm, nə fayda, o,durmaz axı, Öldürən ölənə yalvarmaz axı, Mən ölə bilmirəm, ölüm, sən də get.


Harda lalə görsəm ora Vətəndir!

Qara kölğələrin içinə düşüb, Çoxu hələ bilmir hara Vətəndir? Mən nəyi oxşadım şəhid qanına, Harda lalə görsəm ora Vətəndir. .. Döy məni, söy məni bil uda billəm, Silib gözlərimi quruda billəm, Bütün yaraları unuda billəm, Ağrısı keçməyən yara Vətəndir. .. Pətəyi boşalan arısı gedən, Uğrunda qocası, qarısı gedən, Quzğun dimdiyində yarısı gedən,

Harda lalə görsəm ora Vətəndir!

Qara kölğələrin içinə düşüb, Çoxu hələ bilmir hara Vətəndir? Mən nəyi oxşadım şəhid qanına, Harda lalə görsəm ora Vətəndir. Döy məni, söy məni bil uda billəm, Silib gözlərimi quruda billəm, Bütün yaraları unuda billəm, Ağrısı keçməyən yara Vətəndir. Pətəyi boşalan arısı gedən, Uğrunda qocası, qarısı gedən, Quzğun dimdiyində yarısı gedən, Bükülən,sökülən,para Vətəndir.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!