Müzəffər Məzahim - Sandılar çarəsiz, naəlac məni

2016-11-02 11:35:28 / 20569 dəfə oxunub

BİLƏ-BİLƏ

Düşmən danır haqqımızı, Həqiqəti bilə-bilə. Min fəsadla ləkələyir, Əmanəti, bilə-bilə.

Olan-olmazı talayır, Kökümüzü baltalayır, Hər fürsətdə tapdalayır, Ləyaqəti, bilə-bilə.

Dörd yanımız şeytan, iblis, Bəd fikirli xain-xəbis, Hər yandan yağdırır pis-pıs, Həqarəti, bilə-bilə.

Böhtan yayır barəmizdə, Qurdalanır yaramızda, Qarışdırır aramızda, Ədavəti, bilə-bilə.

Nə həs qanır, nə hüs qanır, Nə yorulur, nə usanır, İrişə-irişə danır, Ədaləti, bilə-bilə.

Söz gəzirlər sözümüzdə, Qıl çəkirlər gözümüzdən, Axtarırlar özümüzdə, Qəbahəti, bilə-bilə.

Qalmışıq bu çilədə biz, Çırpınırıq tələdə biz, Aldanırıq hələ də biz, Bəd niyyəti bilə-bilə.

Nədir bəla, nədir illət? Yetər, çırpın, oyan millət, Bəsdir çəkdin bunca zillət, Xəyanəti bilə-bilə.

Birləş, qoru torpağını, Qoru vahid bayrağını, Qeyrətinlə poz yağının, Vəhdətini bilə-bilə.


GÖTÜRMƏZ

Öz yükünü özün daşı, Bu dünya şələ götürməz. Gözlərindən axan yaşı, Bir kimsə ələ götürməz.

Gözün tox, qəlbin dolusa, Bəndəsən, Allah qulusan. Getdiyin haqqın yolusa, Əyri əmələ götürməz.

Sevgi ələm yanğısıdır, Vüsalsız qəm yanğısıdır, Bu od Kərəm yanğısıdır, Bu dərdi Lələ görürməz.

Həyatın hər cür üzü var, Eniş-yoxuşu, düzü var, Qəlbində ki, qəm izi var, Ürəyin çilə götürməz,

Ömür yollarda əsirdir, Hər yolun məramı sirrdir, Sonsuzluğun yolu birdir, Hər yol əcələ götürməz.


VAR Görünən hər bir şeyin, İlkini, təməli var. Yaxşılığın, pisliyin, Mütləq bir bədəli var.

Dünya tək şənlik deyil, Dərdləri sənlik deyil. Uyma, beş günlük deyil, Axırı, əvvəli var.

Varın artsa öyünmə, Qürurdan don geyinmə, Bəxtin yatsa deyinmə, Eniş-yoxuş, bəli, var.

Asi olma heç zaman, Çıx şübhə dumanından, Qorxmaz haqq divanından, Kimin düz əməli var.

Həyatın hikmətində, İnsanın xislətində, Hər kəsin qismətində, Allahın öz əli var.

SÖZÜN

Kül altında qoyma sönə, Odunu qaçırma sözün. Yoğur, vəzlə dönə-dönə, Zatını qaçırma sözün.

Boşa atma tilovunu, Vermə yelə alovunu, Möhkəm saxla cilovunu, Atını qaçırma sözün.

Varlığına odur xoca, Qoy əbədi dönsün taca, Gün kimi, ay kimi uca Adını qaçırma sözün.

Dur amadə yedəyində, Yerin olsun ətəyində, Yığ, ballansın pətəyində, Dadını qaçırma sözün.


İNSANLIĞA

Bir günahkar bəndə varsa, yox nicat insanlığa, Hər bir insan saf əməl versin zəkat insanlığa.

Qoy arınsın büs-bütün hər cür günahdan bəndələr, Eyləsinlər çox savab işlər barat insanlığa.

Durmadan karvan gedir, yollar uzaqdır, yük ağır, Sən də ver öz töhfəni, vaxtında çat insanlığa.

Vermə əldən insafı, fürsət var ikən adil ol, Pak əməllər bəxş edər sonsuz həyat insanlığa.

Sözlərinlə, gəl, Müzəffər, qəlbləri abad elə, Mənəviyyat müjdəni şövq ilə qat insanlığa.


KİMİYƏM

Sənin eşqinlə, gülüm, cismə gələn can kimiyəm. Sən küləksən, mən isə kükrəmiş ümman kimiyəm.

Sevgimiz nur selidir, qərq eləyib ömrümüzü, Sən günəş, mən işığından ağaran dan kimiyəm.

Ömrümüz güllü-gülüstandı bütün, sayəndə, Sevgimiz bal, sən arı, mən dolu bir şan kimiyəm.

Sən mənim eşqimə təşnə çiçəyimsən, mən isə, Bir məhəbbət buludu, eşq dolu leysan kimiyəm.

Tapdı xoşbəxtliyini səndə Müzəffər əbədi, O zamandan elə öz ömrümə mehman kimiyəm.


ELƏDİN

Əridib eşq ilə qəlbim yağını dağ elədin, Güya rəhm eyləyərək sonra da çildağ elədin.

Yaşayırdım bu məhəbbət deyilən dərddən uzaq, Ruhumu bəndə salıb həsrətə ortaq elədin.

Arxayın ömr eləyirdim, yox idi bir günahım, Bu azad könlümü öz könlünə dustaq elədin.

Acıdır şərbəti eşqin, hər içən: - İçmə - dedi, Məni öz eşqin ilə sən buna müştaq elədin.

Mən pıçıltıyla demişdim sənə vurğunluğumu, Sən müzəffər kimi hər kəlməmi bayraq elədin.


SÖZDÜR

Rəssamın sözü rənglər, Yazarın rəngi sözdür. Dilin, gözün, ürəyin, Düyğunun dəngi sözdür.

Yığılır gilə-gilə, Fikirdən axır dilə. Yaranışdan cism ilə, Ruhun ahəngi sözdür

İnsandır sözə məkan, Odur xəzinə, ümman, Bayatı, layla, dastan, Muğamat, cəngi sözdür.

Ürəyin elçisidir, Kamillik ölçüsüdür, Məhəbbət külçəsidir, Sevgi çələngi sözdür.

Tanrıdan müjdə alan, Ruh ilə cismə dolan, İnsana qismət olan, Bəxtin nəhəngi sözdür.


SƏNİ

Başini dik tutammasan, Kimsə çəkməz başa səni. Tapdayarlar, görməsələr, Qürurunla qoşa səni.

Buz kimidir ömrün üzü, Alışmasan sönər közü, Bədəbəddə bəxtin özü, Yazdan atar qışa səni.

Həyat sınaq meydanıdır, Səhvə qınaq meydanıdır, Tərs badalaq meydanıdır, Çəkər bərkə-boşa səni.

Yetmək üçün arzulara, Çalış-vuruş, yollar ara, Döndərərlər, düşsən dara, Bir qanadsız quşa səni.

QAYTARA BİLMƏZSƏN

Elə ki, büdrədim, dağıldı çoxu, Sandılar çarəsiz, naəlac məni. Amma sədaqətdən, mənəviyyatdan, Çıxara bilmədi ehtiyac məni.

Qorudum müqəddəs bir varlıq kimi, Qəlbimin, gözümün toxluğunu mən. Şükr edib halıma sığındım haqqa, Şikayət çıxmadı bir an dilimdən.

Susdu telefonum, dincəldi qapım, Arayıb-axtaran olmadı məni. Adım unuduldu o qəlblərdə ki, Olmuşdu könlümün doğma məskəni.

Enişli-yoxuşlu həyat yolunda, Könül, mənliyini, əzmini qoru. Mətin çıxammasan bu imtahandan, Qaytara bilməzsən itən qüruru.

Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!