Vasif Zöhraboğlu - Könlüm küsdü sevgilərin dadından

2016-11-02 23:54:17 / 16154 dəfə oxunub

Eh...

Ən gözəl qadınlar uzaqlarındı, Uzanır yollar da yaxına gəlmir. Aldana bilmirsən ayaq səsinə, Daha kölgələr də yuxuna gəlmir.

Ən gözəl qadınlar uzaqlarındı, İsidə bilmirsən buz əllərini. Gəlin köçürürsən vağzalı üstə, Divarda rəqs edən şəkillərini.

Ən gözəl qadınlar uzaqlarındı, Uzaqlar öyrədir uzaq baxmağı. Yox, sənə ürəyin ağrı vermirsə, Heç nəyi dəyişmir solda olmağı.

Ən gözəl qadınlar uzaqlarındı... Gəl hərdən, gəl həddi aşıb darıxaq. Burda dadı yoxdur tək darıxmağın Gəl birlikdə qoşalaşıb darıxaq.

Ən gözəl qadınlar uzaqlarındı, Ömründən vaxt saxla qonaq olmağa. Daha darıxmağın sonuncu günü, Gəlirəm mən sənə uzaq olmağa...


Hə...

Eh, daha keçmişəm otuz yaşımı, Sultanlıq sözündə bəxtim qarıdı. Qızların sevgisi qatdı başımı, Birdə ayıldım ki, ömrüm yarıdı.

Bəlkə anlamadım mən bəxti qaçaq, Bəlkə də sevgiyə yaşım çatmadı. Bal kimi sevgilər yaşadım, ancaq Birində barmağım bala batmadı.

İndi saçlarımın hamısı dən-dən, İndi ürəyimə hava gəzirəm. Bir damın altında saman çöpündən, Qaranquş könlümə yuva gəzirəm.

Yox, daha vaxt keçdi düşdü göz əldən, Yenə də tənhasan qaçırsa yuxun. Qapısı küləkdən, damı xəzəldən, Bir ev tikənmədim payıza yaxın...

Eh, daha keçmişəm otuz yaşımı, Sultanlıq sözündə bəxtim qarıdı. Qızların sevgisi qatdı başımı, Birdə ayıldım ki, ömrüm yarıdı.


Şairlər evindən didərgin düşər

Darıxmaq nə bilir, təklik nə bilir, Gözlərin üşüyər saata baxsan. Bir de görərsən ki, qapın döyülür, Bir də görərsən ki, sən evde yoxsan.

Bu kasıb komada azı min dəfə, Özünü gəzərsən yerini bilsən. Tələsik qaçarsan qapı tərəfə, Yadına düşər ki, evdə deyilsən.

Ayrılıq qoxuyar biraz havadan, Pəncərən önünə biraz gün düşər. Quşlar payızında yurddan-yuvadan, Şairlər evindən didərgin düşər...


Kənd qızı...

Adam xöşbəxtlərin xöşbəxti ola, Allah da, qaytara cavan yaşını. O, köylü qızın da köç vaxtı ola, Gedib kəsdirəsən bulaq başını.

Dindirsən dəyişər üzün rəngini, Canında tərpənər həyasınacan. Çiynindən götürüb su səhəngini, Qızı ötürəsən qapısınacan.

Qız çaşar üzünə məhəttəl baxıb, Deyərsən, ay dərdlim dərmanın mənəm. Sevdiyin ən gözəl nağıldan çıxıb, Gəlmişəm, ağ atlı oğlanın mənəm.

Bircə yox sözünnən əsər ürəyin, Deyərsən daş olmaz qəlbi adamın. Gündüzlər yediyin duzun, çörəyin, Gecələr yuxun da, olar haramın.

Qoyarsan gözləri yaşlı sevgini, Son dəfə, o qıza birdə baxasan. O, kəndli sevgini, daşlı sevgini, Gətirib Bakıda darıxdırasan...

Ünvanlı...

Könlüm küsdü sevgilərin dadından, Çoxmu gördün sən mənə bir salamı? Elə gözəl çıxıram ki, yadından, Sən nə gözəl unudursan adamı.

Necə sevdim, necə gəldin xoşuma, Ötən günlər xatirədir bir udum, Mən haranın külün töküm başıma, Heç bilmirəm səni necə unudum.

Hələki səbrimin daş tərəfisən. Hələki yaramda duz saxlayıram. Sən mənim ömrümün qış tərəfisən, Səndən ürəyimi buz saxlayıram.

Könlüm küsdü sevgilərin dadından, Çoxmu gördün sən mənə bir salamı? Elə gözəl çıxıram ki yadından, Sən nə gözəl unudursan adamı.

....?

Dedim ki, sevirəm insafın hanı? "Yox" dedin bir az da çoxaldı dərdim. Amma düşünmədin bütün dünyanı, Təkcə ürəyimlə ala bilərdim.

"Əlinin qabarı tikandı" - dedin, Qorxuram görüşsək, əlimə batar. Kasıbsan çörəyin yavandı dedin, Dedim ki, sevgimiz şirinlik qatar...

Nə olsun uçuqdur evimin damı, Nə olsun sökülür daşı günbəgün. Amma puldan ötrü sevən adamı, Dəyişmək olarmı gülüm, bir düşün.

Gərək düşünəydin "yox" söyləyəndə, Mən ki göz ustası, qaş ustasıyam. Gülüm, ürəyini daş eyləyəndə, Sən hardan bildin ki, daş ustasıyam...?!


Hardasa bir ünvan mənə gəl deyir...

Adam ölməyə də darıxır hərdən, Bir ucuz ölümün möhtacı olur. Həyatı dünyaya gəldiyi yerdən, Getdiyi yerəcən tapmaca olur.

Bu kasıb ömrümdən kimdir pay uman? Bu uçuq daxmamın qonağı olsun. Mən ölüm eşqiylə alışan, yanan, O mənim eşqimin çırağı olsun.

Göylərin həsrəti başıma döyür, Evimin damından yağış, qar keçir. Hardasa bir ünvan mənə gəl deyir, Hardasa könlümdən intihar keçir.

Anam, dərd eləmə, daha qəm yemə, Bu ömür olmadı ömürdən sonra. Dur məni yola sal oldüyüm günə, Deyirlər, həyat var qəbirdən sonra...


...?

Divlər uydururam, nağıl gəzirəm, Saat əqrəbində zaman daş olsun. Könlünü almağa bir yol gəzirəm, Mən necə darıxım sənə xoş olsun.

Vecsiz adamların soyuq salamı... Bezmişəm şəhərin bu səs-küyündən. Göylər də qarğışa tutur adamı, Məktublar tökülür quş dimdiyindən.

Daha darıxdırma şüşədə canı, Qurtar bu tilsimdən sən məni, gözəl. Bütün nağılların baş qəhramanı, Sonunda qayıdır, sən də qayıt gəl.


Qoru gözlərimi gün işığından...

Batmağa yollanar gun yavaş-yavaş, Şəkilim üşüyər başın üstündə. Mən dəli bir sevgi, sən həykəltaraş, Yon mənim əksimi daşın üstündə.

Bu daş ki, sukutdur-sukut hələlik, Tozumdan gözünə vurmasın külək. Biraz tənhalıq ver, biraz dəlilik, Vicudum ruhunu oxşasın gərək!

Ürək qoy sinəmin üstünü oyub, Bəlkə də qədrimi bilərsən mənim. Darıxsan gözünün üstünə qoyub, Arada tozumu silərsən mənim.

Yenə daş oyandım bu sübh çağına, Gözlərim kor oldu yaraşığından. Qaldır əllərini tut qabağına, Qoru gözlərimi gün işığından!


Küçənizdə məni görən olmayıb?

Özümü də unutmağa az qalıb, Saxla daha yağışını, dolunu. Hərdən sizin küçənizlə səhv salıb, İtirirəm evimizin yolunu.

Nə olsun ki, keçir gecə yarıdan, Küçənizdə heykəl olub bu bəndə. Nigaranam biraz atam sarıdan, Danlanıram evə də gec gedəndə.

Dünya pisdir nə olmaya, nə ola, Gün batmamış evdə olsan, xoş gələr. Gec gəlirsən deyir evə, a bala, Qorxuram ki, başına bir iş gələr.

Qoy danışsın, əşşi, qoca kişidir, Atamdır da, deyənmirəm danışma. Çox danışmaq yaşlıların işidir, Necə deyim sevgimizə qarışma.

Deyən sevgin kor eyləyib gözümü, Özgələri görən halı qalmayıb. Küçənizdə unutmuşam özümü, Küçənizdə məni görən olmayıb?

Son xəbərlər
QHT müqavilələr bağladı
2019-06-12 12:13:43
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!