Süleyman Abdulla - Dağları titrədən gur səsimiz yox

2016-11-03 18:00:50 / 13685 dəfə oxunub

Keçən günlər

Günlərin bir günü, Avand ciblərin Astarı qəfildən tərs çevrilə. Kirillə yazılan şeir tapasan, Gözün qonorara həris çevrilə.

Dükan tapmayasan xırdalamağa Satıcı gözünə tutub heyrəti Cevirib boylana gün işığına. O üz-bu üzünə baxa bankomat, Cəkə çiyinini növbədəkilər.

Bir uşaq kefini maxorkalaya, Büküb ''Pravda''ya ''İskra'' çəkə. Tuta bir nənənin ''Kommunist''liyi, Baxa cavanlığın son səhifəsinə Gələ əhvalından samoqon iyi.

Çibləri deyəsən orucu pozub, Tövbə eyləmişdi ''Şampan-1''ə,eh, ''Şampan-2'' üçün darıxdığı gün... Adamın beyini dumanlanır lap!

Seyr edə ikrahla dükan sahibi: -Bu adam deyəsən sovetdən qalıb,- Yoxsa kimdi baxan göy əlliliyə... O vaxt şairlərin kefiydi,yoldaş! İdman xəbərləri oxuyan da yox...

Ürəyimə

Bir ümid dalınca yollara düşdüm Hərlənib qayıtdım öz ürəyimə. Qovğadan ötüşdüm, Qadaya düşdüm Anlada bilmədim söz ürəyimə.

Sevincə ox atdım ovum qəm oldu Vardığım bayramlar hey matəm oldu. Qanı qədəh-qədəh içdi dəm oldu Dedim,-laxta-laxta qus,-ürəyimə.

Kəsdim haqq yolunda həkət canıma Əfsuslar yük oldu fəqət,canıma. Müsəlman söylədi lənət canıma Özüm də tapmadım rus ürəyimə.

Günəş işığında qaraldı eynim Hər dadı şirini çəkmədi meylim. Heç kimə isinib qızmadı,neynim, Oddan köynək geydim buz ürəyimə.

Qara gecələri ağ dan eylədim Qorxudub bağrımı al qan eylədim. Hərdən cana doyub üsyan eylədi Min dəfə təpindim,-sus!-ürəyimə.

Yazdan payız umdum,yaydan qış demə Donuq baxışlarda yay da qış,demə. Bu ömür dediyin qumarmış demə Qəfil altı düşdü tuz ürəyimə.

Insafı,mürvəti itdi deyəsən Daha dahası yox...bitdi deyəsən. Yaman dadı qaçıb,şitdi deyəsən Birisi səpərmi duz,ürəyimə?!


Geri dönüm

Mən yola çıxanda sona varıram Çatmamış yolumu kəs,geri dönüm. Daşlaşan qəlbimdə qəm aparıram Öz qəmim özümə bəs...geri dönüm.

Ah,yolum üstündə bir gör nələr var Dünya ayağıma,göy başıma dar. Gözümün önündə həsrət,intizar Boynumun ardında səs,geri dönüm.

Sevgi azalıbsa,eşq qıtsa,titrə Qəlbini bir atəş qarsıtsa,titrə. Itirmək qorxusu sarsıtsa,titrə Üstümdə yarpaqtək əs,geri dönüm!


Hələ ki

Basıb üz-gözünü qara kədər,qəm Silməyə imkanı yoxdu hələ ki. Dərdini ürəyə salır,kimləsə Bölməyə imkanı yoxdu hələ ki.

Inamı qalmayıb almağa gücü Çatır boş xəyala dalmağa gücü. Getməyə yeri yox,qalmağa gücü Gəlməyə imkanı yoxdu hələ ki.

Döyükər-vurnuxar naçar yerində Baxar bu dünyaya açar yerindən. Arabir dodağı qaçar yerindən Gülməyə imkanı yoxdu hələ ki.

Hərdən fikirləri əyər qanunu Gah sevər,gah bezib söyər qanunu. Varmı bu dünyada dəyər qanunu,- Bilməyə imkanı yoxdu hələ ki.

Yol gedər,yolları çıxar ölümə Təklikdə göz yaşı axar ölümə. Yaman həsrət-həsrət baxar ölümə Ölməyə imkanı yoxdu hələ ki


Heyif deyildimi...

Yox, daha gəlmərəm siz tərəflərə, Sən ki,yoxsan... Orda nə itim azıb?! Lap gəlim, İtirib-axtaran hanı, Kim məni tanıyır, bilə kim azıb.

Heyif deyildimi... Hirsindən içini didib yeyəsən, Mənsə,yağış altda tutam dəm,Allah! İliyim islana... Baxıb deyəsən: -Belə gicmi olar,itinəm,Allah?!

Təpədən-dırnağa yaşdı pəncərən İslaq çiçək olub bit gözlərimdə. Çim su içindəyəm, Qəfil gülümsə... Bir az da kövrəlib yavaşca dillən: -Üzü sulu ikən it, gözlərimdən.


...Yox... Daha gəlmərəm siz tərəflərə, Bir səbəbmi qalıb baş çəkəm,dəyəm? Küçə itləri də hürməz, Çünki mən Sənsiz qalan gündən it günündəyəm... 2016. Süleyman Abdulla.

Giriş qadağandır!

Bu da gecələrin son dayanacağı, Çoxdan avtobusu yatan sürücü, Xırda qəpikləri sayıb qurtarıb. Plan ödənibmi? ...bilməz marşrut. Yağır yolların Fikir nə əvvəli,nə də sonudur.

Ətraf qaranlıqdır... ...ölü bir sükut... Ömürlük baş əyib söyüd ağaçı Hüznlə sənsizliyin xatirəsinə...

Yollar açıq deyil bağlı yerlərə dərd daşıyasan, Küçədəki ağ oxlar qaranlıq sağı göstərir. Yanır işıqforlar qıpqırmızı,- Cəhənnəm rəngində. Solda əbədi dünya,-qəbristanlıq, Qapısı bağlı... Üstündə "giriş qadağandır" işarəsi...

Sənsizlikdən o yana da qadağalar varmış! Bilirəm, Mən gözləyən avtobus gəlməyəcək Sürücüsü çoxdan yatıb, Yuxuda 20 qəpikliklər sayır, Əllərimi cibimdə gizlətdim... Soyuqdur!

Sevgidən başladı.

Dağları titrədən gur səsimiz yox, Daha od ələyən nəfəsimiz yox. Ayrıldıq,ayrılmaq həvəsimiz yox, Sevgidən başladı bu ayrılıqlar.

Sevgimiz yad əllə çəkildi dara, İşıqlı dünyamız geyindi qara. Üz tutub gedirik ayrılıqlara, Sevgidən başladı bu ayrılıqlar.

Çəkdiyim bu əzab,zülüm sənindir, Alovum sənindir,külüm sənindir, Özüm olammadım,ölüm sənindir, Sevgidən başladı bu ayrılıqlar.

Daha tabım yoxdu dözüm bu dərdə, Mən çəkən həsrəti çəkməzdi nər də... Barı məni yaşat xatirələrdə, Sevgidən başladı bu ayrılıqlar. 1987.''şəkillər ağlamaz''kitabımdan...


Qurtuluş

Adamı çəkmir heç nə,kefi qaçıb könlümün, Canı darıxanların sıxıntısı gec keçir. Ən gizlin qatlarında sərgi açıb... Könlümün, O qədər azarı var,hər gələn bir dərd seçir, Sən də birini götür!

Bu cəhənnəm dünyada təmiz heç nə qalmadı, Kimsə nəsə xatırlar, kimsə unudar axı. Adəmdən miras qalan bir günahlıq almadır Hərə bir dişlək aldı,cənnətdə nə var axı, Fəndə şirini götür!

Başdan tüstüdür çıxan,baxma,acışar gözün, Sorüşma,tavandakı tale rəngli his nədir. Otur bu xarabada,görəcəksən sən özün, Siqareti tərgidən nədən qəm tüstülədir?! Kəndə sirrini götür!

Sən də elə satırsan,əlinə nə keçirsə, Ən ucuzu,bilirəm,adamdan ucuz deyil. Nə arayıb durursan,nə axtarıb seçirsən, Bir şişlik kabab deyil,bir səpimlik duz deyil... Bəndə... İrini götür!

Hər ziyanda bir xeyir axtaran millətik biz. Ölüm təşrif buyurmuş,çəkinmə, de,mərhaba! Son məqamda güllə biz, çəkiləcək tətik biz, Sıxma göz yaşlarını,onsuz da bozdur hava... Çəndə dirini götür!

Çoxdu,çox...

Nöqtə olub zirvələrə çıxmağa, Çıxılmağa ucalıqlar çoxdu,çox... Göz işləyən son zərrəni yığmağa, Yığılmağa ucalıqlar çoxdu,çox...

Daha bildim bəhanəymiş "daha"lar, "Ho" çıxaran dağda durmaz "aha"lar. Sığınmağa yoxuş boyu kahalar, Sıxılmağa ucalıqlar çoxdu,çox...

Ululaşar birdən-birə bir vədən, Ağ saçında dumanlanar pir vədən. Uf demədən yüksəldiyin zirvədən, Yıxılmağa ucalıqlar çoxdu,çox...


Gəlmirəm.

Gözləmə, Gözünü yığ küçələrdən, Demişdim gələcəm, Daha gəlmirəm. Nə həsrətlə boylan, Nə də köks ötür, Yumşalıb çəkdiyin aha,gəlmirəm.

Kirpiyin çəkməsin göydən daha nəm, Qul kimi boylanma,şahim-şahanəm. Yrəyim kasıbdır, Amma bəhanəm, Yolpulu olubdur baha,gəlmirəm.

Zorla yolçuluğun çox ''aha''sı var, Yalan olanların çox dahası var. Bunun amması var, İntəhası var,- Ya deyim gəlirəm, ...Ya ha gəlmirəm!

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!