Hikmət Nikbin - Böyüyərsən, tanıyarsan dünyanı

2016-11-04 17:40:33 / 5497 dəfə oxunub

***

Getmək istəyirəm səndən, Birdəfəlik-biryoluq ,dünya. Doğulaq da yüz yol, yenə adam, adam olluq dünya...

Qapın-pəncərən hardadı, Çıxım,qayıdım da başqa... O mən biçarən hardadı, Səni yarıdım da başqa.

Sığmıram adam boyuma, Dünya,kəs boyumdan ,dilimdən... Sən boyda olan sözümü, Sən Allah götür əlimdən.

*** Sən oyuncaqlarla oynayırsan, bala, Mən göy üzüylə... Sən oyuncaqlara ağlayırsan, bala, Mən göy üzünə.

Hələ dünya anandı... Ananı soyunmamısan əynindən, Hələ çıxırsan köynəyindən. Mən isə dərimdən çıxıram... Axşam Allaha yalvarıb, Min səhərimdən çıxıram... Böyüyərsən, tanıyarsan dünyanı, Görərsən, buludların arada gülməyi var... Göylərin ana öldürməyi, Səninsə ölməyin var. Xoşbəxtliyini yaşa, bala, Hələ ki, dünya ananla qurtarır... Xoşbəxtliyini yaşa, bala, Hələ ki, Allahsız keçinirsən !

*** Mən ki, ölmüşəm, İlahi, Niyə xəbərim olmayıb… Hanı bəs mənə ağlayan, Bəs niyə qəbrim olmayıb.

Aldığım min bir yaradan, Daddığım min bir acım var… Bəhərini kəm gətirən, Niyə ömür ağacım var.

Eh…bir vaxtlar, eh…bir vaxtlar- Acı dadmayan dodaqlar, Ruhumu gəzən ayaqlar, Gözümdə üzən barmaqlar, Mələk olduğum o çağlar… Xatirələr dəli ölülükdü, Mən ki, ölmüşəm, İlahi.

Dünya Tanrı divarıdı, Üstündən aşa bilmədim… Boyumun nəyi var idi, Çölünə bağlı dünyada Sənə yaraşa bilmədi… Mən ki, ölmüşəm, İlahi.

*** Rənglərə sevilmək- elə səhv eləməkdi, İnsan səhv edəndə ölür... ...ölmür göyüylə, yeriylə, Bir quru bədəndə ölür.

Öyrəşməyib yaza, qışa... Başını qoyub balışa gedir saat əqrəblərinin oyandığı yerdən məkanın özünü dandığı yerə...

Nə yaxşı ki, bizsiz deyil bu dünya... Dənizlər balığa gərək olmazdı, Heç Tanrı da gerçək olmazdı...

Bir vaxtı biz də dəniz adamı idik... Bir vaxtı bu dünyanın səssiz-səmirsiz adamı idik. ...gözünüz aydın, ağaclar sizi əkən var.

Gecənə bərəkət... Utanıram özümdən, Gündüzdü... Kirpiklərimi ört, gedim, Tanrı....!

...gedim, dünya mənim deyil, Bürünməyə əynim deyil... Ovcunu ver, yığım ovcuna yağan yağışı, İslanan var... Daha dəniz adamı deyilik axı. Ovcunu ver, yığım ovcuna qayıdıb gələn qışı, üşüyən var... Daha qanı istiyik axı.

Dəyişmir qarın, yağışın, ...səhərin, axşamın. Bizimsə dəyişir əvvəlki özümüz, ...əvvəlki andımız, sözümüz, Dəniz haqqı ! ...Nədən, Tanrı ?!

*** (Vaqif Bayatılı Odərin "Səni niyə belə sevdim..." şeirinə nəzirə)

Niyə dünyaya həyandan, Bir səni istədim, niyə...?! Bu da, bu da etmədi bəs, Sirr səni istədim, niyə ?!

Bu payız, o bahar kimə dərd vermədi... demə, demə. Saat nədi, dəqiqəmə hər səni istədim, niyə ?!

Özümü səndə görürdüm, Gözündə adam kimi ölürdü... Mən axı Tanrı bilirdim, Axı, axı Tur səni istədim, niyə ?!

*** Mən də bu yaxında yola düşəcəm, Qəribsəyəcək dünyamdakı ağac.. ...pencəyimə bürüyün onu. Dizəcən batıb torpağa, Gecədən gündüzəcən batıb torpağa. Qopmur tənhalığından... Axşamları oyadan Tanrı, bu ağacın bəxtini ver, Baltalar var... Quraqlıqdı göy üzündə, Yanan ağaclara su gətirsin balıqlar... Gününü çəkirsən günəş adlı ağ boyadan, Tanrı ! ...bəs bizi nəynən çəkirsən.

*** Gördüyün Tanrını, Musa, Niyə mən görə bilmirəm... ...niyə Cəbrayıl-mələklə salam göndərə bilmirəm.

...İlahi hər yerdədisə, Tur dağına lüzum vardı...? Qoyun otaran yerdəcə, ...əyləşdiyin süfrədəcə deyərdi də sözü vardı.

Əjdahanı əsa edən, Əsadan əjdaha olmaz...! Hamı uyudu yuxuna, Yuxuna gözüm uyumaz.

...danışsan da Rəbb adından, Haqdan gələn sözlər idi. Ümidsiz köməksizləri adı ilə əzizlər idin, vədiylə əzizlər idin.

Ona görə sevdi səni, Musa "Tövrat"ın mübarək ! ...İsa, Məhəmməd adının təkrarı, zatın mübarək !

...İstədim ölmək...Tanrıya xəbər göndərə bilmədim. Əzrayılı Hikmətəcən, Musa, endirə bilmədim...

*** Rəssam, təsvir ver, Sevindirim uşaqları. Oyuncaqlarından ayırılan vaxtlarıdı... Gəmilər dənizə çılpaq girirlər, Axı balıq qanunlarında paltarlı suya girmək ayıbdı... Əynidi rənglər təbiətin, Boyunacan... Ayaqlara "Geriyə yol var" pıçıldayar məzarlıqlar. Ağ geyindi o qız, Toyunacan... Bütün ömürləri dünya özünə yükləyib keçir yanımdan. SABAHları mənsiz sevər fəsillər. ...hələ ki, sözüm qopur canımdan. Tanrını öyrən, oğlum, Mövhumat- ölən adama "Məni eşidirsən ? " deməkdi...

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!