ZEYNƏB DƏRBƏNDLİ - Qəlbimdəki duyğular çəkirlər dara məni

2016-11-05 18:20:33 / 3517 dəfə oxunub

Dağıstan Azərbaycan

Yaşıllığ çöl çəmənim, Göz bəbəyimdir mənim. İki doəma vətənim, Dağıstan Azərbaycan.

Tarixi, dastanı bir, Böyük bir əfsanədir. Mənimçün bərabərdir, Dağıstan Azərbaycan.

Havası dərmanımdır, Damarımda qanımdır. Ürəyimdir canımdır, Dağıstan Azərbaycan.

Eynidir qış baharı, Qaynayır bulaqları. Soyumun yadigarı, Dağıstan Azərbaycan.

Keçmişdən şanlı izi, Coşur qardaş dənizi. Samur ayırdı sizi, Dağıstan Azərbaycan.

Bir yurdsuz doğma əziz, Havası suyu təmiz. Zeynəbin fəxrisiniz, Dağıstan Azərbaycan.


NİYƏ BÖLÜNSÜN VƏTƏN

Qaralıyığ, ağlıyığ, Aranlıyığ, dağlıyığ. Bizdə bu torpağlıyığ, Niyə bölünsün Vətən?

Havası bir, suyu bir, Baharı bir, yayı bir. Əjdadı bir, soyu bir, Niyə bölünsün Vətən?

Çörəyi, duzu birdir, Göydə ulduzu birdir. Xəzər Dənizi birdir, Niyə bölünsün Vətən?


AFƏRİN

Ürəyimdə saf doğulan sevginin, Zərrə zərrə öldürmüsən, afərin. Dostu, yadı bu əzablı sevgimə, Agah edib güldürmüsən, afərin.

Nə sevmədin, nə sevdirə bilmədin, Acı axan göz yaşımı silmədin. Can üstəydim, bir yaxına gəlmədin, Dərdi yadla böldürmüsən, afərin.

Bu Zeynəbi, saldın acı sevdaya, Hisslərimi tez sovurdun havaya. Necə biri olduğunu hamıya, Nəhayət ki bildirmisən, afərin.


ULU DƏRBƏND

Hündür geniş hasarları, Dosta açıq qapıları. Dədəm Qorqud yadigarı, Ulu Dərbənd, ulu Dərbənd.

Səsin düşübdür hər yana, Burda xəstə gəlir cana. Bir bəzəkdir Dağıstana, Ulu Dərbənd, ulu Dərbənd.

Küçələri eniş, dönüş, Özü bir muzeyə dönmüş. Ulu babalardan gəlmiş, Ulu Dərbənd, ulu Dərbənd.

Qalan tacdır başımızda, Həzin keçir qışımızda. Ucalmısan qarşımızda, Ulu Dərbənd, ulu Dərbənd.

Hər tarixdən silinməz iz, Suyun şirin, havan təmiz. Bizim üçün doğma, əziz, Ulu Dərbənd, ulu Dərbənd.

Göy xəzəri aşar, coşar, Tarixi özündə yaşar. Zeynəb sənə nəğmə qoşar, Ulu Dərbənd, ulu Dərbənd.


ANAM HARDASAN

Günlərim sənsiz olub, Üzüm saralıb, solub. Gözümə həsrət dolub, Canım Anam hardasan?

Adın düşmür dilimdən, Qorxum yoxdur ölümdən. Qurtar məni zülümdən, Canım Anam hardasan?

Yazıram bitmir sözüm, Bu dərdə necə dözüm? Səni axtarır gözüm, Canım Anam hardasan?

Artıq yaşa dolmuşam, Çiçək kimi solmuşam. Dəli şair olmuşam, Canım Anam hardasan?

Üzüm gülür, içim yox, Sinəmdə həsrətli ox. Sənsiz darıxıram çox, Canım Anam hardasan?

Dərdlərimi bölmədin, Göz yaşımı silmədin. Niyə getdin, gəlmədin, Canım Anam hardasan?

Mən Zeynəb qaldım yetim, Mən sənə necə yetim? Ey mənim həqiqətim, Canım Anam hardasan?


HARDASAN

Güllü yazım, baharım, İlk eşqım, ilk nübarım. Ay mənim vəfadarım, Hardasan?

Ürəyimi üzənim, Dərd içində əzənim. Bəlkə məndən bezənim, Hardasan?

Əlinə çatmır əlim, Yaman dolaşır dilim. Ey divanə sevgilim, Hardasan?

Sənsiz yetimdi halım, Bilmirəm ölüm, qalım. Ey çatmaz vüsalım, Hardasan?

Yenə doluxub gözüm, Həsrətim düzüm düzüm. Ay küsəyən əzizim, Hardasan?

Qəlbimdə hicran seli, Başımda sevda yeli. Zeynəbi etdin dəli, Hardasan?


ANA

Qəlbimdən süzülən acı yaşları, Kaş gəlib əlinlə sileydin Ana. Bu ürəyi kövrək, qəmgin balanın, Könlünü ovuta bileydin Ana.

Rəsminə baxıram, içim göynəyir, Xəyallarım mənə, nağıl söyləyir. Gözüm qan, yaş tökür, qəlbim inləyir, Kaş gəlib üzümə güləydin Ana.

Gəl Zeynəb qızına, ver bir təsəlli, Eləbil dünyadan üzülüb əli. Ana Ana deyə sızlayır dili, Nəolar, qayıdıb gələydin Ana.


ŞUŞA MƏNİM QİBLƏGAHIM

Şuşa mənim şah əsərim, Mən onu görmək istərəm. Şuşanın yaylağlarından, Gülünü dərmək istərəm.

Şuşa mənim muğamatım, Onu oxumağ istərəm. Şuşamın gül xalısını, Özüm toxumağ istərəm.

Şuşa mənim varım, yoxum, Mən ona dönmək istərəm. Şuşamda can vermək üçün, Əyilmək, ənmək istərəm.

Şuşa mənim doğma elim, Yolunu açmağ istərəm. Şuşamın uca dağında, Günəş tək saçmağ istərəm.

Şuşa mənim qürur yerim, Dasdan uydurmağ istərəm. Şuşamı qan bahasına, Geri qaytarmağ istərəm.

Şuşa mənim Tarım, Sazım, Həkayə yazmağ istərəm. Şuşamıdan düşmən izini, Kökündən pozmağ istərəm.

Şuşa mənim Qibləgahım, Səcdəyə durmağ istərəm. Şuşamdakı qatilləri, Əlimlə qırmağ istərəm.

Şuşa mənim Ata yurdum, Torpağın öpmək istərəm. Şuşamda, mən qərib Zeynəb, Gül, çiçək əkmək istərəm.



AĞLAMA KÖNLÜM

Səni dərd sınadı, kədər oxşadı, Balını itirdın, zəhər oxşadı. İçini qəm yedi, qəhər oxşadı, Düzə bilməsən də, ağlama könlüm.

Səni incitdilər, dinə bilmədin, Haqsız yandırdılar, sönə bilmədin. Sən, öz düz yolundan dönə bilmədin, Dözə bilməsən də, ağlama könlüm.

Sən içində ağla, üzə çıxmasın, Ağrı acıların, düzə çıxmasın. Yaşını sıx saxla, gözə çıxmasın, Dözə bilməsən də, ağlama könlüm.


NAĞILA İNANMIRAM

Daha nağıl deməyin, Nağıla inanmıram. İndi ki nağılları, Heç nağıl da sanmıram.

Mən uşağ deyiləm ki, Hər nağıla inanım. Körpə uşağlar kimi, Olmayana aldanım.

Mən nağıl istəmirəm, Hamısı yalan imiş. Nə Təpəgöz, əjdaha, Nə də ki div var imiş.

Nağıllar doğru deyil, Nəyə lazım yalanlar? Nağılsız da həyatda, Çoxdur əfi ilanlar.

Köpəgirən, div artıb, Çoxalır günü gündən. İndi də dinc yatmırıq, Nağılların əlindən.

Nağıla baxa baxa, Torpağlar getdi əldən. Torpağ, Vətən kəlməsi, Heç vaxt düşməyir dildən.

Vətənimiz Qarabağ, Əsir düşüb dardadır. Bəs, o ağatlı oğlan, Deyin görüm hardadır?

Qız, gəlinim əsirdə, Başında min bir bəla. Niyə gəlmir nağılın, Qəhrəmanı Nərbala?

Dağım, düzüm qan qoxur, Kim yuyacağ bu qanı? Divi kələklə yıxan, O cəsur Cırtdan hanı?

Nağılı necə sevim? Nağılın sonu gözəl. Qarabağ çöllərin də, Ayaq altdadı göz, əl.

İndi özünüz deyin, Nağıllar düzmü olur? Mənim nağıllarımda, İnsanlar saçın yolur.

Kimi ağlın itirib, Kimi, oğlum vay deyir. Kimi tamam soyunur, Kimisi qara geyir.

Hələ o göydən düşən, Almaları demirəm. Göylərdən alov yağır, Onları istəmirəm.

Nə nağılı lazımdı, Nə alması gərəkdir. Yurdumun yad əllərdən, Qurtarması gərəkdir.

Zeynəbəm, mən nağıla, İnanaram o zaman, Qarabağ qayıdarsa, Gülərsə Azərbaycan.


MƏNİ GÖZLƏMƏ

Gözün məni gəzsə də, Acı yaşlar süzsə də. Həsrət səni üzsə də, Məni gözləmə.

Sevgiyə həsrət qalsan, Qəmli bulud tək dolsan. Dərdindən dəli olsan, Məni gözləmə.

Dərd daşında öyüləm, Çətin sənə əyiləm. Sənə dönən deyiləm, Məni gözləmə.

Sən məni saldın oda, Ömrümü verdin bada. Tək qalsan da dünyada, Məni gözləmə.

Qorxma, sənsiz ölmərəm, Yoxluğunu bilmərəm. Nə olsa da gəlmərəm, Məni gözləmə.

Zeynəbi çəkmə dara, Qəlbimə vurdun yara. Lap qalsan da avara, Məni gözləmə.


SƏN YADIMA DÜŞƏNDƏ

Nə düşmüsən könlümə, Əlin dəymir əlimə. Söz gəlməyir dilimə, Sən yadıma düşəndə.

Bir an qayıt gəl barı, Sənsən ömrum nübarı. Ağlaram zarı zarı, Sən yadıma düşəndə.

Baxıram sola, sağa, Buz tək soyuğ otağa. Bənzəyirəm uşağa, Sən yadıma düşəndə.

Nə sevinəm, nə güləm, Az qalıram ki öləm. Gözümdə itir aləm, Sən yadıma düşəndə.

Üzmə səni sevəni, Qıyma itirim səni. Üşüdür odum məni, Sən yadıma düşəndə.

Başımda həsrət əsər, İçimi didər, kəsər. Ürəyim məndən küsər, Sən yadıma düşəndə.

Zeynəbəm, sənsən çaram, Hardasan ömür param. Dərddən sızıldar yaram, Sən yadıma düşəndə.


QIZILGÜLÜM

Ömrümə yazılan tale yazımsan, Gülərüzlü xoş sevgilimsən mənim. Məhəbbət bağından sayıb seçilmiş, Minbirinci Qızılgülümsən mənim.

Alıb səni tellərimə düzərəm, Oxuyaram gözlərinin sözünü. Baxışınla gözlərimi bəzərəm. Nəfəsinlə izidərəm üzümü.

İnan, sənə ürək desəm az olar, Üz ürəyimin içində azmışam. Dərdim, qəmim həyatımdan azalar, Zeynəbəm, səni qəlbimə yazmışam.


ÖZÜMƏ QAYTAR

Sən məni özünə əsir etmisən, Bu qəlbimin çəmənində bitmisən. Ürəyimi oğurlayıb getmisən, Mənim ürəyimi özümə qaytar.

Sən məni ayırdın öz həyatımdan, Endirdin ömrümün köhlən atından. Qan sızır qəlbimin qəmli çatından, Mənim ürəyimi, özümə qaytar.

Özüm də bilmədim, nə oldu mənə, Yox- yox deyə- deyə vuruldum sənə. Sənə and verirəm Allah eşqinə, Mənim ürəyimi, özümə qaytar.

Sənin həsrətindən qan, yaş tökürəm, Düşünə- düşünə qəddim bökürəm. Mən bu məhəbbətdən əzab çəkirəm, Mənim ürəyimi, özümə qaytar.

Mən səni sevirəm, gözümdə sənsən, Güzgüyə baxıram, üzümdə sənsən. Hər addım atdığım izimdə sənsən, Mənim ürəyimi, özümə qaytar.

Daha istəmirəm çəkim əziyyət, Gecə ağlayıram gizlicə, xəlvət. Zeynəbəm, son sözüm budur nəhayət, Mənim ürəyimi, özümə qaytar.


YALAN DOSTLARA

İlk baxışdan üzünü mələk sanar, Dostu üçün, güya ürəyi yanar. Birdən birə dostluğu qar tək donar, Nə deyəsən, belə yalan dostlara.

Dost cibinə aşiq olar, aldanar, Dost şotuna lovğa lovğa dolanar. Önə getdi, öndəkinə calanar, Nə deyəsən, belə yalan dostlara.

Dost deyənə, çox güvənmə yanarsan, Onun ikiüzlülüyə sınarsan. Etdiyinə sonra peşman olarsan, Nə deyəsən, belə yalam dostlara.

Mən Zeynəbəm, dostları çox görmüşəm, Əlimdəki çörəyimi vermişəm. Hamının haqsızlığını görmüşəm, Nə deyəsən, belə yalan dostlara. Üzü gülən, dili ilan dostlara.


SƏNİNLƏ VURUR ÜRƏK

Gözlərinə heyranam, Nə olar bax gözümə. Sən uzağda olanda, Ürək baxmır sözümə.

Sənlə nəfəs alıram, Səninlə vurur ürək. Sən yanımda olmasan, Mənə dünya nə gərək?

İnanki gecə, gündüz, Sən mənim yanımdasan. Damarımda, qanımda, Ruhumda, canımdasan.

Sən bu qərib Zeynəbi, Özünə əsir etdin. Kök atmış nanə kimi, Könül bağında bitdin.


SÖNMÜŞ SEVGİ

Ürəyimin içindən, Siləcəyəm adını. Əlimlə söndürəcəm, Bu sevginin odunu.

Bu sevgi sevgi deyil, Mənə dərd verir ancağ. Sən xoşbəxt olacağsan, Mənə əzab qalacağ.

Get, daha istəmirəm, Mən belə məhəbbəti. Kaş əzəldən deyəydin, Bu acı həqiqəti.

Sən özünü düşündün, Mə düşmədim yadına. Deyəsən mən tək yandım, Bu atəşin oduna.

Vaxt gələr çəkəcəksən, Mənə etdiklərini. Tanrı sənə göstərər, Bu həyatda yerini.

Mən uşağ deyiləm ki, Hər sözünə aldanım. Niyə mən bu alovda, Tək alışım, tək yanım?

Daha inanmıram mən, Sevgi adlı varlığa. Çünki, məni salıbdır, Əziyyətə, darlığa.

Bəsdir əsirin oldum, Süründüm arxanca mən. Zeynəbəm, öz ömrümü, Yaşayacam yenidən.


YARALI KÖNLÜM.

Mən öz heyatımı hey düşünürəm, Qəmli taleyimi solğun görürəm. Hamının yanımda tək görünürəm, Ey mənim sevgidən yaralı könlüm.

Peşiman olsam da deyib gülürəm, Mən öz dərdlərimi tənha bölürəm. Yalğız dolanıram, qəmdən ölürəm, Ey mənim sevgidən yaralı könlüm.

Heç özüm bilmirəm nə olub mənə, Axı neyçün düşdüm qəm aləminə. Qismətim nə yaman düşüb dərinə, Ey mənim sevgidən yaralı könlüm.

Zeynəbəm, bu yükü daşıyıram mən, Özüm öz telimi oxşayıram mən. Bilmirəm nə üçüm yaşayıram mən, Ey mənim sevgidən yaralı könlüm.


QƏLBIMDƏSƏN.

Gözüm yolunu gözləyir, Qəlbim yaman sənsizlyir. Üqəyim səni istəyir, Sən, həmişə qəlbimdəsən.

Intizarda qoyma məni, Uzat mənə əllərini. Düşünürəm həp an səni, Sən, həmişə qəlbimdəsən.

Görməmişəm səni hələ, Bu ürəyim gəlib dilə. Məni atıb getsən belə, Sən, həmişə qəlbimdəsən.

Bu Zeynəbə, gəl sən inan, Odur hər dərdinə dərman. Qınasanda məni yaman, Sən, həmişə qəlbimdəsən.


Qayıt gəl ana

Elə çalışıram unudum səni, Silim gözlərimdən dumanı, çəni, Sən gedib tək-tənha qoymusan məni, Bu qəmli dünyama qayıt gəl, ana.

Sənsiz hər mənası itib ömrümün, Sevinci, vəfası bitib ömrümün, Vədəsi lap çoxdan ötüb ömrümün, Bu qəmli dünyama qayıt gəl, ana.

Tənha bir çiçəyəm, yoxdu sorağım, Xəzana dönübdü ömür yarpağım, Sənsən yazan əlim, dolu varağım, Bu qəmli dünyama qayıt gəl, ana.

Bu dərdimi kimə deyim, nə deyim, Tənhalıq çəkməkdən qalmayıb heyim, Sənsən bu dünyada təkcə gileyim, Bu qəmli dünyama qayıt gəl, ana.

Bəlkə son anımdır, görüşək bir də, Gözümə həsrətdən çəkilib pərdə, Getdin məni saldın çarəsiz dərdə, Bu qəmli dünyama qayıt gəl, ana.

Zeynəbin qalıbdı yolların üstdə, Gözlərim yorğundu, ürəyim xəstə, Canımı verərəm, təki gəl istə, Bu qəmli dünyama qayıt gəl, ana!


DƏRBƏNDİM

Dağları, düzləri güllü çiçəyli, Gülü yaz gönçəli teli ləçəyli. Havası həzin meh, çəməni şehli, Qədim tarixlərin sözü Dərbəndim.

Qalası baş tacı, xəzəri sərin, Adının, özünün mənası dərin. Çeşmə bulağların mirvarin, zərin, Ulu babaların izi Dərbəndim.

Peyğömbər süfrəsin çırpıbdır səndə, Bərəkəti səpələnib hər bəndə. Sənlə ruhlanıram inan ki mən də, Bütün millətlərin gözü Dərbəndim.

Zeynəbin gözündə dağdan ucasan, Nə olsun qədimsən, yaki qocasan. Məni Anam kimi sevib qucasan, Bu qəmli şairin üzü Dərbəndim.


NECƏ DEYİM SEVMİRƏM

Qəlbimdəki duyğular çəkirlər dara məni, Görəsən bu xəyallar aparır hara məni. Hara getsəm də yollar götürür yara məni, Necə deyim sevmirəm?

Eşqin dəlisi olub düşmüşəm səhraya mən, Bu həsrətin əlindən gedəcəm haraya mən. Mən mən ola bilmədim, bölündüm yarıya mən, Necə deyim sevmirəm?

Məndən asılı deyil, qan ağlayır ürəyim, Səni görcək gözlərim, şimşək caxır neyləyim? Təkcə sənin olmağdır bütün arzum, diləyim, Necə deyim sevmirəm?

Sənsiz sanki ölüyəm, məzarım qalıb bağlı, Mən bir dəli xəstəyəm, dərddən sinəsi dağlı. Görən düşünür Allah, hardadır bunun ağlı, Necə deyim sevmirə?

Sən mənim ürəyimin, yoluna kol əkmisən, Bu ala gözlərimi, gözlərinə bükmüsən. Bu sevgiylə gözümü, yollarına dikmisən, Necə deyim sevmirəm?

Sən bir dəli Məcnunsan, mən divanə Leyliyəm, İnan ki, sənə deyil özümə gileyliyəm. Bunu Allah da bilir, məhəbbətdən dəliyəm, Necə deyim sevmirəm?

Bəsdir mənim qəlbimi atdın alova, oda, Onsuzda dərddən başqa, nə gördüm ki, dünyada? Gözlərimi yumuram, görünürsən röyada, Necə deyim sevmirəm?

Zeynəbəm, bu sevgidən solub, saralıb üzüm, Hayana boylansa da, onu axtarır gözüm. Mən sevgi aşiqiyəm, sevənlərədir sözüm, Necə deyim sevmirəm?


VƏTƏN DƏRDİM

Hələ də əsirdə qalıb, Göy yamacım, gür bulağım. Arzum budur azad olsun, Cənnətməkan Qarabağım.

Dağım düzüm qan qoxuyur, Bağlarım xəzan açıbdır. Görən nazlı bülbüllərim, Elimdən hara uçubdur?

Dağım daşım nalə çəkir, Meşələrim qan ağlayır. Qarabağda əsir çöllər, Şair könlümü dağlayır.

Cabbarın, Xanın, Bülbülün, Məzarı qalıb ayağda. Üzeyirin, Natevanın, Ruhu ağlar Qarabağda.

Nəyi deyim, nəyi yazım? Gedə bilmirəm elimə. Niyə düşmən əli dəysin, Nazlı Xarı bülbülümə.

Ürəyimin içi yanır, Adına gözəl yurdumun. Zeynəbəm, yetə biləydim, Dadına gözəl yurdumun.



Son xəbərlər
Yeni MÜSABİQƏ
2017-02-24 12:32:52



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws