Fazil Bulud Süleymanov - Ömür cümləmizin sənsən ilk sətri

2016-11-06 10:55:07 / 12485 dəfə oxunub

Əhdinə yetişən qəmim var mənim!

Möhnət dənizində,hicran gölündə,
Lövbəri salınmış gəmim var, mənim.
Məhbbət bağında,sevgi çölündə,
Əhdinə yetişən qəmim var,mənim!

Dərd məskən salıbdı,ürəyim üstə,
Kədər at oynadır,kürəyim üstə.
Fərəh həpsə düşüb,diləyim üstə--
Həyatda acılı,dəmim var,mənim.

Bir həmdəmim yoxdur,başqa özümdən,
Ümidim haqq-hesab sordu dözümdən.
Sənsizlik yolunda qalan gözümdən
Tökülən yaşımdan kəmim var,mənim!

Söylədim arzumu göyə, yerə, mən.
Bağladım könlümü,Araz,Kürə mən!
Sən kimi insafsız, yara görə mən--
Bilmədim ,doğmadan kimim var, mənim!

Dolaşıb xəyalım,gəzir səmada.
Yatan mələkləri qorxur oyada!
Faziləm,eşq dəni əkdim dünyada--
Gördüm ki,göyərmiş zəmim var mənim!



Adam var.....

Adam var.. əyrisin,düzünü bilmir,
Adam var.. məclisdə özünü bilmir,
Adam var.. ağzında sözünü bilmir--
Dindirsən deyir ki,hamıdan başam!

Adam var.. hər şeyin bilir qədərin.
Adam var.. hər zaman bilir öz yerin.
Adam var.. zəkası,kamalı dərin--
Aqillə,alimlə mən də yoldaşam!

Adam var.. peşəsi ara vurmaqdı,
Adam var.. gah ona,buna yamaqdı.
Adam var xaindi.. qaraqabaqdı--
Düşünmə beləsin görməyə şadam!

Adam var.. səmimi ,həm də xeyrxah,
Adam var.. çalışır,etməsin günah.
Adam var.. zikr edir hər axşam,sabah--
İmanı olanla hər vaxt sirdaşam!

Adam var.. düşünməz,edər xəyanət.
Adam var.. əlindən bezib cəmiyyət.
Adam var.. yalandan edir ibadət--
Deir ki,hər kəsə dostam,qardaşam!

Adam var.. haqq sözə,haqq aşiqdi,
Adam var.. bir elə bir yaraşıqdı.
Adam var.. millətə nurdu,işıqdı--
Qananın yolunda torpağam,daşam!



Başım üstə hey dolanır qəm-kədər

Bilməm nədən ömrüm oldu dərbədər,
Bir azacıq pulun,varın dalınca.
Başım üstə hey dolanır,qəm kədər,
Niyə düşdüm..,ahu-zarın dalınca.

Ədalətmi,namərd mərdə tən gələ?
Açıq əlim möhtac oldu tərs ələ.
İstəmədən yaman düşdüm cəncələ--
Tərlan düşüb...sərçə,sarın dalınca.

İkimizik.... bir mənliyim,bir də mən!
Mən ki, haqqam...yalan gəlməz dilimdən.
Ayrılanı öz obamdan elimdən--
Necə gedim düz ilqarın dalınca?

Fazil Bulud,bədbinləşmə..bir anlıq!
Qoy dağılsın başındakı dumanlıq.
Var-dövlətlə ölçülməyir insanlıq--
Əl eləmə...,etibarın dalınca!



Həsrətin içimdə tonqal qaladı!

Sənsizlik qəlbimdə qəm kolu əkib,
Gözlərim vüsalın dərdin çox çəkib.
Getdiyim yollara gözünü tikib--
Bircə yol sən məni anmadın,nədən?!

Talemi de məni sənə caladı?
Ömrümü -günümü sevgin taladı!
Həsrətin içimdə tonql qaladı--
Odumdan od alıb yanmadın, nədən?

Mənim mənliyimdir sərvətim,varım.
Kimsəyə əyilməz,sınmaz vüqarım.--
Sənə tükənməzdir bil,etibarım
Eşqimi müqəddəs sanmadın, nədən?


Ölsəm... ölümü sevərəm!

Gözlərinin dalğasında,
Qaya olum... ləpədöyən.
Səndə tapdım ,axtardığım,
Hər nə varsa könlüm deyən!

Baxışların ulduz-ulduz...
Kor gecənin zülmətində.
Ölsəm... ölümü sevərəm,
Bu sevginin heyrətində!

Xöşbəxtlikdən aşıb -daşsın,
Eşqimizin piyaləsi!
Döyəcləsin ... üz-gözümü,
Saçlarının şəlaləsi!

Təbəssümün saçsın işıq,
Ürəyimin odasında!
Bir sən,bir mən.... daha heç kim.
Qalaq dəniz adasında!


Gəl... dözümü unutmuşam!

Sənsiz elə fağıram ki!
Hay vermədin..., çağıram ki!
Bir kimsəyə baxıram ki?--
Ta gözümü unutmuşam!

Məndən uzaq durma gendə,
Qoy gözünə baxım gündə.
Ağlım-huşum qalıb səndə--
Mən özümü unutmuşam!

Sevgi verdim... qucaq-qucaq.
Ürəyimdə sənsən ancaq.
İnanmırsan? Gəl yaraq bax!
Gör, sözümü unutmuşam?

Həsrətindi söz yoldaşım.
Vüsalınla vidalaşım?
Göyəribdi səbir daşım--
Gəl,dözümü unutmuşam!


Barışaq bir daha küsməyək deyə

Gülüm ,gəl unudub,umu-küsünü,
Tutuşub əl-ələ qalxaq zirvəyə.
Qayada açılan dağ çiçəkləri--
Bizi haraylayır,o ənginliyə.

Uyuyaq qoynunda uca dağların,
Var olan sevgini çiçəyə bükək.
Qoy dönsün geriyə ötən çağların--
Saf eşqdən danışaq,qayğısız gülək.

Bizsiz çay dibində ağlayır bulaq,
Tökür göz yaşını,hey gilə-gilə.
Barışaq elçimiz qoy olsun bu dağ--
Küsməyək...,and içək çiçəyə-gülə!

Dəniz ürəyimdə körpətək uyu,
Qoşulub dalğaya qaçma sahilə.
Dünyanın ömrümə sonuncu payı--
Sənsən... mən ki,səndən doymadım hələ!

Barışaq..,öpüşsün,küsülü əllər!
Dostlar məhəbbəti geysin əyninə.
Sevgi daimidir... bizik dəcəllər--
Barışaq.... bir daha küsməyək deyə!


Süzül ürəyimə...,dol gözlərimə 

Süzül ürəyimə..,dol gözlərimə,
Şirin arzu kimi,lal yuxu kimi!
Tək sənin ruhunu sevmişəm gülüm--
Cismini sevmədim..,mən çoxu kimi!

Ömür cümləmizin sənsən ilk sətri,
Əzizdir qəlbimdə eşqinin xətri!
Könlümü məst edən telinin ətri-
Dolsun ciyərimə xoş qoxu kimi!

Buluddur mənbəyi....,qarın,yağışın.
Doldurma içimə, gözümün yaşın!
Dələr ürəyimi ..küsgün baxışın--
Bir naşı ovçunun çaş oxu kimi!


Bu qız kimin qismətidir..,görəsən

Xudam verib bər-bəzəyin,naxışın,
Qüsullanıb ,saf suyunda.. yağışın.
Dəlisiyəm... bircə odlu baxışın--
Bu qız kimin qismətidir..,görəsən!

Dodaq üstə qoşa xalı var bunun,
Yar canını alan halı var bunun.
Saçlarının qalmaqalı var bunun--
Bu qız kimin qismətidir..,görəsən!

Gözəlliyin incisidir,incisi,
Yox gözümün nə gündüzü,gecəsi.
Camalının ölüsüdür neçəsi--
Bu qız kimin qismətidir..,görəsən!

Yaranışdan qənirsizdir qaməti,
Həyatımdır.., gözlərinin qiyməti.
Mənim olsa...neyləyirəm,sərvəti!-
Bu qız kimin qismətidir..,görəsən!



Son xəbərlər
Qızıl xeyli ucuzlaşdı
2017-01-19 10:50:47
Bakı funikulyoru pullu oldu
2017-01-18 18:24:32



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws