Elməddin Nicat - Bir ovuc su olsun duam

2016-11-06 20:56:07 / 11924 dəfə oxunub

Əsədov Elməddin Murad oğlu 1 sentyabr 1982-ci ildə Kəlbəcər rayonun Zəylik kəndində dünyaya göz açıb. Orta məktəbin beşinci sinifinə qədər doğulduğu kənddə, qalan sinifləri isə məcburi köçkün məntəqələrində oxuyub. 1999-cu ildə Gəncə Dövlət Universitetinin Tarix fakultəsinə daxil olub. 2004-cü ildən Kəlbəcər rayon 74 saylı ümumi orta məktəbdə müəllim işləyir. Azərbaycan Yazıçılar Birliyinin, Dünya Gənc Türk Yazarlar Birliyinin və Uluslar arası Aktivist Sanatçılar Birliyinin üzvüdür.2015-ci ildə Prezident təqaüdünə laiq görülüb."Dağlar yuxunuz çin olsun” adlı şeirlər kitabı çap olunub.



SƏNƏ DUAM!

Tanrı səni hifz eyləsin
Bu gecə bu olsun duam.
Hər sabah arxanca atım,
Bir ovuc su olsun duam!!!

Mən yuxu, sən yuxuyozan
Haqdır varı, yoxu yazan.
Qeybdən çəkilən azan
Oxuyan qu olsun duam.

Bəxtinə uğur tuş olsun
Bu uğur qurtuluş olsun.
Sevincdən gözün yaşarsın
Üzünü yu, olsun duam!

 

UZAQLARA...

Bu gecədən ulduz axar
Axar tənha, yalqız axar.
Xəyalımdan bir qız axar
Vətəndən eyyy uzaqlara...

Düzəlib səfə dönmürsən
Düşmüsən kefə, dönmürsən.
Xəyalım evə dönmür,  sən-
Gedəndən eyyy uzaqlara..

Sınar ümid, kəsilər qol,
Ürəyindən muğayət ol.
Yollar bitmir, gözlərim yol-
Çəkəndən eyyy uzaqlara...

18.01.2016.

 

LALƏMƏNZİL ÖMÜR

Bu adam dəli kimidi
Vurulub dərdini sevir.
Sahibsiz yurd, mamırsız daş
Hardasa gördümü sevir.

Başlayıb yoldu yollanır,
Atlanıb yerə tullanır.
Namərdin yerə tullamır
Dolanıb mərdini sevir.

Yol çəkdi gözün qarası
Görünən ömrün harası.
Buludla Allah arası
Karvanın sürdümü sevir.

Gözləri nə dərdlər görüb,
Gah eşqırıb, gah hönkürüb.
Laləmənzil ömür sürüb
Nəfəsin dərdimi sevir.

26.11.2015

***
Səni sevməkdən başladı
Qadına ən böyük inamım..
Eşqi qiblə bilib
niyyətimi tutdum.
Sevgidən yana dinləri,
mənsəbləri unutdum...
İnanc kitabımdan silmişəm
hər türlü təriqətləri,
Çıxarmışam leksikonumdan
"kaşları",
"fəqətləri"...
Bir ilahi sevgiyə
bağlamışam gümanımı.
Eşqlə qüsul vermişəm
Yumuşam imanımı...

11.12.2015.

İÇİMDƏ HƏRLƏNƏN ADAM

İçimdə hərlənən adam
Çölü daşlama, daşlama.
Yoluna sərdim ümidi
Əzib xışlama, xışlama.

Tabımı çəkmə sınağa,
Sınaqlardan üzü ağam.
Gözündən qoyma uzağa
Məni boşlama,boşlama.

Tüstüsü var  seyrək ahın
Çuxasını sıyraq ahın.
Könlüm güllü seyənganhın
Dağda qışlama, qışlama.

Oxşarıq qoşa qanada,
Gəl də yetək bir murada.
Tutdurub durma inada
Yenə başlama, başlama.                                                                                              

 
BİLİRƏM NƏDİR DARIXMAQ...

Deyirsən təkəm otaqda
Götür mənə bir şeir yaz.
Bax qulaq asma ağlına
Gör ürəyin nə deyir yaz.

Yaz ki, baxıb pəncərədən
Yolları yığdım gözümə.
Elə darıxmaq çilənib
Hər gecəmə, gündüzümə.

Sıyrılıb əldən havaya
Göylərə uçan, gələrsən.
O günü getdiyin yolu
Qayıdıb haçan gələrsən?!

Çağır da alım əlimə
Yolu quca-quca gəlim.
Ayağım yerdən üzülsün
Göylə uça-uça gəlim.


Gözlərim səni axtarır
Ay gözü mənsiz yol çəkən.
Bilirəm nədir darıxmaq
Bayaqdan otaqda təkəm.

30.07.2014.



BƏLKƏ ŞEİR YAZIM BARIT QOXULU

Bəlkə sevgi şeiri yazmayım sənə,
Bəlkə danışmayaq  hisslərimizdən.
Elə araçımız baxışlar olsun
Anlaşaq eləcə səslərimizlə.

Bəlkə şeir yazım barıt qoxulu
Bəzəkli-düzəkli, güllə şəkilli.
Hələ burnuna da qan iyi gəlsin
Cəsəddən ayrılmış kəllə şəkilli...

Yazımmı cəbhədə şəhidimiz var
Sabah da mən ollam "Vətən sağ olsun!"
Məni buraxmır ki, sənli duyğular
İçimi sən adlı çəkən sağ olsun!

Yazımmı can verən əsgər yoldaşım
Köksündən çıxardı bir qız şəklini.
Bilsən neçə dəfə qucaqlamışam
Məni hifz eyliyən kağız şəklini...

...Alarsan üçbucaq əsgər məktubu,
Bir şeir gələcək içində zəfər.
Məktubu göndərən sənin sevdiyin
Məktubun gəldiyi ünvan:-Kəlbəcər.

03.08.2014.

 
İÇİMDƏ BİR QƏBİR ÖLÜR

Ölümdən qabaq adamda,
Ümid sınır, səbir ölür.
Ağaclar tək tək qırılır,
Adamlar da bir bir ölür.

Sən bildiyin o nə sirrdir
O "sirr" var ha! bir sətirdir.
Məni öldürüb bitirdi
Özü məndə bitir, ölür!

Varmı qohum, yadın olan,
Sən nəsənmiş qadın olan
Başdaşında adın olan
İçimdə bir qəbir ölür.

12.12.2014.

 

 




Son xəbərlər



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws