Məmmədova Xatun - Sənin ürəyinin mehri mənimçün

2016-11-07 11:40:37 / 41760 dəfə oxunub

Ürəyim ağrıyar

Həsrət var bağrım başında, Sıxma ürəyim ağrıyar. Taleyimə gəlmisənsə, Çıxma ürəyim ağrıyar.

Nisgilim var, vurub üzə, Yaşayıram dözə-dözə. Zalım, məni oda-közə Yaxma ürəyim ağrıyar.

Mən ruhunu sevdim deyə, Tay elədim xana, bəyə. Amandı yada, özgəyə Baxma, ürəyim ağrıyar.

Qışa çevirmə yayımı, İtirmə sevgi payımı. Gəl mənim qəlb sarayımı, Yıxma ürəyim ağrıyar.


Qutardı

Sən elə bilirsən dəvəquşu tək, Başını kolluğa soxdun, qutardı? Dedin pis işini görə bilərlər, Gizlicə ətrafa baxdın, qutardı?

İliyə işləyən şaxta kimisən, Paslısan, paxırsan, saxta kimisən. Nəfsinin əlində noxta kimisən, Günah girdabına axdın, qutardı.

Çətinə düşənə yazıqlanırsan, Guya ürəyin var, guya yanırsan. Qarşında olanı avam sanırsan, Gözündən yaşardın, yağdın, qutardı?

Allaha məlumdur elədiklərin, Mundar niyyətindən ələdiklərin. Gözdən pərdə asıb bələdiklərin, Yazıldı alnına, nağdın, qutardı!!!


Sahibsiz köynək

Asmışam asılqandan, Ata da bilmirəm ki. Qoxusunu alıram, Çata da bilmirəm ki.

Köynəyi xatirədir, Düymələri bağlanıb. Yaxasında adam yox, Çıxıb gedib, saxlanıb.

Tənhalığın əlindən, Qaçım ona sığınım. Bəlkə xəyallanım da , Ötən günləri anım.

Köz olub, alov çatıb, Ayrılığın ocağı. Gedib gör harda yatıb, Torpaq olub qucağı.

Bükməyə əlim gəlmir, Qatlamıram köynəyi. Ürəyimdə həsrəti, Sahibinin göynəyi.


İncidiyim gün

Bir ürək dolusu sevildiyim gün, Bir ürək dolusu sevincim idin. Sənin ürəyinin mehri mənimçün Bütün mehirlərdən birinci idi.

Hanı gözlərində o işıq, o nur, Hanı ürəyinin o məhəbbəti? Sənin baxışından yadlıq oxunur Mənim baxışımda vüsal həsrəti.

Daha yaşamağa gücüm qalmayıb, Min-min dərdlərimin düzümü mənim. Taley ağlatdığı günləri sayıb, Axı, kim güldürər üzümü mənim?

Bür ürək dolusu incidiyim gün Bir güman dolusu ümidim itdi. Bağrımın başında nisgilli düyün, Bir boynubükülü bənövşə bitdi.


Öz işığına

Od tutan könlüm var "alışdım”-deyən, Çağırdım gələsən köz işığına. Yetim bir ruhum var küsüb inciyən İstədim tutasan söz işığına.

Sığala möhtacsa pərişan telim, Göynəyirsə bəmim, yanırsa zilim, Kaş sənin sevginə inana bilim, Məni tay biləsən göz işığına.

Köçürt ürəyinə bilim ki, varam, Bəlkə bu dərdlərdən qaçam, qurtaram. Qarışım qanına mən qıram-qıram Məni həsrət qoyma öz işığına.


Köçürt məni ürəyinə

Ürəyində şah damarın Qanın ola bilərəm. Xoş illərin, xoş günlərin Canın ola bilərəm. Köçürt məni ürəyinə!

Gözlərində nur selinə Səadətə dönsəm, necə? Həyatına işıq olub Hərarətə dönsəm, necə? Baharlanıb Bir bənövşə qoxusu tək Təravətə dönsəm necə? Köçürt məni ürəyinə!

Axı mənim səadətim, Hərarətim Ruhum, canım, Damarımda axan qanım, Məhəbbətim sən olmusan, Qurban sənə! Sevən ürək Günəş olur, İşıq yayır. Sən də mənə Heç olmasa ürəyində Nöqtə boyda bir yer ayır. Köçürt məni ürəyinə!

O yerdə mən Günəşlənim Varlığına axım, dolum. Gözlərindən boylananda Bəlkə onda xoşbəxt olum. Köçürt məni ürəyinə!


Nə yaxşı..

"Ağıl yaşda deyil, başdadı”- deyən Ağıl bazarında şir, çaqqal olub. Zamanə o qədər namərdləşib ki, Sərvəti olanlar,”Ağsaqqal”olub.

Alqışlar, çəpiklər, gülüşlər yalan, Tərif söyləyənlər pula əl alır. Özünün yanında bir ağa olan İnsan övladları necə alçalır?

Qucaqlarda gəzir varlının iti. Onu tumarlamaq şərəfmiş demə. Kiminsə ad- sanı, varı dövləti Kiminsə ömrünə kələfmiş demə.

Yaxşılıq eləməz pullu adamlar, Onun dostluğu da cibindən keçir. "Kənizli” adamlar, ”Qullu”adamlar Özüyçün dənizin dibindən keçir.

Acların qəpiyi onun sandığı, Tamahı, nəfsi var,insandan uca. Olmaz mərifəti, ya utandığı, Təki çata bilə şöhrətə, taca.

Pulla uça bilər ulduza, aya, Ancaq adam olmaq çətindi, çətin. Nə yaxşı Günəşə, bir də Tanrıya Gücü çata bilmir varın-dövlətin


Özümə yetişəydim

Bu nə uçqundu, ay Allah, Dağ oynadı başım üstə. Gözəl bir dünya qurmuşdum, Daş qoymadı daşım üstə.

Burulğandı, ya tufandı, Dərdi biçə-biçə çıxım. Ümidlərim xırpalandı, Bu ağrıdan necə çıxım?

Dilim dişimdə qaralıb, Yenə göydən yerə dəydim. Ürəimi ələ alıb, Bir özümə yetişəydim.


Ya sənin

Üşüyürəm ,qəmin yağır, Sözün soyuq, ünün ağır. Ürəyinə işıq çağır İsinim.

Ya at getsin ürəyindən, Hər arzundan diləyindən. Ya bir soyuq küləyindən Küsənim.

Qəlbimdəsən, qəlb sirdaşım, Həsrətindən itib başım, Ötür omür, keçir yaşım, Ya sənin??



Son xəbərlər
YAP da mitinq keçirəcək?..
2017-10-21 10:30:48



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws