Saqif Qaratorpaq - Özümdən xəbərim yoxdu,əllərim

2016-11-08 12:22:49 / 8581 dəfə oxunub

*** Mürgülü gözlərini ovxalayır səhərlər, Səba yeli axşamdan öz atını yəhərlər. Başımda dəli sevda,ürəyimdə qəhərlər... Bir payız dumanıdı,bir uzaqlar,bir də mən.

Səhərdən yağır elə,kəsən deyil bu çisək; Darıxmasın,neyləsin bu havada bəs ürək?! Xəyalım göməşibdi dən gəzən boz sərçətək; Bir payız dumanıdı,bir sazaqlar...bir də mən.

Birləşibdi yerlə göy,dağa toxunur bulud, Batıb duman gölünə uyuyur bir lal sükut. İslanıb goy ot kimi göz yaşımdan bir umud, Bir payız dumanıdı,bir yanaqlar...bir də mən.

Vaxtsız gələn sevgitək payız çiçəyi yalqız, Oxuyub susdu birdən torağay da bir ağız. Üşüyürük...burda mən,xatirələrdə o qız... Bir payız dumanıdı,bir qovaqlar... bir də mən.

Səni necə axtarım?Qoymayıbsan bir ünvan; Həsrətin uşaq kimi yapışıbdı yaxamdan. Adını qulağıma pıçıldayır astadan: Bir payız dumanıdı,bir dodaqlar...bir də mən...



***

Yay bitdi... Hamı getdi... Dəniz qaldı tənha,tək. Sahildə tənha qayıq, bir də yetim yelləncək.

Sular ayaq izini yuyub aparıb çoxdan. Xatirələr yaxında, ancaq sən uzaqdasan.

Gündüzlər elə səssiz, gecələr elə qərib. Bəlkə elə bu gecə dəniz yuxuna girib...

Günəş saralıb-solub yolunu gözləməkdən. İndi külək yellənir kimsəsiz yelləncəkdə...

Sənsiz ürək sinəmdə boş qalan bir qutudu. Tənha qayıq elə bil bir eşqin tabutudu.

Dizini qucaqlayıb bilirəm,evdə təksən. Məni dəfn eləməyə nə zaman gələcəksən.


*** Məndən başqa hamıya canın elə yanır ki... Halına yandıqların səni bir yol anır ki?!

Axı,öyrəşməmişəm mən "ah"-uf" eləməyə. Elə söz var,qıymıram onu sənə deməyə.

Mən çoxdan alışmışam dərdi tək daşımağa. Göz yaşımı qəlbimə axıdım yaşamağa.

Eh...səni aldatmasın üzümdəki təbəssüm. Hönkürüb ağlayarsan görünsə birdən üzüm...

Məni belə qoyub get! de ki,eh,sən də nə var? Qoy dərdi tək aparım, sonra sənə yük olar...

*** Uşaq deyiləm ki,küsüb də gedəm, Getməyə elə bir yerim də yoxdu. Elə dilə tutdun,danışdım nə var, Daha gizlətməyə sirrim də yoxdu...

Başımı qoymağa bir diz qalmadı, Nə varsa əlimdən aldı bu torpaq. Elə söylənirəm özüm-özümə, Gücüm deyinməyə yetirmiş ancaq.

Üzümü söykəyim kimə,ağlayım? Gözümü sıxmağa bir çiyin yoxdu. Nələrsə qazandım,varımdı...amma, Heyif, öyünməyə heç nəyim yoxdu...

Nakam arzuların cəni gözümdə, Kövrək ümidlərin itən yeriyəm. Biçilmiş zəmiyəm,calınmış otam, Yıxılmış ağacın mən də biriyəm...

Mənə ərk edənlər elə çoxdu ki... Hamı məndən küsür...mən kimdən küsüm? Gizlicə gözümü sıxım qəlbimə, Hamıdan xəbərsiz özümdən küsüm...


** Yenə vurur qoluma neynim,soldakı ağrı. Bir gün mən də bitərəm... Eh...bax bu da axırı.

İtirib mənasını ömrüm-günüm nə vaxtdı. Yatıb yuxuya qaldıq, sevgimiz suda axdı...

Ha qışqır innən belə, di yüyür çay aşağı. Üstündən yüz çay axsa soyumaz könül dağı.

Açma kimsəyə,qalsın... güləcək bizə çoxu. Bəlkə sənə rast gələ gözümdən qaçan yuxu.

Di qaç bu ayrılıqdan, yer tapsan gizlənməyə. Muştuluq göndər mənə, "səni unutdum"- deyə...


*** Ürəyimə köçürmüşəm səni necə varsan elə. Hər gün sənə qayıdıram, mən səni çəkirəm hələ...

Qaçıb eşqinə sığındım, qərib könlümdə təklənib. Göz yaşımla yanağıma çəkib həsrətin şəklini.

Bu gecə də ötdü sənsiz, Sızıldayır barmaqlarım. Ləçək-ləçək solur ömrüm, söz-söz ölür dodaqlarım...

Eh...bizimki yazdan keçib, bitməz,yüz yağa yağışlar... sən çəkən köhnə şəkildi soyuq alnımda qırışlar.

Öz adım yükdü çiynimə, sonacan apara bilsəm... Nə yaxşı ki səni tapdım, səndən sənə vara bilsəm...


*** Yenicə çıxmışdıq elə küçəyə Bir qəfil yağışa düşdük,nə düşdük... Elə islandıq ki yağışın altda Yayın ortasında birdən üşüdük.

Dodağın şeh düşən çiçəyə döndü, Yapışdı əyninə sarı köynəyin... Bilmirəm,əllərim nə üçün əsdi Ürəyim bəs niyə belə göynədi?

İslandı yağışda baxışlarımız, Nəfəsin üzümə elə toxundu... Özümdən xəbərim yoxdu,əllərim Yuxuda bir zərif gülə toxundu.

Qarışdı yağışa saçının ətri, Onun belə gözəl qoxusu yoxdu. Eşqin göz yaşında islananların Yağışda islanmaq qorxusu yoxdu.

Quşlar da sığındı öz yuvasına, Hamı qaçıb getdi,boş qaldı küçə... Yağışda islanan gün işığını Öpüb qurudarıq biz bütün gecə...


*** Buraxma bu zamanı, Qoyma ki belə getsin. Qoşulsun ötən aya, Qarışsın ilə, getsin...

Tut,saxla əllərinlə, telinə bağla,dursun. Yalvar,dolan başına, ya bir az ağla,dursun.

Möhürlə bir öpüşlə, yaz ömrə-günə,qalsın... Unut keçmişi bütün, qoy ağzı günə qalsın.

Düşün bircə bu gün var, qalan günlər yalandı. Sıx bağrının başına, öz doğmaca balandı.

Uzat bircə gecəlik, nolar,bitməyə qoyma. Getsə, qayıdan deyil, küsüb getməyə qoyma...


*** Ötdü ömürdən bir gün, düşdü növbəti axşam. Heç özüm də bilmirəm niyə donub qalmışam?

Mürgülü gözlərimdə zamanın yorğunluğu. Hər gecə bir gündüzün son nöqtəsi- sonluğu.

Yuxumda da oyaqdı bir gözəlin həsrəti, ayrılığı, nisgili. Ürəyimin başında bir bənövşə nə vaxtdı durub boynubükülü.

Alnımın qırışında neçə dərdin kölgəsi. Dodağımda çiçəklər bir ümidin "bəlkə"si.

...Vallah, heç nə dəyişmir, Dünya - köhnə bayatı. Baş götürüb gedəsən- unudasn özünü, unudasan saatı.


*** Bilirdik ayrılıq var biz bu yolun sonunda. bilə-bilə sevdaya niyə düşdük bəs onda.

Uşaq kimi inandıq bəs niyə nağıllara? Bizim nə yaşımızdı, biz hara,nağıl hara?!

Səadət qum təpəsi, uçdu bircə küləkdən. Ömür ələndi,keçdi həsrət adlı ələkdən.

Bizi bu yol aldatdı, düşdük,bir yola getdik. Bir salama aldanıb, bircə "sağ ol"a getdik...

İndi sinəmiz altda bir xatirə göynəyir. Ha çəkirik,açılmır yaxası bu köynəyin...

***

Gəl, bir az dalaşaq barışmaq üçün, dalaşaq,soyusun hirsin bir azca. Eh...bütün davalar çox uzun çəkir, ancaq barışmağı olur qısaca.

Söylə ürəyində nə var,saxlama! susub dinləyəcəm sən susanacan... Onsuz da qəlbimi qırdığın üçün özün olacaqsan sonra peşiman.

Yox,sənə ağlama demərəm bu gün, Ağla,ürəyində ərit o daşı. Nə varsa... nə varsa sevgidən başqa qoy yuyub aparsın gözünün yaşı.



Son xəbərlər
QANLI YANVAR - ŞANLI TARİX
2017-01-19 16:03:16
Qızıl xeyli ucuzlaşdı
2017-01-19 10:50:47



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws