Məmməd Qədir - Səni unutmağa hünərim yoxdu

2016-11-15 21:47:08 / 4362 dəfə oxunub











Sevgi ağacıyam

Sevgi ağacıydım, eşq yaşayırdım,
Elə sevgi idi meyvəm, barım da.
Ağacdım, gəzmirdim, gəlmədin yaxın,
Qaldım bir sevdanın uzaqlarında...

 

Mən məğlub olmadım qalib qışlara,
Sevməyi öyrətdim qəlbi daşlara,
Yuvalar qurmuşdum qərib quşlara,
Beşik yellədirdim budaqlarımda.

 

Qəm vurdu ,min rəngə, min dona düşdüm,
Sevgini dadmamış hicrana düşdüm,
Küləyə çarpıldım, tufana düşdüm,
Üşüdüm həsrətin sazaqlarında.

 

Elə odun bilin, çöp sayın məni,
Çıxardın kökümdən oğrayın məni,
Bir eşq ağacı tək doğrayın məni,
Dəfn edin xatirə yarpaqlarında...

 


Qalmır

Burax yaxasını, imandan yapış,
Dünya nə doğmaya, nə yada qalmır.
Bir gün yoğrulduğu torpağa dönür,
Qartal da zirvədə, qayada qalmır.

 

Özünü dağ bilir bu gil adamlar,
Dənizdən gileyli sahil adamlar,
Bir ömür yalındı cahil adamlar,
Aqil səhrada da piyada qalmır.

 

İstər Günəş ol çıx, ya Ay ol batan,
Göy üzün yoxdusa, sən yoxsan, atam,
Vaxt gəlir qəflətdən oyanır yatan,
Heç kim həyat adlı röyada qalmır.

 

 

Sevən könüllərin cəngi başqadır,
Səsi,isarəsi, zəngi başqadır,
İndi sevgilərin rəngi başqadır,
İnsan da bir rəngdə, boyada qalmır.

 

Vallah, kündələyən, yayan var bizi,
Kəsib doğrayan var, soyan var bizi,
Hər gün nəfər-nəfər sayan var bizi,
Kimsə yaddan çıxıb dünyada qalmır...


Diz üstündədir

Gizlədə bilmirəm daha eşqimi, 
Dodağım bir kəlmə söz üstündədir. 
Od düşüb canıma baxışlarından, 
Ürəyim qovrulur, köz üstündədir.

Eşqin yarpaqlayan budaq gül açıb, 
Üzündə bahardı, yanaq gül açıb, 
Ləbin qönçələnib, dodaq gül açıb, 
Qaranquş ürəyim yaz üstündədir.

Cənnəti göstərən sərabsan elə, 
Məni sərxoş edən şərabsan elə, 
Sarı simə dəyən mizrabsan elə, 
Köklənib ürəyim, saz üstündədir.

Dərdləri oynadan tütək deyiləm, 
Hər arı götürən pətək deyiləm, 
Üzülmə, gözəlim, gödək deyiləm, 
Məmməd hüzurunda diz üstündədir...

 

Gözünə döndüyüm

Sənsiz nəyə gərək can,
Al, gözünə döndüyüm.
Qəlbə düşüb xalından,
Xal, gözünə döndüyüm.

 

Ay üzün nur çırağım,
Şölə saçır yanağın,
Dilin şəkər,dodağın
Bal, gözünə döndüyüm.

 

Sürt əlini aynama,
Üz-gözümlə oynama,
Qollarını boynuma, 
Sal, gözünə döndüyüm.

 

Mələkmisən, ya şeytan,
Gözəlliyin alır can,
Gəl asım qapınızdan,
Nal, gözünə döndüyüm.

 

Soldum yaraşığında,
Sönmüşəm işığında,
Qoymadın aşiqində,
Hal, gözünə döndüyüm.

 

Sevgi köküm, soyumdu,
Dastanımdı, boyumdu,
Dərdin mənim toyumdu,
Çal, gözünə döndüyüm...


Gedəsən

Dərdlərin bir bulud ola, 
Yağıb, boşalıb gedəsən. 
Ürəyim qırılıb düşür , 
Gülüm, kaş alıb gedəsən.

Necə yağır göydən həsrət, 
Çox sulayır meydan-həsrət, 
Azdırır bu şeytan həsrət, 
Beş - üç daş alıb gedəsən.

Sevgin çıxa qaşığına, 
Dönəsən eşq aşığına, 
Qoşulub ay işığına, 
Yerdən baş alıb gedəsən.

Dərdi daşdan çıxarasan, 
Gözü yaşdan çıxarasan, 
Ruhu başdan çıxarasan, 
Uçub quş olub gedəsən...

 

Hünərim yoxdu

Qara günlərimə ağlayır ağ şam,
Dəymə,qəmə güləm, dərdimə xoşam,
Həsrətin boyunca uzanır axşam,
Sən yoxsan, gül üzlü səhərim yoxdu,
Səni unutmağa hünərim yoxdu.

 

Qopdum tufan kimi, cosdum sel kimi,
Çöküb sahilimdə qaldım lil kimi,
İllər ömrümüzdən ötür yel kimi,
Çatmağa ağ atım ,kəhərim yoxdu,
Səni unutmağa hünərim yoxdu.


Ahımdan göy bezib, fələk yorulub,
Məni ovutmaqdan külək yorulub,
Könül əldən düşüb,ürək yorulub,
Dözümüm, taqətim, təpərim yoxdu,
Səni unutmağa hünərim yoxdu.


Qəmindən nəm çəkib,şisib qalmışam,
Gərəksiz əşya tək düşüb qalmışam,
Sənsiz Yer üzündə çaşıb qalmışam,
Bir yönüm, yöndəmim, təhərim yoxdu,
Səni unutmağa hünərim yoxdu.

 

Sandım ki, ümidlər dönəndi, getdi,
Daha qaş qaraldı, gün endi getdi,
Yaxşı nəyim vardı dünəndə getdi,
Nə arxam, nə önüm, nə bərim yoxdu,
Səni unutmağa hünərim yoxdu.

 

Mən sevə bilmədim hicranı, Allah,
Götür həyat adlı cəzanı, Allah,
Qarşıla ruhumu, al canı, Allah,
Mən çoxdan ölmüşəm, xəbərim yoxdu,
Səni unutmağa hünərim yoxdu...

 

 



Son xəbərlər
Yeni MÜSABİQƏ
2017-02-24 12:32:52



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws