Nigar Arif - Sənsiz yuxum da qarışdı

2016-11-16 16:38:39 / 84707 dəfə oxunub

........Sənsiz yuxum da qarışdı....

Günortaya döndü səhər,

Axşam düşdü,qarışdı şər,

Günlərim keçdi birtəhər,

 Səndən bir cavab gəlmədi.

 

Aylar ayları adladı,

Sükut səsi tapdaladı,

Il yolunu yarıladı,

Səndən bir cavab gəlmədi.

 

Gecə gündüzlə danışdı,

Ayla ulduzlar bariwdi,

Sənsiz yuxum da qarışdı,

Səndən bir cavab gəlmədi

 

. ........Keçən mənsizlik....

Ayaq səslərimdən oyanır sükut,

Divarlar diksinib gözünü ovur.

Əsnəyir pərdələr təmbəl küləklə,

Mən dolub otağa yuxunu qovur.

 

Çıxarıb üstümdən yorğunluğumu,

Alıb öz qoynundan atır pəncərəm.

Açıq sinəsilə təmiz havadan,

Fərahlıq gətirib qatır pəncərəm.

 

Dağınıq şəfəqlər sərilir yerə,

Hardasa bir küncdən qaçır yoxluğum.

Köhnəlir kitabtək keçən mənsizlik,

Toz kimi tökülür üstə çoxluğum.

 

Divardan yapışıb qalan saat da,

Qocalıb,əqrəblər sözünə baxmır.

Elə mən gedəndən deyəsən onda,

Zaman geri gedir,irəli axmır.

 

Budur,yatağım da yorğan-döşəkdə,

Gözünü zilləyib tavana sarı.

Soyuqdan qoruyub mənsiz yerimi,

Gözləyib haçansa gələr Nigarı

 

. .........Ay qız bu nə özəllik.......

Bir fikir qayığına,

Minib gedir baxışlar,

Dolaşır ayağına,

Qəlbindəki naxışlar.

 

Hər naxış bir həyacan,

Sarmaşıb uşaq kimi,

Gözünün eyvanından,

Qalxır bir uçaq kimi.

 

Parıldayır həvəs də,

Gün altında qızıl tək,

Dərin göz didəsində,

Əsir ərköyün külək.

 

Nazlı qəmzələrinə,

Tab gətirmir yanaqlar.

Çoxalır təbəssümün,

Yana qaçır dodaqlar.

 

Bax o kiçik çökəkdə,

Gizli doğur gözəllik.

Aləmə sevgi çökür,

Ay qız,bu nə özəllik?

 

Yerlər yerindən qaçır,

Ədalı yerişinə.

Üzündə güllər açır,

Hazırsan görüşünə?

 

...........Dön gündüzümə......

Bir payız gününə dolub umidlər,

Yağdı dayanmadan, yağdı eləcə...

Gözümdə bir dəstə qalıb ümidlər,

Qəlbimdən köç edib getdi beləcə.

 

Uçdu qaranquştək,uçdu baharım,

Bu yollar saraldı, bu yollar soldu.

Sahibsiz yuvatək qalarkən yarım,

Hər yağmur yağanda içi nəm oldu.

 

Bilirsən, göy üzü sağıb  buludu,

Donqar söyüdləri döyəcləyəndə,

Torpaq göz yaşını, qəmini uddu,

Söyüd qollarından qayğı içəndə

 

Pəncərəm önündə kiçik sərçələr,

Nəsə danışdılar öz dillərində,

İstədim oturub dərdləşim biraz,

Deyəsən qorxdular mən əyiləndə.

 

Nə isə...Gözlədim bax mən bucürə,

Yarpaqlar töküldü,səni araya.

Küləyi tapdım ki,xəbər ötürə,

O da ümidsizlik saldı araya.

 

İndi bu naməni yazıram, gülüm,

Yazıram payızın bu tərs üzünə.

Çevrilib gecədən deyirəm bir gün,

Qayıt gəl ömrümə,dön gündüzümə!

 

.......Qəzəblərin qalası....

Çək tətiyi vur məni,

A kişinin balası.

Bəlkə hirsin soyudu,

Qəzəblərin qalası!

Quruyubdu sevincim,

Gözünün səhrasında.

Sıxılıbdı əlacım,

Məsafə arasında.

O gülüşün dibindən,

Elə siyrılıb gedib,

Güzəştlərin cibindən,

Bir anda düşüb itib.

Qəlbinin dalanında,

Neçə uçuq-sökük var?

Evimin salonunda,

Üşüyürəm, yağır qar.

Qayğıkeş yorğanını,

Tapmıram ki burunum.

Bu əsəb yarğanında,

De nə qədər sürünüm?

Sükutun silləsinə,

Dözmür daha sözlərim.

Şeir silsiləsində,

Yanıb qalır közlərim.

Çilik-çilik olubdu,

Əksim də aynalarda.

Daha səbri dolubdu,

Susmur nə dağ, nə qaya.

Çək tətiyi vur məni,

A kişinin balası.

Bəlkə hirsin soyudu,

Qəzəblərin qalası!


 ........Ey bir nəfər....

Görürəm ümidin qırıq-qırıqdı,

Elə parçalanıb, bircə qırıqdı.

Yırtılıb sinəsi,bağrı yarıqdı,

Yenə də həyatdan gəzir sarığı.


Minmisən zamana, gedir araba,

Gözündə qalıbdı dünya xaraba.

Nahaqdan qəlbində dəyişib hava,

Qəzəb bu, deyilki dərdinə dəva.


Çalış,arzuların qoyma boş qala,

Kimsə niyyətinin saçını yola.

Deyirlər ki, "dama-dama göl olar"

Birdəki dostum, gün ola, xeyir ola...


Düşünmə kiçiksən,gücün də yetməz,

Bil, xırda nöqtəsiz cümlələr bitməz!

Ey bir nəfər, sənsiz bir iş də getməz,

Kütləni tapmasan, təkliyin itməz!



Son xəbərlər



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws