Rahim Üçoğlanlı - Baxdıqca dünyaya qaralır qanım

2016-11-20 22:45:32 / 12915 dəfə oxunub

KEÇİR

Həyat adlı bir səfərə çıxmışam,
Ələnir bu ömrüm,ələkdən keçir..
Arabir covğuna qara tuş gəlir,
Hərdən fırtınadan,küləkdən keçir..

Baxdıqca dünyaya qaralır qanım,
Ürək sızıldadır,dərddir hər yanım..
Kədər dəryasına baş vurur canım,
Minlərlə məkirdən,kələkdən keçir..

Hərdən nəzərimdə hər yanı kirdi,
Hərdən gözlərimdə ocaqdı pirdi..
Başdan ayağacan bu dünya sirdi,
Gəliş də,gediş də, bələkdən keçir..

Rahim,biraz düşün,biraz fikrə dal,
Xəyallar mülkündə azca tənha qal..
İstər min yol tikib,min də körpü sal,
Hər yolun son ucu,fələkdən keçir.!

 

 

 GƏZİR

Gözəlim,həsrətin rahat buraxmır,
Xəyalım ardınca küçələr gəzir..
Gündüzlər ay kimi çəkilib gedir,
Payız dumanı tək gecələr gəzir..

Gecələr yata da bilmirəm gülüm,
Ürək yanıb gedib,qor olub külüm..
Sən olan məkana çatmayır əlim,
Ruhum dam axtarır,bacalar gəzir..

Sevgi zəmisiyəm,məni qəm biçir,
Sinəmin üstündən eşq gəlib keçir..
Kədər ürəyimdə gəzib yer seçir,
Elə bil xan mülkün xocalar gəzir..

Rahiməm sevginlə qəlbim kövrəlir,
Bir dəli həsrətlə ahım daş dəlir..
Bu dünya ay gülüm,mənə dar gəlir,
Qalxıb könlüm quşu ucalar gəzir..

 

 

AĞRİMA ÜRƏYİM

Ağrıma ürəyim,dönük çıxma gəl,
Bu dünyaya səni deyib gəlmişəm..
Sənə pənahlanıb,sənə güvənıb,
Bu yetim ruhuma arxa bilmişəm..

Ağrıma ürəyim,incitmə məni,
Bir ömür mən sənə qulluq etmişəm..
Bircə gün ac qoyub üzmədim səni,
Nələr kədər verib qəm yedirmişəm..

Ağrıma ürəyim,ağrıma belə,
Sənin sağlığına ehtiyacım var..
Neçə dərdlərim var,sığışmaz dilə,
Nə çarə bilirəm,nə əlacım var..

Ağrıma ürəyim,dərd yetim qalar,
Körpə dərdlərimə kim dayaq durar..
Qönçə fidanlarım saralar solar,
Kim nəzər yetirib kim suyun vurar..

Ağrıma ürəyim, bir az döz dayan,
Tapdaqlar altında elim var mənim..
Lütv elə aman ver qoy görüm,gedim,
Bir Ağdam adında gülüm var mənim.!

 

 

 

GETDİ CAVANLIQ

Bilirəm,bir daha geriyə dönməz,
Uçdu cavanlığım quş oldu getdi..
Ov oldu aylara,yem oldu ilə,
Zaman tələsinə tuş oldu getdi..

Sökdü bu qocalıq gənclik çəpərin,
Car çəkib söylədi gəldim,xəbərin..
Göz nurun itirdi ruhum təpərin,
Dərd çəkən ürəklə baş oldu getdi..

Nə tez gəldi,nə tez getdi cavanlıq,
Bir də cana dönməz o dəliqanlıq..
Gül bağım qovrulub oldu viranlıq,
Ardınca çatılan qaş oldu getdi..

Rahim.,cəfa çəkdi, səfa görmədi,
Eşqin çəmənindən çiçək dərmədi..
Bir gözəldən könül alıb vermədi..
Həsrətdən qurusu yaş oldu getdi..!

 

 

KİMİM VAR MƏNİM

Gəl ay gülüm,qəm sinəmi dağlayır,
Ağlamağa bircə himim var mənim..
Başımı qoy dizin üstə dincəlim,
Səndən özgə axı kimim var mənim..

Eşqi əhliyəm güman etmə kefdəyəm,
Dincliyim yox,bir bazarsız həftəyəm..
Dərd alıb satıram hər gün nəfdəyəm,
Canıma sığmayan qəmim var mənim..

Üzüb məhəbbətdə uzaq getmişəm,
Dənizlər adlayıb,çaylar ötmüşəm..
Sevgimi dorunda yelkən etmişəm,
Eşqin dəryasında gəmim var mənim..

Məkanım qeyb olub yurd itirmişəm,
Bir mələk qəlbində yer götürmüşəm..
Məhəbbət səpmişəm eşq bitirmişəm,
Neçə biçilməmiş zəmim var mənim..

Rahiməm,sevgimdə çox düz ilqaram,
Harda məhəbbət var,orda mən varam..
Çanağı çartlamış bir sınıq taram,
Zilim kökdən düşüb bəmim var mənim.!

 


BİRDƏ MƏNİ BU DÜNYAYA GƏTİRMƏ

Tanrı tutma bir də mənim adımı,
Bir də məni bu dünyaya gətirmə..
Çox sınadım qohumumu yadımı,
Bir də məni bu dünyaya gətirmə..

Bir ulduzdan öz əlinlə çap götür,
Mən əvəzdən bircə parça daş gətir..
Bir yarpağı ağacında çox bitir,
Bir də məni bu dünyaya gətirmə..

Qoy unudum daha fikrə dalmağı,
Dərd içində özümlə tək qalmağı..
İstəmirəm bir də insan olmağı,
Bir də məni bu dünyaya gətirmə..

Birdə məni dərd yüküylə yükləmə,
Yük altında çökməyimi bəkləmə..
Bu dünyada gəl heç məni təkləmə,
Bir də məni bu dünyaya gətirmə..

Rahim adlı bir qulun qoy az olsun,
Sözə döndər bir şeirdə söz olsun..
İstər eylə bir sinədə, saz olsun,
Bir də məni bu dünyaya gətirmə.!

 

 

 

 



Son xəbərlər



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws