Məmməd Mərzili - Vətən yolumuzu gözləyir hələ

2016-11-22 22:58:27 / 8689 dəfə oxunub

Bayatılar

Vətənə ana dedik,
Qucağında böyüdük.
Vətən dara düşəndə,
Qaçanlara nə edək?

Vətənin dar günündə,
Mərd baş əydi önündə.
Atəşlər dayanmışdı,
Namərd geri dönəndə.

Qorxu cana dolubdu,
Qorxaq gendə qalıbdı.
İndi geri qayıdıb,
Vətənpərvər olubdu.

Qoy başına dolanım,
Pərvanə olub yanım.
Yaman həsrət çəkmişəm,
Qurbandı sənə canım.

Yaylaq elimi gözlər,
Ağır şələmi gözlər.
Günahımı yumağa ,
Canım ölümü gözlər.

İyirmi üçü iyul,
Ağdama bağlandı yol.
Altı min şəhid verdi,
Mürgüləmə ayıq ol!...


Yalan deyə-deyə

Oxu qoydu kamanına,
Atdı gözəl zamanına.
Güc elədi imanına,
Düzü yalan deyə-deyə.

Özgələrə yaxşı baxdı,
Doğmalara xain çıxdı.
Öz evini özü yıxdı,
Sözü yalan deyə-deyə.

Eyş-işrətdə,gah bardadı,
Zər toxunmuş bir tordadı.
Gördüm eldən kənardadı,
Üzə yalan deyə-deyə.

Zalımlara verib yaxa,
Bir ölüyə taydı daha.
Gör nə qədər batıb aha,
Təzə yalan deyə-deyə.


GÖZLƏYİR HƏLƏ
Əlösət Saldaşa

Altmışı altmışa qatıb yaşayaq,
Bu qəmi, kədəri birgə daşıyaq.
Görsək də dünyanı hərdən baş-ayaq,
Vətən yolumuzu gözləyir hələ.
Gözümüz dikili qalıbdı yurda,
Özümüzü tapa bilmirik burda.
Dərdi yola verib olsaq da harda,
Vətən yolumuzu gözləyir hələ.
Elimiz bir olsa geri dönərik,
Düşməni tezliklə vallah yenərik.
Dağlarda köhləni çılpaq minərik,
Vətən yolumuzu gözləyir hələ.
Bizə həsrət qalıb döğma kəndimiz,
Tilsimə salınıb bərə-bəndimiz.
Altmışdan yetmişə yol gedirik biz,
Vətən yolumuzu gözləyir hələ.


İzlərimiz öpüşdü

Qayaların üstündə
oturmuşuq diz-dizə.
Baxırıq dalğalı 
mavi dənizə.

Sahilə çırpılır
həzin-həzin ləpələr.
Dalğalar pıçıldaşır,
sevgimizdən danışır.

Dalğaların qoynunda,
çiyin-çiyinə
görürük kölgəmizi.

Qağayılar dövrə vurur
başımızın üstündə,
hərdən qıy çəkib,
alqışlayırlar bizi.

Əl-ələ tutub,
endik qumlu sahilə.
Qumların üstə,
rəddimiz üst-üstə düşdü.

Özümüz bacarmadıq,
utandıq,
izlərimiz öpüşdü.


************

Yanıqlı-yanıqlı vurub zəngulə,
Verdi təravəti "Sona bülbül"ə.
Atdı qarmaqdakı balığı gölə,
Vətənin nisgilli sənətkar oğlu.

Sellər aparanda nakam Saranı,
Gəzdi Xançobanı, bəxti qaranı.
Əritdi səsiylə qarı, boranı,
Daş qəlbi, xalqımın fədakar oğlu.

"Neçün gəlməz" -deyib haray çəkəndə,
Sanki nur çilədi bərəyə, bəndə.
Elin dar günündə qalmadı gendə,
Ağdamsız, Ağdamın yadigar oğlu.


Ay Şuşa

Sal qayalar,dağ başına çəkilib,
Ətrafında mıhkəm qala tikilib.
Buralarda çoxlu qanlar tökülüb,
Zaman-zaman tarix gördün, ay Şuşa,
Hər əzaba sinə gərdin, ay Şuşa!

Pənah xandan yadigardı bu qala,
Məğlub edib nələr ordu bu qala.
Qarabağın qədim yurdu bu qala,
Gözəl-gözəl dövran sürdün, ay Şuşa,
Hər əzaba sinə gərdin, ay Şuşa!

Meydan qurub xanlar Cıdır düzündə,
Sakinlərin şəkər vardı sözündə.
Üzeyirlər yetişdirdin özündə,
İldən ilə təzə-tərdin, ay Şuşa,
Hər əzaba sinə gərdin, ay Şuşa!

Çörəyini yeyən oldu düşmənin,
Mənimsədi torpağını, çeşməni.
Qan ağlayar görən kəslər cismini,
Gör nə qədər şəhid verdin, ay Şuşa,
Hər əzaba sinə gərdin, ay Şuşa,

Vaqif ilə Mikayılı...vurdular,
Albert, Ramiz canlı sipər qurdular...
Yavaş-yavaş igidləri vurdular,
İndi varmı belə mərdin, ay Şuşa,
Hər əzaba sinə gərdin, ay Şuşa!

Sanki bunlar bir röyadı, yalandı,
Bütün şəhər başdan-başa talandı.
Sənə xain axçiq doğan balandı,
Dözülməzdi vallah dərdin,ay Şuşa,
Hər əzaba sinə gərdin, ay Şuşa!


Gülüm

Əlini ver əlimə,
Minək köhlən belinə.
Yaylaq düşüb könlümə,
Çıxaq dağlara,Gülüm.

Al-əlvandı yamaclar,
Hələ boşdu arxaclar.
Zirvələrin başı qar,
Baxaq dağlara,Gülüm.

Çox gözlədim bu çağı,
Alam zəfər sorağı.
Qəlbimdəki bayrağı,
Taxaq dağlara,Gülüm!

Yurd həsrətli illəri,
Didərgin nəsilləri,
Obaları, elləri,
Yığaq dağlara,Gülüm!


Oğurluğum

Kipriyimə yük oldu,
gecənin ağırlığı.
Gecədən nəfim oldu,
bir mürgü oğurluğum.

Həsrət ilə gözlədim,
səhərin açılmağın.
Səmada seyr elədim,
ulduzların uçmağın.

Ay utanıb üzünə,
buluddan niqab çəkdi.
Bu gecənin gözünə ,
zülmət də sürmə çəkdi.

Oyan,səhərim, oyan
günəşə salam verək.
Günəş ilə qol-boyun,
günləri yola verək.



Son xəbərlər
ATƏT monitorinq keçirəcək
2017-04-26 11:28:55



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws