Məmmədova Xatun - Elə öz dərdimə yanım özüm mən

2016-11-24 11:10:54 / 11279 dəfə oxunub

Uçular eşqin sarayı

Sinəndə ürək soyuqdu, Gəl mənə nəğmə oxuma. Boğazdan gələn sözlərdən Ruhuma çələng toxuma.

Hələ sevgi dərsin yarım, Səndə məhəbbət nə gəzir?! Xəyalının üzü sərtdi, Onda hərarət nə gəzir?!

Yazın,yayın qış kimidi, Payızın necə olacaq? Simruqunun lələyi yox, Qaranlıq gecə olacaq.

Gözlərindən yaş axdımı, De bir həsrətin üzündən? O qədər acı dindirdin, Qaçdı qismətin özündən.

Hər istəyə sevgi deyən, Qalmısan sözün əlində. Uçular eşqin sarayı, Qədirbilməzin əlində.


Öyrətmə məni

Mürgüdən,yuxudan ayılar könlüm, "Sən Allah, özünə öyrətmə məni!” Hələ köz saxlayıb, alışar külüm "Sən Allah, özünə öyrətmə məni!”

Elə öz dərdimə yanım özüm mən Bir yerdə yaşadıq səbrim, dözüm, mən. Didərgin düşərəm özüm özümdən, " Sən Allah, özünə öyrətmə məni!”

Qoy qalım həsrətin qəm yağışında, Bəxtimin atdığı daş qarğışında. Göyərə bilərəm payız yaşında "Sən Allah, özünə öyrətmə məni!”


Neyləyim

Bir quş idim,sənsə qoşa qanadım, Qanadlarım qırılıbsa neyləyim? Ağır-ağır şələlərin altında Zərif çiynim yorulubsa neyləyim?

Necə çəkim ikimizin yükünü, Bu taleyin, qara bəxtin hökümü. Mən nisgilli bir bənövşə bükümu Həsrətimlə sarılıbsa neyləyim?

Ruzigarın qarşısında vücudum, Acı yedim, sevinc varmı bir udum?! Yoxluğunu necə danım, unudum, Ümidlərim qırılıbsa neyləyim?!

Arzularım sınıq düşüb, sozalıb, Gözüm, könlüm qəhərimdən söz alıb. Sənsiz günüm, gücüm, qüvvəm azalıb Dünya mənə dar olubsa, neyləyim?!

Gəl yuxuma, buna qalıb gümanım, Yaradandan mənə səbr umanım. Başım üstən çəkilırmi dumanım, Vaxtım, vədəm daralıbsa neyləyim?!


A gəlin qızım

Baldızın bacındi, a gəlin qızım. Sənə ürəyində sevgi bəsləyir. Tənha dünyasından bir sirdaş umub, Bir həmdəm gözləyir, bir dost səsləyir. Dilini şirin elə!

Qaynın qardaşındı, a gəlin qızım. Sən ona bacısan, gəlinbacısan. Çətin günlərində dayağın oiar. Qırarsan qəlbini, desən acı sən. Dilini şirin elə!

Qaynatan atandı, a gəlin qızım. Hörmətini saxla, qulluğunda dur! Xeyir-duasından uca olarsan, Minnətdar ürəyi qalalar qurur. Dilini şirin elə!

Qaynanan anandır, a gəlin qızım, Könlündən səadət ümidi axır. Sən də balasısan, nə fərqi var ki, Sənə öz oğlunun gözüylə baxır. Dilini şirin elə!

Oglum əzizindi, a gəlin qızım. Ələ, hislərini keçir ələkdən. Bizə də qəlbində yer ayırarsan Əgər sən oğlumu sevsən ürəkdən. Dilini şirin elə!


Dünəndən bəri

Ürəyim dil açıb çoxdan danışır, Nəğməkar bülbülə dönəndən bəri. Həsrətim od olub yandırır məni Bağrımın başında dinəndən bəri.

Sevilmək istədim mən ürəyimcə, Sevməyi bacaran bu ruhu incə. Nisgilin əlindən hey gündüz-gecə Göynədum, ümidim sönəndən bəri.

Günahkar olmuşam istəyimlə mən, Dərdlərim telimdə ağarır dən-dən. Məni dəli edən, məni dərd edən, Öz iman atından enəndən bəri.

Bir pətək bal ilə bir qram zəhər, Məni hara atır qəzavü-qədər? İçimi doğradı min acı qəhər, Könlüm həmdəmindən sınandan bəri.

Ruhum oyalanır, oxuyur dil-dil, Bilirəm bu ağrı ötüşən deyil. Gözlərimdə həsrət, içimdə nisgil, Sabaha gedirəm dünəndən bəri.


Öyrən hələ sən

Yoluma uzanan qolların qırıq, Sənin hesabının dəftəri yoxdu. Ürəyin güldürməz arzularınmı, Sözünün şirini, rəftarı yoxdu.

Nədi gümanının qəsdi görəsən? Qiymətli bilirsən öz varlığını. Gözümün içinə baxa-baxa sən, Döydün ürəyimə qəddarlığını.

İndi sevgi deyib,sevgi umanım, Demə, məhəbbətə qulsan,köləsən. Ölən ümidimdi, itən gümanım, Get öyrən sevməyi,öyrən hələ sən


Bir dünya itirmişəm.

Bir dünya itirmişəm, Ömrüm ondan bahamı?! Qurtara bilmirəm ki, Daha qəmdən yaxamı.

Necə gizlədim bunu, Ürəyim oylanırsa? Gözlərimin içindən Nisgilim boylanırsa?!

Qəmi basıb bağrıma, Məzarımı qazıram. İndidən baş daşımı Kəlmə-kəlmə yazıram.


Sevgimin

Gözlərimdə baxışının izi var, Ürəyimdə həsrətinin közü var. Neçə-neçə demədiyi sözü var, Yazıq olan, nakam qalan sevgimin, Nalə çəkən, gözü dolan sevgimin.

Duyğularım yetim qalıb nə vaxtdı, Könlüm səni çox umdu, çox darıxdı. Gecə-gündüz gözlərindən yaş axdı, Səni gəzən,haray salan sevgimin, Nalə çəkən, gözü dolan sevgimin.

Ümidlərim yorğun düşub, sozalıb, Sənsiz keçən ömrüm-günüm azalıb. Sən gedəli qış da ötüb, yaz olub, Xəzanıdı gülü solan sevgimin, Nalə çəkən, gözü dolan sevgimin.

Ha arayım, ha axtarım ha gəzim, Mən ki, səni tapmayacm, əzizim. Məzarına gedən yolda var izim, Odu sönüb, sənsiz olan sevgimin, Nalə çəkən , gözu dolan sevgimin.



Son xəbərlər



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws