Nuranə Nihan: Ana - Şeirlər

2016-11-28 11:36:18 / 4862 dəfə oxunub

Ana.

Adına bağlıdır ömrüm,həyatım,
Dünyaya baxdığım gözümsən,ana.
Sənin əsərindir mənəviyyatım,
Ruhumsan,canımsan,özümsən,ana.

Ötdü neçə qışlar,neçə payızlar,
Qara tellərinə düşdü bəyazlar,
Ah çəksəm, o anda ürəyin sızlar,
Dərdimə hey yanan közümsən,ana.

Nə qədər vəsf etsəm doymaram yenə,
Baş əyim önündə mən dönə-dönə,
Nihanın qələmi müştaqdır sənə,
Şerimi bəzəyən sözümsən,ana.

Ehtiyacım var.

Dörd tərəfi nadürüstlər sararkən,
Əməli düzlərə ehtiyacım var.
Dərd-sər çoxlarını əldən salarkən,
Gülümsər üzlərə ehtiyacım var.

İnsanın ahıdır göydən ələnən,
Gözünün yaşıdır daşıb sellənən.
Alışan ruhuma su tək çilənən,
Təsəlli sözlərə ehtiyacım var.

Dünyanın rəngini al-əlvan görən,
Həyatın zəhmini mehriban görən,
Zülmət gecələri çıraqban görən,
Ziyalı gözlərə ehtiyacım var.

Dedilər

Taleyimə əsdi külək,
Yarı qaldı arzu-dilək.
Dedim:Dərdli var mənim tək?
Əlli,altmış,yüz - dedilər.

Sevmədimi qədər məni,
Eylədi dərbədər məni.
Dedim:Sıxır kədər məni,
Səbrin olsun,döz - dedilər.

Sınıq qəlbin dayağı nə?
Həvəsi nə,marağı nə?
Dedim:Ömrün çırağı nə?
İki nurlu göz - dedilər.

Könül evim bir saraydır,
Qapısı da taybataydır.
Dedim:Ömür axar çaydır,
Bacarırsan üz - dedilər.

Belə gördüm bu dünyanı,
Tanınmır dostu,düşmanı.
Dedim:Xalis insan hanı?
Çıraq götür,gəz dedilər

Həyat da bir imtahandır,
Kim arifdir,kim nadandır.
Dedim:Sözüm dürr-mərcandır,
Misralara düz - dedilər.

Öyünməyə yox səbəbim,
Sadəlikdir mənim dəbim.
Dedim:Nəsə gəlmir təbim,
Nihan,durma, yaz - dedilər.

Torpağa gedir.

Ömür ilahinin əmanətidir,
Torpaqdan yaranan torpağa gedir.
Qanun dəyişməzdir,fərman qətidir,
Torpaqdan yaranan torpağa gedir.

Kim arzulamaz ki sonzuz həyatı?!
Hər kəsin günü var,vaxtı,saatı.
Cövlan eləyəndə əcəlin atı,
Torpaqdan yaranan torpağa gedir.

Dünya mənasızdır yaxşı-yamansız,
İnsan dərdsiz olmaz,dağlar dumansız.
Bəzən zamanında,bəzən zamansız,
Torpaqdan yaranan torpağa gedir.

Üzləşir olmazın dərdlə,sınaqla,
Əlləşir,vuruşur dişlə,dırnaqla.
Bir ağız yasinlə,beş metir ağla,
Torpaqdan yaranan torpağa gedir.

Nihan,savabı var hər xoş niyyətin,
Hamı bu dünyada görə cənnətin.
Götürüb ya rəhmət,ya da lənətin,
Torpaqdan yaranan torpağa gedir.

Qarabağım

Çəkilərmi bir gün dumanın,çənin,
Ey,cənnət məkanım,xan Qarabağım?!
İllərin dağı var sinəndə sənin,
De,necə dözürsən,can,Qarabağım?!

Xocalının o dözülməz halına,
Şuşanın dağılmış gül camalına,
Viranə Ağdamın dərd-məlalına,
Ağla,Qarabağım,yan,Qarabağım!

Sevincim şənliyim qalıbdı səndə,
Bir də güləcəyəm vətən güləndə.
Nihanam,hər dəfə adın gələndə,
Damlayır gözümdən qan,Qarabağım!

Ola biləydim

Könlüm arzulayır qoynunu hər an,
Kaş ki sənə yaxın ola biləydim.
Qərib-qərib inildəyən bağrından,
Qopan nalən, ahın ola biləydim.

Beynimdə xəyallar girir min dona,
Ruhum bir quş olub sinənə qona.
Zümrüd sularında yaşılbaş sona,
Dağlarında ahun ola biləydim.

Sənsiz vətənimdə sanki bir yadam,
Quruca nəfəsəm, quruca adam.
Qəlbi paralanmış, ey cansız Ağdam,
Vücudunda ruhun ola biləydim.

Mən Nihanam, könül evi sökülən,
Gözüm yaşı vətən üçün tökülən.
Viran olmuş torpağına dikilən,
Gözlərində yuxun ola biləydim.

Gendə qaldı

Ayı, günü saya-saya,
Yetişmədim yaza, yaya.
Payız gəldim bu dünyaya,
Bəxtim azıb çəndə qaldı.

Tər diləklər dəstə-dəstə,
Zaman yeyin, səbr ahəstə.
Gözüm qara saçın üstə,
Zolaq salan dəndə qaldı.

Ömür gedir bala-bala,
Səndələyir sağa, sola.
Bir ili də saldım yola,
Xatirəsi məndə qaldı.

Daş üstündə çiçək bitməz,
Dərin olan izlər itməz.
Çağırsam da ünüm yetməz,
Nihan, gənçlik gendə qaldı.

Əsir yurdlar.

Gül qoynunda bir sara bax,
Ağla,bülbül,eylə aman!
Bağrına daş bas,Qarabağ,
Ellərinin halı yaman!

Xankəndinin intizarı,
Can ayırır sanki candan.
Qarabağın şah damarı,
Yadigardır ulu xandan.

Qəm günəşi saçır indi
Xocalının şən üzündə.
Dərdli güllər açır indi,
Qoynundakı qan izində.

Bulaqların büllur suyu,
Gözlərində dönüb yaşa.
Həsrət çapır Cıdır boyu,
Xiffət edir gözəl Şuşa.

Yaylaqlarda çəmən-çiçək,
Ağı deyib yolur saçın.
Coşub çılğın Həkəri tək,
Haray salır yenə Laçın.

Zülm altında inildəyir,
Sərvətləri,sıx meşəsi.
Ərgünəşdə cingildəyir.
Xocavəndin nalə səsi.

Ana kimi çəkir keşik,
Kəlbəcərə Murov dağı.
Gen sinəsi qızıl beşik,
Zirvəsi qartal oylağı.

Ahlar dönüb bir rüzgara,
Hey dolanır dağ-dərəni.
Düşmən etdi bəxti qara,
Yaşıl donlu Ağdərəni.

Külə döndü o cah-cəlal,
Yenik düşdü cəsur Ağdam.
Heyrətindən olubdu lal,
Dinə bilmir,susur Ağdam.

Araz çayı layla çalır,
Cəbrayıla sərin-sərin.
Hərdən sınmış könlün alır,
Ümid verir Xudafərin.

Füzulinin gülmür üzü,
Qubar düzə çən gətirir.
O tayında qalıb gözü,
İçin-için köks ötürür.

İki çayın arasından,
Bir yurd baxır qəlbi para.
Qubadlının yarasından,
Qan çilənir qayalara.

Bərgüşadın səbri yarı,
Fikri dara çəkilibdi.
Zəngilanın şux çinarı,
Daha dərddən bükülübdü.

Nə poladam,nə dəmirəm,
Ürəyimdə dözümmü var?!
Dadınıza yetəmmirəm,
Əfv eləyin,əsir yurdlar.



Son xəbərlər



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws