Qasımov Lətif - Mənimi səsləyir ömrün yolçusu

2016-12-04 09:20:10 / 11053 dəfə oxunub

Bu payız

Payızdır, hər yanı bürüyüb duman, Yuvaya çəkilib quşlar yatırlar. Yarpaqlar üzülür öz saplağından, Elə bil ki, toydur, şabaş atırlar.

Sırsıra bağlayıb körpə budaqlar, Sükut dərələrə "Hıçqırıq” salıb. Çılpaq adam kimi əsir qovaqlar, Bulağın nəğməsi yarımçıq qalıb.

Xınalı otlardan süzülməyir su, Bu payız könlümə nəsə düşübdür. Mənimi səsləyir ömrün yolçusu, Yoxsa qulaqlarım səsə düşübdür!?


Ya Əli

Qurtar məni bu möhnətdən, zəlalətdən Ya Əli! Cahil ilə cəhl etməkdən, cəhalətdən Ya Əli. Əhli-əyal qarşısında xəcalətdən Ya Əli Ey şahi-mərdan sailə pənah, bir adı Heydər, Sahibi-Hünər. Qarşına çıxdısa da o məlum mərvan dözmədi, Tab etmədi yetərincə, az bir zaman, dözmədi. Zülfüqarın böldü onu tən ortadan, dözmədi, Zərbindən lərzə getdi, titrədi, əsdi Xeybər! Məhv oldu kafər!

Öz nurundan xəlq eylədi tanrı səni sərasər, Səndən qeyri ola bilməz, şairi-yəzdan bir nəfər. Kəbədə mövludum oldu, çox mübarək, müzəffər! Yer üzünə yayıldı nur, doğuldu güldü səhər, Sevindi Bəşər!


Quyu Niyə insane qırğın üçün, Fikirləşsin, baş ağrıtsın? Kəraməti varsa onun, Ölüm rəngli buludları, Zülüm rəngli buludları, Yer üzündən, göy üzündən, Qovsun, qovsun, tam dağıtsın! Haqqı varmı bir kimsənin, İnsanlığa gülsün,dansın? Qəlbi yanan məni anlar, Ayıq olun ey insanlar! Həqiqətin alovunda, Haqsızlığın "Haqqı” yansın! Mərdimazar, yoldan azar, Quyu qazar xırda-xırda; Özü dqüşər bu quyuya, Ən nəhayət, ən axırda!


Salam

Müxtəlif olurmuş salamlar demə, Məkirli. qərəzli, qərəzsiz salam. Təmənna xətrinə verilməyəndə, Əvəzsiz olurmuş, əvəzsiz salam.

Həyanın, ismətin ilk əlməti, Bəlkə də hörmətin özüdür salam. Elə qanunu var, elə xisləti, Çox işin birinci sözüdür salam.

Salamla başlayır hər ehtiram da,ə Salamda fil gücü, dağ qüdrəti var. Dərdimiz azalar, qarşılaşanda, İnsanlar səmimi salamlaşsalar.

Salam- səmimiyət, ünsiyyət demək, Salam- könüllərin ülfət qaynağı. Salam- mehr, məhəbbət, nəzakət demək, Salam- ürəklərin ən nikbin çağı.


Sevmirəm

Sən axtarma ünvanımı, Özüm deyim nişanımı. Haqqı söylə, al canımı, Neynim yalanı sevmirəm.

Nə qüssə çək, nə qəm kədər, Ver eşqimdən yeni xəbər. Bəlkə də heç sənin qədər, Cismimdə canı sevmirəm.

Çoban çalar tütəyində, Yapıncısı kürəyində. Üzdə mənlə, ürəyində, Ayrı olanı sevmirəm!

Xəzərin sahilində

Nə sehirli dili varmış, Xatirələr danışarmış… Küsülülər barışarmış, Göy Xəzərin sahilində.

Neçə eldən qonaq olur, Könül qəmdən uzaq olur. Gecələr də oyaq olur, Ay, Xəzərin sahilində.

Həsrətinlə yanıram mən, Gələrsən, inanıram mən. İndi səni anıram mən, Hey Xəzərin sahilində.

Şair olan fikrə dalır, Fikir burda lövbər salır. Ən mənalı görkəm alır, Göy, Xəzərin sahilində.

Sevənlərin intizarı, Salamlayır saf suları. Var lətifin misraları, Göy xəzərin Sahilində!


Əks-səda

Ya həsrət soyuğu, Ya qürbət soyuğu, Fərqi yox Üşüdür məni. Üşünürəm. Ey bəxtimə çıxan ulduz, Gecə-gündüz, Tənha-yalqız, Yalnız səni düşünürəm! Şəfəqindən şəfqət mənə, Həsrətindən möhlət mənə, Yoxdu, yoxdu. Ürəyimdən nida qopdu, Həmin nida, Əks elədi qayalarda Ancaq sənin ürəyində Bu çağrışa, Yaranmadı əks-səda. Deməli layiq deyiləm, Belə yüksək, nəcib ada! Yada, Birdəfəlik bu yerlərdən, Uzaqlarda olmalıyam. Düşərək, Metroid parçası tək, Yad ölkəyə, Yad qitəyə Sükunətdə qalmalıyam. Amansızlıq şaxtasında, Dona-dona yanmalıyam, Yana-yana donmalıyam…


Ay Çaçan (Tovuz rayonunda istirahət guşəsi)

"Sarı bulaq”, bir ilhamlı bəstəkar, Həzin nəğmə dərələrə səs salar. Cığır-qollar çəmənləri haçalar, Nə gözəlmiş tala süfrən ay Çaçan; Qonaq ollam bir də səndə mən haçan?

"Çinar qaya” milənibdi düz göyə, Varmı sənə ulduzlardan söz deyən. Mən qıymaram yağış döyə, qar döyə, Tamaşadır dağın, dərən ay Çaçan; Qonaq ollam bir də səndə mən haçan?

El köçəndə binə düşər bu yerdə, Qələm çəkdin hər möhnətə, hər dərdə. Dan sökülür, dayanmışam səhərdən Heyran olur, səni görən ay Çaçan; Qonaq ollam bir də səndə mən haçan?


Piyada gəzmək istəyirəm

Qoy doaşım pay-piyada, Ayaqlarım haldan düşsün. Qollarımda güc qalmasın, Ancaq mənim bu torpaqda, Gəzmədiyim yer qalmasın. Dostlarım da küsür bəzən: - "Sən piyada çox gəzirsən” Demirlər ki, duymaq üçün, Nəfəsini bu torpağın, Öz səsini bu torpağın, Dağlarını cığır-cığır, Düzlərini qarış-qarış, Nöqtə-nöqtə gəzməlisən. Səhər çağı şeh içində, Yuyunmalı, çimməlisən. Hər kolundan bir çiçəyi, Dərməlisən, üzməlisən. Ən nəhayət bu vətənin, Həsrətinə dözməlisən. Heyrət varsa gözəlliyə, Çox seyr edim, duyum deyə. Ömür boyu sən piyada Dolanasan bu dünyada!


Ömür kağızı

Sənnən mənim armada, Nə sədd var, nə də sərhədd. Nə tikanlı məftillər çəkilmiş, Cərəyanlı bir xətt!… Amma bu maneəsiz keçidi, Keçmək olmur, olmur fəqət. Aramızxda çay yoxdur ki, Qıjovundan, Axarından qorxum olsun. Ya bir çəllək barıtmı var, Yanarından qorxum olsun. Ürəyimdən keçir bu dəm, Saçlarının reyhan ətri, Gözlərimdə yuxum osun! Etibardan, dəyanətdən, Məhəbbətdən, şirin dərddən. Ürəyində toxum olsun. Aşıb-daşsın var dövlətim, Sənin eşqin – Varım olsun, yoxum olsun! Çox vaxt vüsal ümidiylə Gözlərimdə açılır səhər. Yaşayırıq Ömrümüzün yolu qədər. Cəmiyyətdə biz də varıq, Yox, pas atıb qalmamışıq. Bir də gülüm, ömrümüzə, Biz ki, kağız almamışıq.

Yandır ürəyimi, yandır ey gözəl, Onsuz da yanmaq ki, öz adətimdir. Bu günsə çəkdiyim dadlı əzablar, Bəlkə də gələcək səadətimdir.

Dünyada hər şeydən ülvidir məncə, Şirindir, acıdır, həm də çətindir. Titrəyir ürəyim hərdən gizlicə, Bilirəm, bu odur – məhəbbətimdir.


İnamım var

Alım bilir, yox kədərim, yox qəmim Kağız-qələm mənim dostum, həmdəmim. Hər vaxt yazır məhəbbətlə qələmim. Gözəl-göyçək zamanım var, zamanım! Gələcəyə inamım var, inamım!

İnamım var yetişəcək toy, düyün, Biz müstəqil olcağıq büs-bütün. Şair adı zirvələrdən çox üstün, Bupeşəyə gümanım var, gümanım, Gələcəyə inamım var, inamım!

Yaşadıqca yaxşı, yaman görürəm, Zəhmətimlə xoşbəxt ömür sürürəm. Mən demişəm, deyəcəyəm, deyirəm Nə bəxtəvər dövranım var, dövranım, Gələcəyə inamım var, inamım!


Mən öpərəm o torpağı

Üstündə yar gəzmiş olsa, Bircə çiçək üzmüş olsa. Səhər çağı xoş qılıqla, O qız məni süzmüş olsa, Dil-dil ötər könmül tarı: Seyrangahdır çay qırağı, Mən öpərəm o torpağı!

Bircə dən də yetiribsə, Bircə lalə bitiribsə, Tariximdən, keçmişimdən, Bircə nişan, bircə soraq, Saxlayıbsa, gətiribsə Payız nədir, Qarlı qışın, Lap olsa da oğlan çağı, Mən öpərəm o torpağı!

İgidlərin, şəhidlərin, Biorcə damla qanı düşmüş, Yoldan, izdən gülüb keçmə, Anaların dərdi çoxdu, Kədərini, dərdini sən, Onlar ilə bölüb keçmə. Hər damla qan çarpaz qandır, Torpağımın inəsində, Qəzəbim ağ, kinim ağdır. Milyon illik burden keçər, Nifrətimin gülləsində! Azaltmaqçün mən bu dağı, Sağaltmaqçün mən bu dağı, Mən öpərəm o torpağı! Mən öpərəm o torpağı!

Altı qızıl, üstü qızıl, Bu torpağa əvəz hanı? İçim göynər sızım-sızım, Axtar, dolan, ya gəz hanı? Neçə dəfə çapıb yağı, Yarsını sarmaq üçün, Mən öpərəm o torpağı!


Tərslik

Nə dilinə güc ver, nə məni incit, Ayrılsaq qismətin düşüncələrdir. Sanma ki, çox şükür deyib gedərsən, Şükürlər cürbə-cür, təhər-təhərdir.

Bulaq tək qaynayan bu şirin dilim, Bağlanar üzünə bir kilid kimi. Bu yumşaq, bu kövrək, həlim ürəyim, Buzlaşar, sərtkllşər, qranit kimi!

Hərdən bir sıxılıb elə daralar, Könlünə nöqtə də sığışmaz sənin. Qəlbində bir gizli sualım qalar, Həsrətin yollardan yığışmaz sənin…


Öz yerində

Həyatın sınağı deyildir asan, Qəm öz yerindədir, dəm öz yerində. Gərək arif olub, baş çıxarasan, Zil öz yerindədir, bəm öz yerində.

Gülümsər dan üzü, doğular səhər, Yayılar aləmə quşlardan xəbər. Daha qiymətlidir, düşünsən əgər Bütöv öz yerindədir, kəm öz yerində.

Qoldan qüvvətlidə ağıl olar az, Öyüdün, danlağın, ona yaramaz. Yüksələr, ucalar, ifrata varmaz, Layiqli olarsa kim öz yerində.


A dağlar sənə

Nə səbəbdən dərdə dözümlü oldun, Niyə dağ deyirlər, a dağlar sənə? Bəd gündəmi sən göz açdın, doğuldun, Buludlar başından od ağlar sənə!

Səhər-səhər günəş səpər zərini, Zirvələrin silər alın tərini. Dərələr köksündə yara yerimi? Ya nədən nişandır a dağlar sənə?

Sovuşub çovğunun, qışın ötəndə, Çəkilər üstündən duman da, çən də. Nərgiz qöçəsini günəş çərtəndə, Yaz üzü yuxarı adağlar sənə!

Qüdrətin sirlidir,min bir gədiyin, Daşların qoynunda yatır itiyin. Kürəyinə əl çalıb oğlum dediyin, Lətifəm, qurbanam, ad dağlar sənə!

Bahar vaxtı güneylərin tamaşa, Bürünürsən çiçəklərdən qumaşa. Yaraşıqdı gül çəmənə, daş-daşa, Hardandı bu hikmət a dağlar sənə?


Domna peçi

Nəhəng, ağır, gövdəli, Ya da ki, bir alov dilli. Əjdahamı Domna peçi?

Od nəfəsli, od kürəli, Sirrli, sehirli Bir kahamı Domna peçi?

Mərdlik çalar qanad burda, Hər an qaynar həyat burda. İgidlərin od zəhmindən, Suya dönər polad burda.

Gözlərindən inam yağan, Baxışından zülmət qorxan. Adamlarla dostluq etsən, Cəsarətə alışarsan. Fəhlələrin iradəsi, Möhkəm olur, Əritdiyi hər poladdan.


Təcrübədə

Bu gün həyəcandan Əllərim əsir, Bilmirəm bu hikmət, bu sirr nədədir? Sanki hava çatmır, ürək tələsir, Arzular, ümidlər titrəmədədir.

Hər şagird gözləri böyük bir ümman, Baxışlar göz olub yapışır mənə. Baxışlar qoparır burada min tufan, Şübhələr könüldə at çapır yenə.

Min sual doğurur şübhələr canda, Kiçik bir nöqsan da dağa bənzəyir. Deyir: "Necə keçdim” dərsdən çıxanda, Nigaran gözlərin cavab gözləyir.

Elə ki, zəng olur, başlayır dərslər, Ürəkdən sükutu qovur uşaqlar. Müəllim səbirli olsa bir qədər, Dincəlib quzu tək olur uşaqlar.

Çalışıram daim, hər vaxt, hər zaman, Qəlbimdə özümə inanmaq üçün. Şagirdlər önündə verdim imtahan, Böyüklər yanında sınanmaq üçün.


Şərikli ömür

Eşqimi söyləsəm buzlar əriyər, Bahar nəfəsiylə öpər torpağı. Dağların çalması çiyninə düşər Təbiət xatırlar ana qucağı.

Güllər, çiçəklər də duyarlar məni, Onların ətrini mən duyan kimi. Lilparlı bulağın ayna köksündə, Min arzu birləşib uyuyan kimi.

Ünvanəım dənizdir, adım qasırğa, Dalğalar səsimdən haray qoparır. Odlu baxışından bişən qovurğa Bəs niyə canıma üşütmə salır?

Qəlbimdə Çağlayan, coşan, kükrəyən, Məhəbbət selinin fırtınası var. İllərlə xətrini canda bəsləyən, Könlümün tək sözdən təmənnası var.

Qatıb ömrümüzü ürəklə gülüm Olaydıq həmişə şərik ikimiz. Birgə yaşayaydıq, birgə sevgilim. Həyatda namusla, ləyaqətlə biz.


Bilinməz

Sən haqlısan Məmməd Aslan Çöllüyün işi bilinməz. Yer şumlandı, quzuladı, Kotanı, xışı bilinməz.

Tənha açan çiçək görsən, Ləçəkləri ipək görsən. Harda kövrək ürək görsən, Oxşa, göz yaşı bilinməz.

Qəlbimizin nəvası bir, Hər dərdi bir, dəvası bir. Qürbət elin havası bir, Baharı-qışı bilinməz.


Dağların

Ömrünün xəzanı uzaq olsa da, Qayğıdan ağarıb başı dağların. Alimlər inadla axtarırsa da Yenə də bilinmir yaşı, dağların.

Bir üzü bahardı, qışdı bir üzü, Var on bir iqlimdən burada doqquzu. Dumanda görünmür dərəsi-düzü, Nə yaman çatılıb qaşı dağların.

Azalır günbəgün, enir hərarət, Qar deyil, torpağa enir bərəkət. Bəyazlıq içində yatır təbiət, Onunçün gözəldir qışı dağların.

Silsilə təqvimdir, Qoşqarım mənim, Ondakı əzəmət-söz varım mənim. Arxam, fəxrim, dağlar vüqarım mənim, Nə bilər qədrini naşı dağların.


Qucağında

Onsuz dünya puç deyilmi? Gülüm, sənin qucağın da. Qolu bağlı qul nə çəkir, Bilim, sənin qucağında.

İşvəkarsan zaman kimi, Yandım, günəş yanan kimi. Gəlib- keçər bir an kimi, İlim, sənin qucağında.

Lətif oldun qohum yadlı, Həyat şirin, ömür dadlı. Qorxusuzdur "ölüm" adlı Film, sənin qucağında.


İşə bax bir

Qara dəniz sahilində Səni andım işə bax bir. Bir sadədil gözəl gördüm, Çaşıb qaldım işə bax bir.

Öz yurdumun oğluyam mən, Torpağına bağlıyam mən. Ona ömür borcluyam mən, İndi qandım işə bax bir.

Gülüşlərin yada düşdü, Ürəyimə qada düşdü. Yenə qəlbim oda düşdü Allah yandım işə bax bir.

Gördüm göllər sonasını, Yalançılar son an sını İki uşaq anasını, Necə dandım işə bax bir.

Bir nəhrdir Qara dəniz, Qara adlı bir ağbəniz. Görməmişdim, görüşdük biz Dalğalandım işə bax bir, Doğmalandım işə bax bir.



Son xəbərlər
Sabunçuda 2 otaqlı ev yanıb
2017-04-28 10:06:49
Zakir Qaralovdan yeni təyinat
2017-04-27 15:33:27
Ulduzları barışmır
2017-04-27 14:28:34
HÜQUQİ DÖVLƏTİN BANİSİ
2017-04-27 12:48:11



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws