"NƏYİ QALIB BU DÜNYANIN”...

2016-12-06 14:35:27 / 3569 dəfə oxunub
- A Rəhim...

- Bəli, Ustad!

– deyə Rəhim Mehnətlə, Yusif Məhəmmədoğlu bir ağızdan söylənərək Ramiz Qusarçaylıya boylandılar.

- Gedin də, nə durmusunuz orada,

– bu sözləri gözlərində dostlara böyük məhəbbət, rəğbət qarışıq sevinc əks olunan Ramiz Qusarçaylının yalnız dili deyirdi...

Neçə dəfə sağollaşıb ayrılsaq da yenə yadımıza nəsə düşürmüş kimi geri qayıdır, ayrılmaq istəmirdik. Elə Ramiz müəllimin özü demişkən "şair məclisləri bax, belə olur da...”

Hamımızın nigarançılığı tez düşən qış axşamında dostların qayıdacaqları bir qədər uzun yol idi ... Söhbət, Qubanın Qımıl kəndində yaşayıb yaradan şair Mürfəttar Seyidməmmədovun Respublikanın Əməkdar Mühəndisi, şeir-sənət vurğunu İsgəndər Hacıyevin xeyirxahlığı ilə bir qədər öncə nəşr olunmuş "Nəyi qalıb bu dünyanın” adlı ilk şeirlər kitabının təqdimat mərasimindən gedir. Çoxdan gözləyirdik bu mərasimi. Amma olduqca sadə, təvazökar təbiəti, incə qəlbi olan Mürfəttar müəllimi "dilə tutmaq” olmurdu. Aybəniz Əliyarla mən hər dəfə onunla görüşəndə bunu xatırladır, təkid edir, Ramiz müəllimin "olacaq, mütləq olacaq Mürfəttarın kitab təqdimatı” deməsi ilə arxayınlaşırdıq. Bir həftə bundan öncə yenə görüşəcəkdik. Biz Aybəniz xanımla görüş yerinə gələnə kimi İsgəndər müəllimlə Ramiz müəllim bu tədbiri artıq planlaşdırmış, keçiriləcəyi yeri belə müəyyənləşdirmişdilər. Çox sevindik. Elə hamımızın arzusu idi bu əslində. Mürfəttar Seyidməmmədov Qubanın Qımıl kəndində yaşayıb yaradan, uzun illər Qımıl kənd orta məktəbində dərs hissə müdiri işləyən ziyalımız, Ramiz Qusarçaylı tərəfindən təsis və rəhbərlik edilən "Ay işığı” ədəbi məclisinin üzvüdür. Yeni, möhtəşəm bir şeir məclisinin əhvalına girmişdik...



Bazar günü bizləri Qubaya H. Əliyev adına Mərkəzi parka toplayan da məhz dəyərli şairin incə, kövrək poeziyasına olan dərin sevgi, şəxsiyyətinə bəslədiyimiz böyük hörmət idi. Mənim könül həmdəmim şair Aybəniz Əliyarla Sumqayıtlı dostlar Qubaya çatmağa az qalmışdılar. Tez gəldiyimi düşünüb öyünəcəkdim. Amma elə uzaqdan Mürfəttar müəllimlə şair Namik Xınalıqlını görüb ürəyim "dağa döndü”. Hərarətlə görüşdüm şair dostlarımla. Məni böyük və mənzərəli parkdakı pavilyona çay süfrəsinə dəvət etdilər və Bakılı qonaqlarımızın artıq gəldiklərini söylədilər. Kimlər gəlmişdi "Nəyi qalıb bu dünyanın” bilməyə... Bakıdan dəyərli yazıçımız Nəriman Abdulrəhmanlı, təkrarsız şair Nurafiz, şeirimizin Adiləsi – Adilə Nəzər, virtual aləmdə ara-sıra şeirlərindən paylaşıb bizi heyran edən, amma hər dəfə soruşanda "mən şair deyiləm, şeir yazmaq sadəcə xobbimdir” - deyən Niyaz Əsgərov, comərd dost, şair Rəhim Mehnət, və mənim hər zaman böyüklərə hörməti, ədəb-ərkanı ilə fərqləndirdiyim şair- jurnalist Yusif Məhəmmədoğlu-Osmanlı burada idilər. Xaçmazlı yazarlarımızdan, "Ulduzlar” ədəbi birliyinin rəhbəri şair Fərzalı Ziyanur, Telman Təravət qəzəlxan Mövlan Şahid, Xınalıqlı şair Yusif Şabanov, Qubadan şair-tənqidçi , Azərbaycan Yazıçılar Birliyinin Quba bölməsinin sədr müavini Zakir Məmmədlə şərəfli idi bu günkü məclisimiz. Tezliklə Ramiz Qusarçaylı ilə birgə içəri daxil olan Aybəniz Əliyar, peşəkar fotoqrafçımız Şakir Rəhman və saz ustası, bizi ən uzaq səfərlərimizdə belə sazla müşayət edən sevimli İman Əliyev də bizimlə çay süfrəsinə əyləşdilər. Vaxt itirmək olmazdı. Şeirli, musiqili bir görüş gözləyirdi dostları. Parkı gəzib bu gözəl dost görüşünün bir neçə anını əbədiləşdirdik. Qusarda da bizi hər zaman "etibarlı nümayəndəmiz” adlandırdığımız şair Ceyhun Ağabəyov və başqa qonaqlar gözləyirdi. Maşınlara bölüşdük. Adilə xanımın dəvəti ilə Aybəniz xanımla mən onların maşınına əyləşdik. Zümrüd gözəlliyini xəsisliklə qış günlərində də qoruya bilən təbiət Qusarda daha gözəl görünürdü bu gün. Əzəməti ürək titrədən, qürur verən dalğalı Azərbaycan Bayrağının seyrinə durduq Bayraq meydanında... Şakir Rəhman bizim şəkillərdə bayrağın tam görünməsi arzumuzu yerinə yetirmək üçün xeyli əziyyət çəkdi, sağ olsun! Qusarda yerləşən "Ay işığı” istirahət zonasının səliqəli və geniş zalında, zövqlə bəzədilmiş süfrə arxasına toplaşan dostları bir da salamlayan Ramiz Qusarçaylı Mürfəttar Seyidməmmədovun yaradıcılığına, onun həyat, əmək fəaliyyətinə dair ətraflı məlumat verərək şairi təbrik etdi. Söz, sözü sözdən çəkə bilən sənət adamlarımıza verildi. Mən dəyərli yazarlarımızın, dostlarımızın Mürfəttar müəllimin yaradıcılığı haqqında söylədikləri dəyərli fikirlərindən, ətraflı çıxışlarından bəzi məqamları yadda saxlamağa çalışdım... Nəriman Abdulrəhmanlı: Mürfəttar Seyidməmmədov bütün şeiri ilə deyil, şeirinin bircə misrası ilə belə yadda qalan şairdir. Zakir Məmməd: Mən Mürfəttar müəllimi sovet dövrü mətbuatda tez-tez dərc olunandan tanıyıram, sevə-sevə oxuyuram. Əsil şairdir, hətta onun adı, soy adı belə şairliyi ilə vəhdət təşkil edir, bir möhtəşəmlik yaradır. Nurafiz: Mən əslən Borçalı mahalından, kənddənəm. Bu günə kimi nə ləhcəmi, nə də xasiyyətimi dəyişə bilməmişəm. Kəndimizdə qonaq gedəndə kasıb qohumlarımın evindən tox, varlı qohumlarımın evindən isə ac qayıdardım. Bu günkü məclisimiz də varlı yerdir: bir tərəfimdə Nəriman Abdurrəhmanlı əyləşib, bir tərəfimdə Zakir Məmməd. Mən onlardan sonra Mürfəttar müəllimin yaradıcılığı üçün söz deyə bilmirəm... Bircə onu deyim ki, Mürfəttar müəllim tanıdığım gündən saflığı, sadəliyi, mülayimliyi ilə hələ də "böyüməyib”, uşaq yaşındadır... Fərzalı Ziyanur: Mürfəttar müəllim mənim həmkarımdır. Mən həm də 12-16 ildir ki, məclis rəhbəriyəm. Bu gün Ramiz Qusarçaylının böyük əməyi və səyi nəticəsində inkişaf edən Quba ədəbi mühiti heç zaman olmadığı kimi çox böyük uğurlar əldə edib. Mürfəttar müəllimin nəşr olunan "Nəyi qalıb bu dünyanın” adlı ilk şeirlər kitabı da "Ay işığı” ədəbi məclisinin daha bir uğurudur. Gözəl sənətkarımız Həsən Cəbrayılov şairlərimizi "nur çeşməsi” adlandırıb, bu poetik ifadə şair qəlbini, şair təfəkkürünü çox gözəl ifa edir. Ramiz müəllimin bu gün buraya topladığı nur çeşmələrinin içərisində hamımız doğmadan da doğmayıq, birik. Bizlər bir-birimizi ətrafımızda olan doğmalarımızdan daha artıq sevir, dəyər veririk. Şair öz fikrini Mürfəttar Seyidməmmədovun bir şeiri ilə yekunlaşdıraraq ona uğurlar dilədi. Adilə Nəzər: "Bu dünyanın nəyi qalıb” bilmirəm, amma onu bilirəm ki, Mürfəttar müəllimin hələ yazılmamış çox seirləri qalıb. Ona uğurlar diləyirəm sənət yollarında! Bizim şeir məclislərimizdə Aybəniz xanıma – Aybəniz Əliyarı xüsusi təqdim edib söz vermək "dəb” deyil... Məclis onundur, iri qara gözlərini süzdürərək şeir oxumaqdan, rəqs eləməkdən doymur. Bu dəfə də belə oldu. Mürfəttar müəllimin şeirlərini sevə-sevə, şirin-şirin oxudu. Qol götürüb sevimli şairimizi rəqs eləməyə dəvət elədi, durna kimi səkdi onu araya alan nurlu insanların dövrəsində. Rəhim Mehnətlə, Yusif Məhəmmədoğlu-Osmanlının sux zarafatları, səmimi söhbətləri məclisimizin bahar mehi idi sanki. Rəhim Mehnətin ifasında Ramiz Qusarçaylının "Azərbaycan bayrağı” şeirini hamılıqla oxuduq. Niyaz Əsgərov, təmkini, xüsusi qayğısı ilə seçilən Qusarlı şairimiz Ceyhun Ağabəyov, özünəməxsus Telman Təravət, ən çətin şeir növü olan qəzəldə qələmini uğurla sınayan Mövlan Şahid, dağlar qədər saf, lirik şairimiz Namik Xınalıqlı və başqa qonaqlar Mürfəttar müəllimin könül oxşayan, bəşəri hissləri tərənnüm edən şeirləri haqqında yüksək fikirlər söyləyərək şairin kitabından nümunələr gətirdilər. Qımıl kənd orta məktəbinin direktoru İsa Bayramov, Payon İcra Hakimiyyətinin Küpçal üzrə nümayəndəsinin müavini Kazım Beykəsov da təbriklərə qoşuldular. Aşıq İmanın müşayəti ilə Yusif Şabanovun ifasında səslənən nəğmələr qonaqların könlünü oxşadı. Məclisimizin bir qonağını da Sizlərə xüsusi təqdim etmək istədim: Bu bizim sevimli səhnə ustamız, görkəmli akrisa Afaq Bəşirqızının oğlu Səmral Təhməzov idi. Çıxışına Ramiz Rövşənin bir şeirindən sitatla başlayan ziyalımız Mürfəttar müəllimlə uzun illər etibarlı dostluğundan, onun ləyaqətli şairliyindən söz açdı. Söz musiqinin, rəqs meydançasının idi məclisin sonunda. Dövrə vurub, qol götürüb ürəklə rəqs elədik ortalıqda. Və bu möhtəşəmlik Mürfəttar Seyidməmmədovun timsalında bu gün Azərbaycanın Şimalında, Qubada Ramiz Qusarçaylının rəhbərliyi ilə fəaliyyətdə olan "Ay işığı” ədəbi məclisinin, Qubalı yazarların böyük uğuru, növbəti bir seir bayramı idi.

Sevinc MƏMMƏDOVA,
şair-publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü


Son xəbərlər
Ucuz iPhone istehsal olunacaq
2017-02-20 18:48:31
"Beşiktaş"da ciddi itki
2017-02-20 18:37:19
Allargik rinit
2017-02-19 20:09:54



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws