Etibar Vəliyev - Söz qılıncdan kəsərlidi

2016-12-06 21:27:16 / 13567 dəfə oxunub

Vəliyev Etibar Babali oğlu- şair,  publisist,  Azərbaycan Yazıçılar birliyinin üzvü (2008),  Azərbaycan Jurnalistlər Birliyinin üzvü (2007).

1963-cü ilin may ayının 16-da Azərbaycanda Lənkəran rayonunun Ləj kəndində anadan olmuşdur. Burada səkkizillik kənd məktəbini bitirdikdən sonra Bakı Plan-Uçot texnikumunda təhsil almışdır (1978-1981).  Lənkəran rayonunun "Lənkəran çay” sovxozunda fəhlə işləmişdir (1981).  Hərbi xidməti borcunu yerinə yetirmişdir (1981-1983). Tərxis ediləndən sonra yenə sovxozda fəhləlik etmişdir (1984-1985).  Lənkəran rayonunun "Puşkin” adına sovxoxda iqtisadçı işləmişdir.  Rayonun "Oktyabrın 60 illiyi” sovxozunda iqtisadçı işləmişdir  (1986-1988).  Lənkəran "5 № li çay fabriki”ndə baş mühasib işləmişdir (1988-1998).  Bu müddət ərzində Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında qiyabi təhsil almışdır (1986-1992). Hazırda Əmək və Əhalinin Sosial Mudafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 9 saylı region üzrə Dövlət Əmək Müfəttişliyində baş məsləhətçi- baş əmək müfəttişi işləyir.Ədəbi fəaliiyətlə XX əsrin 70-ci illərindən məşğul olur. Dövri mətbuatda və almanaxlarda şeirləri vaxtaşırı dərc edilir. İlk şeiri indiki "Lənkəran” qazetində çap olunmuşdur.

 "Məşəl” ədəbi-bədii, elmi-publisistik jurnalın məsul katibidi."Qızıl Qələm”  və Azərbaycan Jurnalistlər Birliyinin "Həsəön bəy Zərdabi” fəxri media mükafatlarına layiq görülmüşdür.

 Əsərləri; 

1."Görüşə gəl” (şeirlər) Bakı-"Nurlan” nəşriyyatı, 2006,  96 səh.  300     nüsxə. 

2.”Baxmağa dəyər” (şeirlər) Bakı-"Nurlan” nəşriyyatı,  2010, 167 səhifə, 500 nüsxə.                         

3 "Mənum Duyğum” (şeirlər) Bakı- "Elm və Təhsil” nəşriyyatı, 2016, 203 səhifə, 500 nüsxə.3

 

 

 

 GƏLƏRSƏN

Mən günəşəm, sənsə aysan,
Batıram, gecə gələrsən.
İçim atəş, çölüm alov,
Yanıma necə gələrsən?
 
Sən gecə yan, mən də gündüz,
Gəl yarışaq ulduz-ulduz,
Nə mən udum, nə sən uduz,
Olsun heç-heçə, gələrsən.
 
Kimi göndərim hərinə,
Sabahına, səhərinə,
Bəlkə eşqin şəhərinə,
Sən küçə-küçə gələrsən.
 
Bu arzu, bu diləyimə,
Tanrı yetər köməyimə,
Bəlkə mənim ürəyimə,
Sən köçə-köçə gələrsən.
 
Orda ölüm, orda ol var,
Orda sağ var, orda sol var,
Ürəyimə gedən yol var,

Yolu keçə-keçə gələrsən.

           

GÖZÜM YAMAN TUTUB SƏNİ

Söz qılıncdan kəsərlidi,
Sözüm yaman tutub səni.
Eşqin canıma od salıb,
Közüm yaman tutub səni.

Baxıb itirdim özümü,
Məst etdin xumar gözümü,
Yedeyin çaxır üzümü,
Üzüm yaman tutub səni.

Qaranlığa işiq saçdım,
Ora qaçdım, bura qaçdım,
Bu sevgimə bir fal açdım,
Tuzum yaman tutub səni.

Vəfasıza iz vermərəm,
Ünvanımı düz vermərəm,
Hər gözələ üz vermərəm,
Üzüm yaman tutub səni.

Gəzirəm, yaman gəzirəm,
Əlimdə fərman, gəzirəm,
Dərdimə dərman gəzirəm,
Gözüm yaman tutub səni.

  ANA

Cənnət anaların ayağı altda,
Ayağın altını gəzirəm ana!
Səninlə qovuşmaq həsrəti ilə,
Torpağın altını gəzirəm ana!
 
Bir yuxu görmüşəm yozan yeri var,
Namaz vaxtı gəlib, azan yeri var.
Ayaq izlərində xəzan yeri var,
Yarpağın altını gəzirəm ana!
 
İki can gəzdirən bir ürəkmisən,
Ay ana, can ana, sən Mələkmisən!?
Gedəndə gördüm ki, ağ geyinmisən.
Dum ağın altını gəzirəm ana!
 
Daha tabım yoxdu, taqətim gedib.
Məzarın bir ocaq, mən də bir ədib,
Ocağın üstünü ziyarət edib,

Ocağın altını gəzirəm ana     

 

BU GÜN SON ZƏNG ÇALINACAQ

Bu gün son zəng çalınacaq,
Biz məktəbə dəyək gedək.
Sevimli müəllimlərin,
Önündə baş əyək gedək.
 
Birincılər, bir dediniz,
Şirin, şəkərdi diliniz,
Bu birinci dərs iliniz,
Mübarəkdi, deyək gedək.
 
Azərbaycan elinə biz,
Çiçəyinə, gülünə biz,
Ömrün on bir ilinə biz,
Gəlin əl eyləyək gedək.
 
Elmə hörmət edənlərə,
Arzu, niyyət edənlərə,
İnsituta gedənlərə,
Uğurlar söyləyək gedək.
 
Çıxaq zəfər yürüşünə,
Baş əyək öndər büstünə,
Bayrağı köynək üstünə,

Fəxarətlə geyək gedək.

             

 QIYAMƏTDİ, QİYAMƏT

Sən demə ki, qiyaməti görmədim.
Sən də demə ki, xəyanəti görmədim.
Bu dünyada ədaləti görmədim.
Yazdəqlarim şikayətdi, şikayət.
Qiyamətdi, qiyamətdi, qiyamət.
 
O yerdə ki, imarətdi məzarlar.
O yerdə ki, böhtan yazar yazarlar,
O yerdə ki, ayaq altın qazarlar,
 İki qardaş arasında ədavət,
Qiyamətdi, qiyamətdi, qiyamət.
 
O yerdə ki, gündə qalma-qal olur,
O yerdə ki, zəhərli söz bal olur,
O yerdə ki, zina adi hal olur,
Qiyamətdən əlamətdi, əlamət,
Qiyamətdi, qiyamətdi, qiyamət.
 
Arvad var ki, heç bəyənmir ərini,
Kişi də var göstərmir hünərini.
Mey içməklə unudur dərd-sərini.
Əyər yoxsa bir kişidə kəramət,
Qiyamətdi, qiyamətdi, qiyamət.
 
Allah özü bəndəsindən nə dilər?
Kafir sonda namaz qılsa səndələr,
Allahıma naxoş gələn bəndələr,
Edirlərsə Kəbə evin ziyarət,
Qiyamətdi, qiyamətdi, qiyamət.
 
Bu islamı parçalayıb bölən var,
Bu bölgüdə cıhad edib ölən var,
Təriqətin adını da bilən var,
Onun adı cəhalətdi, cəhalət.
Qiyamətdi, qiyamətdi, qiyamət.
 
Suriyada Hələb viran qalıbdı.
Nə yaxşı ki hələ livan qalıbdı.
Bəs İrakda kimlər dava salıbdı?
Qaçqınların çəkdikləri zəlalət,
Qiyamətdi, qiyamətdi, qiyamət.
 
Millətlərin sinəsinə çökənlər,
Tikən deyil, bu dünyanı sökənlər.
Yer üzündə hələ də qan tökənlər,
Qan izindən çəkməyirsə xəcalət,
Qiyamətdi, qiyamətdi, qiyamət.
 
Bu erməni dığasının gücü yox.
Bu bir sürü qoyundur ki, qoçu yox,
Turkiyənin soyqırımda suçu yox,
Yer üzündə pozulubdu ədalət,
Qiyamətdi, qiyamətdi, qiyamət.
 
Siyasətdən dərs anlamaz, yatan var.
Dövlətini, millətini satan var.
Bu yol ilə var-dövlətə çatan var.
Onun adı xəyanətdi, xəyanət,
Qiyamətdi, qiyamətdi, qiyamət.
 
Qarabağda su yerində qan axıb,
Xəcalətdən sular dönüb, yan axıb.
Körpə ruhu anasıyçün darıxıb,
Xocalının soyqırımı cinayət,
Qiyamətdi, qiyamətdi, qiyamət.
 
 Qarabağın köksünə od qalandı.
Nemətləri, sərvətləri talandı.
Bu BMT, ATƏT adı yalandı,
Onun adı siyasətdi, siyasət,

Qiyamətdi, qiyamətdi, qiyamət.


 APREL DÖYÜŞLƏRİ

Vaxt yetib, cənab Ali Baş Komandan!
Bir daha orduya komanda verin.
Vətən torpağını azad etməyə,
Zəfər yürüşünə icazə verin.
Sizin qurduğunuz nizami ordu,
Qadirdi almağa torpağı, yurdu.
Ordunun başında əsıl sərkərdə,
Salıb o general, düşməni dərdə.
Aprel döyüşləri uğurlu addım,
Qələbə yolunda ilk addım idi.
Aprel döyüşləri zəfər ümudi,
Aprel döyüşləri muradım idi.
Aprel döyüşləri cəbhə xəttində,
Xalq ilə ordunun birliyi idi.
Aprel döyüşləri yenilməz xalqın,
Torpağa müqəddəs bir andı idi.
Aprel döyüşləri ordunun gücü,
Məkirli düşmənə göz dağı idi.
Aprel döyüşləri düşmən bağrına,
Əbədi sancılan köz dağı idi.
Aprel döyüşləri qızıl qələmlə,
Tarixə yazılan qururumuzdu.
Aprel döyüşləri danışıq vaxtı,
Masaya çırpılan yumruğumuzdu.
Yetər ki, orduya irəli deyin,
Tam azad olunar ana yurdumuz,
Lələ təpəsində asan bayrağı,
Şuşa qalasında asar ordumuz.

 

SƏN DEYƏN KİMİ 
(ATAMIN RUHU ŞAD OLSUN)

Atacan, qururum polad kimidi,
Özüm də dəmirəm, sən deyən kimi.
Çətinə düşəndə namərd önündə,
Qəddimi əymirəm, sən deyən kimi.

Aşiqi olmuşam qara gözlümün,
Şəkəri olmuşam şirin sözlümün.
Nə bir kimsəsizin, nə bir məzlumun,
Qəlbinə dəymirəm, sən deyən kimi.

Özümü dost üçün atardım oda,
Əlimi bal etdim gəlmədi dada.
Nə yaxın dostuma, nə də ki yada,
Sirrimi vermirəm, sən deyən kimi.

Vaxt olub namərdə qor göstərmişəm.
Başına dərd açan tor göstərmişəm,
Bəzən, həyasıza zor göstərmişəm,
Üzünə gülmürəm sən deyən kimi.

Lənət söyləmişəm şeytan, iblisə,
Meylimi salmışam qoşma, təcnisə.
Nə bir xanimanə, nə bir məclisə,
Dəvətsiz getmirəm, sən deyən kimi.

Girib, söz bağında bəzən azıram.
Qələmlə, varaqla qəbir qazıram.
Baxma ki şairəm, şeir yazıram.
Söz deyə bilmirəm sən deyən kimi.


 SƏNƏ NƏ

Mən özüm bilirəm kiməm, nəçiyəm,

Dəmirəm, poladam, daşam, sənə nə.

Özüm öz yerimi bilən adamam,

Mən sağam, mən solam, başam. sənə nə.

 

Poladam, əriyib bir söz olaram.

Söz ilə alışan bir köz olaram.

Bir gözümü yumub tək ğöz olaram.

Mən gözəm, kipriyəm, qaşam, sənə nə.

 

Hələ ki dağlardan mən enməmişəm.

Minnətli çörək də heç yeməmişəm.

Ağsaqqal önündə söz deməmişəm.

Tutaq ki həddimi aşam, sənə nə.

Bəzən çiçək olub açmağım gəlir.

Bəzən bu dünyadan qaçmağım gəlir.

Bəzən göy üzünə üçmağım gəlir.

Durnayam, qartalam, quşam, sənə nə.

 

Alovu, Odu var  hər sarı simin.

Gərək tərbiyəsi olsun hər kimin.

Sən qoyun deyilsən, mən də ki yemin,

Quruyam, yaşılam, yaşam, sənə nə

 

İçirəm çay ilə qəndi, noğulu,

Dilimdən kəsmirəm salam, sağolu.

Mən başa düşmədim ay filan oğlu,

Tutaq ki bir yerdə çaşam, sənə nə.

                                           

BURDA GÜLMƏLİ NƏ VAR

İndi zaman dəyişib,
Qızlar paltar toxumur.
Bu dövrün cavanları,
Daha kitab oxumur.
Burda gülməli nə var?
 
Ata evdə uşaqdan,
Soruşmur hara gedir.
Oğul dikotekaya,
Qız da ki bara gedir.
Burda gülməli nə var?
 
Kişi xumarlanıbdı,
Arvadı xaş-xaş əkir.
Qızı dərsə getməyir,
Oğul siqaret çəkir.

Burda gülməli nə var?

 

Öz ərindən qorxmayan,
Arvad xəyanət edir,
Sonra da qeyrət gəlir,
Kişi cinayət edir.
Burda gülməli nə var?

 

Bir qonşum bəxtəvərdi,
Axşamdan içib yatır,
Biri üzümə gülür,
Daldan mənə daş atır.
Burda gülməli nə var?
 
Deyirlər ki haqq itir,
Düz yolunu azan var.
Günün günorta çağı,
Ayaq altın qazan var.
Burda gülməli nə var?
 
Nə ək, nə də ki becər,
Yol ticarət yoludu.
Qonşuya borcumuz yox,
Hamı banka borcludu.
Burda gülməli nə var?
 
Efirə bax, sən Allah,
Can-canadı, can-cana.
Göydəki ulduzlardı,
Düşüb Azərbaycana.  

Burda gülməli nə var?

 

Bu toydu, bəy toyudu,
Gözlərə bax qaynayır.
Azərbaycan qadını,
Göbəy rəqsi oynayır.

Burda gülməli nə var?

 
Meşə çaqqalsız olmaz,
Meşənin ayısı var.
Təzə xəbər deyil ki,
Nadanın dayısı var.
Burda gülməli nə var?
 
Qudurub, harın olub,
Dovşan nəri eşitmir.
Azadlıqdı, azadlıq,
Arvad əri eşitmir.
Burda gülməli nə var?
Kasıb dinib, danışmır,
Pulu olan danışır.
De kim düz danışır ki?

Çoxu yalan danışır.

Burda gülməli nə var?

Tülku deyir mən təkəm,
Nə sumukəm, nə ətəm.
Kim işdən çıxarılır,
Deyir müxalifətəm.

Burda gülməli nə var?

                         

AĞLAMAYIN

Bir gün gələr olmayacam,

Tanrı mənə qərar verər.

Bəlkə sənin son zənginə,

Elə oğlum cavab verər.

Deyər atam...

Deyər atam...

Sonra,

Hönkür-hönkür ağlayacaq.

Onda sənin ürəyini,

Öz oğlumun,

Göz yaşları dağlayacaq.

Özü boyda bir dərd ilə,

Səni xətdə saxlayacaq.

Biləndə ki ağlayırsan,

Telefonu bağlayacaq.

Ağlayanda səs qırılır,

Söz qırılır,

Göz yaşı gözdən qırılır.

Ağıamayın!

 

           

 

 

 

 

 

 



Son xəbərlər
Xınalığa qar yağıb
2017-03-28 15:49:41
Cəbhədən ən son xəbər
2017-03-28 11:32:00



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws