Nazir müavini: “Şəffaf vergi partnyorluğu” idarələrinin qeydiyyatında olan ödəyicilərə növbədənkənar xidmət ediləcək”

2016-12-07 12:17:19 / 1187 dəfə oxunub

"Şəffaf vergi partnyorluğu” idarələrində ayrıca "yaşıl dəhliz” yaradılacaq. "Şəffaf vergi partnyorluğu” idarələrinin qeydiyyatında olan ödəyicilərə növbədənkənar xidmət ediləcək”.

 

"APA-Economics”in məlumatına görə, bunu vergilər nazirinin müavini İlkin Vəliyev deyib.

 

Onun sözlərinə görə, belə ödəyicilər üçün vergi əməkdaşlarından xüsusi kuratorlar təhkim ediləcək: "Onların vergi sahəsində hər hansı çətinliyi yaranarsa, sualı meydana çıxarsa, hansısa ziddiyyətli bir məsələ qalxarsa, onlar öz kuratorlarına müraciət etmək imkanı olacaqlar. Belə ödəyicilərə çevik xidmət göstəriləcək, bütün məsələlərin operativ şəkildə həllinə nail olunacaq. Məsələn, əlbəəl çatdırılmalı olan sənədlər vergi orqanı tərəfindən ödəyiciyə birbaşa təqdim ediləcək, onlara ünvanlı xidmətlər göstəriləcək. Vergi ödəyicisinin uçot məlumatlarında hər hansı uyğunsuzluq aşkar edilərsə, təhkim olunmuş kurator dərhal vergi ödəyicisi ilə əlaqə saxlayaraq onu məlumatlandıracaq, onunla birlikdə ortaya çıxmış məsələni müzakirə edəcək və onun çətinliklərini aradan qaldırmağa çalışacaq. Yəni, belə ödəyicilərin öhdəliklərini davamlı olaraq yerinə yetirilməsinə kömək etmək üçün vergi orqanı həmişə onların yanında olacaq”.

 

İ.Vəliyev əlavə edib ki, "Şəffaf vergi partnyorluğu” idarələrinin yaradılması intizamlı vergi ödəyiciləri ilə işin aparılmasını nəzərdə tutan bir sistemdir: "Şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyiciləri Vergilər Nazirliyi tərəfindən təsdiq olunmuş meyarlar əsasında müəyyən ediləcək. Əlbəttə, vergi ödəyicisinin çox və ya az vergi ödəməsi onun intizamlı olmasının göstəricisi deyil. Şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyiciləri, ilk növbədə, vergi öhdəliklərini vaxtında yerinə yetirən, vergilərini tam həcmdə ödəyən, işçi heyətinin sayını və faktiki əmək haqlarını düzgün bəyan edən, mühasibat uçotunu beynəlxalq və ya milli uçot standartlarına uyğun olaraq aparan, riskli vergi ödəyiciləri ilə əməliyyatlar aparmayan, son 3 il ərzində iqtisadi sahədə cinayət təqibinə məruz qalmamış ödəyicilərdir”.

 

Nazir müavini əlavə edib ki, Vergi orqanlarında yaradılmış Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminin (AVİS) texniki imkanları bizə vergi ödəyicilərinin əməliyyatları üzrə 300-dən yuxarı çarpaz təhlil aparmağa və beləliklə, onun fəaliyyətinə tam şəkildə nəzarət etməyə imkan verir: "İntizamlı vergi ödəyicisinin müəyyənləşdirilməsi zamanı onlar bu təhlillərin süzgəcindən keçir və biz belə ödəyiciləri mövcud meyarlar üzrə yoxladıqdan sonra müəyyən edirik. İlkin mərhələdə Bakı şəhərində belə tələblərə cavab verən ödəyicilərin sayı 400-ə yaxındır”.

 

İ.Vəliyev vurğulayıb ki, regionlarda belə qu­rumların yaradılması ilə bağlı təkliflərin hazırlanması üzərində iş gedir və yaxın vaxtlarda həmin təkliflər də müzakirə olunacaq. 



Son xəbərlər
Dollar BAHALAŞDI
2017-03-30 19:08:00



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws