Habil RzaNur Mustafayev - Göydə Allah,yerdə mənəm!

2016-12-14 20:56:53 / 10004 dəfə oxunub

...AXI SƏN YALAN DEYİLSƏN...

Məni görüşə çağırma.
Çağırma! Gələn deyilsən.
Qədrimi bilmədin mənim,
Sən qədirbilən deyilsən.

Qurbanam, məndən incimə...
Kədərdən, qəmdən incimə.
Dərdindən ölürəm demə,
Yalandı, ölən deyilsən!

Güzümün yaşı bulandı.
Həqiqət, acı olandı.
Nə olsun sevgin yalandı,
Axı sən, yalan deyilsən.

Məni görüşə çağırma.
Çağırma! Gələn deyisən.
Qədrimi bilmədin mənim,
Sən qədirbilən deyilsən!



...BU ARZU YUXUMA ÖLÜ GƏLİBMİŞ...

Adamın ölməyə həvəsi ola,
Ölməyin gələndə öləsən rahat.
Əzrayıl gələndə qapını döyə,
Öldüyün zamanı biləsən rahat!

Deyəsən buyur keç,qulluğundayam.
Nə sirrin olubsa açıb tökəsən.
Günahlar hamısı sığışsın deyə,
Özün kəfənini geniş bükəsən.

Ax...elə öləsən,elə öləsən,
Elə bu ölüm də,sənə xoş gələ.
Məzarın çox dayaz,məzarın enli,
Kəfənin əyninə biraz boş gələ.

Nə anan ağlaya,nə də ki,bacın.
Nə nənən dil tökə a yazıq bala.
Son dəfə atanı qucaqlamaqçın,
Bir əlin,kəfəndən,bayırda qala.

Birdən anlayasan,məzarın uçur.
Birdən görəsən ki,bədənin əsir.
Sən demə,anandı oyadır səni,
Ay oğul, tez olda,atan tələsir.

Ayılıb deyəsən,aman ay allah.
Dünyaya,mənimtək dəli gəlibmiş.

Dəlinin arzusu ağıllı olmaz.
Bu arzu,yuxuma ölü gəlibmiş.

Nə arzu umasan ölüdən daha!?
Arzular,məzara qoyula bilmir.
O qədər yuxuda ölən olub ki,
Çox heyif,o kəslər,ayıla bilmir!!



..QOY AYAQ İZLƏRİM YETİM QALMASIN..

Danışma, eləcə baxışaq, yetər.
Bəsimdi, nəfəsin, baxışın dinir.
Üst başım kirlidi, "kəndçiyəm" gülüm,
Ürəyim yuxadı, ovcum da, dəmir.

Əziyyət olmasın, birazca da,gül.
İşıqlar sönəndə gərəyim olar.
Yaxın dur, nəfəsin hədər olnasın,
Aparım qənd, çayım, çörəyim olar.

Qıymıram, əllərim qabar-qabardı,
Bircə bu arzuma, yetib, çatardım.
İcazə versəydin əlindən tutum,
Evimiz soyuqdu, rahat yatardım.

Al apar ruhumu, canımdan qopar,
Nəfəsim, iliyim, ətim qalmasın.
Qurbanam, bir dəfə, yan-yana gəzək,
Qoy ayaq izlərim yetim qalmasın!



...QAÇASAN...
Düşməyəsən pis yola kaş.
Şeytan da,çaşbaş qala kaş.
Bir ovuc da,daş ola kaş,
Atıb şeytana qaçasan!

Qiblə yönə səcdə qılıb,
Cənnətin qapısın bulub,
Savabınla iynə olub,
Batıb şeytana,qaçasan.

Qalmaya nəfsinə güman.
Olmayasan ruhu viran!
Ax...xeyir işinlə divan-
tutub şeytana qaçasan.

Şeytanın başın qatasan,
Savab içində batasan.
Aldadıb "öz" əməlini,
Satıb şeytana qaçasan!!



...MƏNİM KİMİM VAR Kİ BƏYƏM...

Mənim kimim var ki,bəyəm?!
Bir Allahım,bir də,mənəm.
Mən Allah deyləm,amma-
-Göydə Allah,yerdə mənəm!

Həm ölüyəm,həm diriyəm,
Bu sirri açın,kiriyəm.
Ya mən kiminsə sirriyəm,
Ya da ki,hər sirdə mənəm!

Mənəm,"mənəm-mənəm" deyən!
Mənəm,içində "mən" döyən.
Mən demədim ki,göydəyəm,
Həqiqət var,burda mənəm.

Min ah gizlənir səsimdə,
Min günah var nəfəsimdə,
Günahsızlar cərgəsində,
Bilirəm,axırda,mənəm!



...BÜTÜN AYRILIQLAR BAHALI OLUR...

Unuda bildiyin qədərində sev.
Sevginin fəsli var,saralır,solur.
Nə olsun sevgilər havayı paydı,
Bütün ayrılıqlar bahalı olur!

Bahalı dərddi bu,canından baha!
Gözünün yaşıyla sələm verərsən.
Fikirin qarışar,başın qarışar...,
Özün öz kölgənə salam verərsən.

Nə illah edərsən borcun ödənməz.
Ahların hədərdi,göz yaşın hədər.
Görərsən bu tayda ödəmək olmur,
Çəkib apararsan məzara qədər!

"Bahalı dərddi bu,canından baha."
Düşünmə bu dərdi tez bitirərsən.
Ruhun da inciməz,xəbərin olmaz,
Üstəlik,ölüm də borc götürərsən!

Beləcə bu borcu belə ödərsən,
Onda, bir "əcəlin" tam razı qalar.
Sonunda o qədər tənhalaşarsan,
Baş daşın,sığala tamarzı qalar!!



...MƏN ALLAH DEYİLƏM BAĞIŞLAMIRAM...

Mən əhdə sürgünəm,sən əhdə dönük.
Sinəmin döyünən daşı boydasan.
Bir zaman,gözümdə dünyadan böyük,
İndi gözlərimin yaşı boydasan!

Dilin bulud olsun,ahların yağış,
Qoy dilin bulud tək əfv yağışlasın.
Mən Allah deyiləm,bağışlamıram.
O Allah,o da sən,ged bağışlasın!

Kəsərəm dilimi soruşsa səni.
Qoy dilim lal olsun çəkilsə adın.
Bağışla,mən səni bağışlamıram,
Bəlkə də bu dəfə sən bağışladın!



....ÖMÜR....

Elə əsəbiyəm,elə asıyam.
Əcəl, əcəl olub toxuna bilmir.
Hirsimi ölümdən çıxaram deyə,
Qorxudan,ölüm də yaxına gəlmir!

Halımı sormayın,yaman halsızam.
Kimlərə anlatar bu halı ölüm?
Elə istəyirəm xəbərsiz ölüm,
Qoy ölüm...ad olsun bahalı ölüm!

Allahın acığı tutacaq mənə.
İçimdə bir hiss var,məzara dolmaq.
Allahsız olmağın ən asan yolu,
Sadəcə tavandan asılı qalmaq...!

Bu ömür nədir ki,bu ömür nədi?!
Sadəcə dərdləri uzadır ömür.
Beş qram qurğuşun,bir çimdik barıt.
Bir metr ip qədər qısadır ömür!



Son xəbərlər
FİFA-ya tarixi cəza
2017-01-21 13:55:28
Siqaretlər bahalaşıb
2017-01-21 13:43:04



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws