Allahşükür Ağa - Bir quş qanadı qədər sevinmək istəyirəm.

2016-12-14 22:26:36 / 12363 dəfə oxunub

Ay dunya...

Güllə varsa açılacaq,
Bəs indi biz neyləyək?
Bir əlimizdə bayraq, birində güllə,
Bir əlimizdə quran, birində güllə,
Bir əlimizdə uşaq əli, 
Birində güllə,
Biz kimi qoruyuruq, ilahi, kimi?

Taxıl əkirik, tank düzəldirik,
Məktəb tikirik, top düzəldirik,
Dərs söyləyirik, düşmən göstəririk,
Kimi aldadırıq kimi, ilahi?
Biz neyləyək,
Kimin yanıda duraq?
Deyəsən dərs qurtardi, zəng çalındı,
Bəlkə dünyadan çıxaq?


Yağış

Göylərin dərdini deyib yerlərə,
Dağlarda, düzlərdə sellənən yağış.
Buludun bir sevgi məktubu kimi,
Küləyin əlində yellənən yağış.

Şimşəklər qırmızı sətirləridi,
Ildırım diliylə dillənən yağış.
Damcısı torpağa dəyib əzilən,
Sonra çiçəklərlə güllənən yağış.

Yoxsul adamları küsdürüb bəzən,
Küçədə, yollarda bellənən yağış.
Içindən sevgisi qutaran kimi,
Iri çalalarda göllənən yağış.

Göllənib torpaqda fikir eləmə,
Yenidən göylərə qayıdacaqsan.
Döyüb qapımızı, pəncərəmizi,
Sən bizi yuxudan oyadacaqsan.


Bayraq şəkli

Körpə süd şüşəsindən elə yapışıb,
Elə bil, bir daha süd içməyəcək.

Mən bayraq çəksəydim o uşağın şəklini vurardım
Bütün ölkələrin bayaraqlarına.
Kim istəməzdi bunu?
O uşağın balaca ayaqlarını elə çəkərdim ki,
Yer üzündə bütün qumbaralar
Bir anda intihar edərdilər.
Generallar döşlərindəki ördenləri 
Bir an içində qoparıb atardılar.

Tankın yadına düşər
Bir vaxtlar uşaq oyuncağı olmaq arzusu.
Güllələrin yadına düşər 
Uşaq barmaqlarına bənzəməyi.
Və Suriyada uşaqların süd şüşəsinə dəyib
Qollarını üzməyi.
Mən bu bayraq şəklini
Tez çəkə bilsəydim...


Arzu


Bir quş qanadı qədər sevinmək istəyirəm.
Hanı qanadlar, qırıldı ki...
Quşları güllələr yamsıladı,
Güllələr quşlara vuruldu ki...

Fikir kimi şütüyən bir arı qədər sevinmək istəyirəm,
Hanı, arılar şəkərlə aldadıldı ki...

Balıqlar dənizin xəyallarıdı,
Bir balıq qədər atılıb düşmək istəyirəm,
Hanı, bütün balıqlar tordadı ki...

Yarpaqlar çiçək olanda 
Qırmızı bir alma kimi gülmək istəyirəm,
Hanı, bu il meyvələr olmadı ki...

 

 

 

 


 

 



Son xəbərlər
Yeni MÜSABİQƏ
2017-02-24 12:32:52



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws