Cavanşir Əsgər - Dərdləri oynadır yel sənsiz

2016-12-15 21:57:54 / 16586 dəfə oxunub


Bir işıq dolanır...

Bir işıq dolanır canımda bu gün , Axır damarımda qan əvəzinə . Nəyinə gərəkdi qurumuş canım, Ruhumu götür get, can əvəzinə.

Sözsüz suallara sözsüz cavab var, Səssiz suallara səssiz cavab var, Nəyimə gərəkdi sənsiz cavablar, Bükül suallara , don əvəzinə.

Istərsən xatırla, bacarsan unut , Dağılmır sinəmdə qurduğun bu yurd, Içimdə qiyamət, çölümdə sükut, Əvvəlim talandı, son əvəzinə.

Işğı ürəkdə yanan dayansın, Arada bir şirin yalan dayansın, Yumum gözlərimi, zaman dayansın, Yüzil ötüb keçsin, an əvəzinə.

Bir işıq dolanır canımda bu gün , Axır damarımda qan əvəzinə . Neynirsən qocalıb , qurumuş canı, Ruhumu götür get, can əvəzinə.


Adamlar...

Maskalanıb küçələrə çıxdılar, Üzü yalan, içi talan adamlar. Torpağı da qarış-qarış böldülər, Sən yaradan, göydən gələn adamlar.

Dünyaya gəldilər , sevdi bu dünya, Böyüdü, gördü ki, divdi bu dünya, Kirayə qaldığı evdi bu dünya, Ağlayır, üzümə gülən adamlar...

Özünü dağlayan dağlardan aşır, İçindən qaynayıb, gözündən daşır... Cəlladı çox olar əyilən başın... Doğrayan-adamlar, ölən -adamlar...

Əvvəl də körpüdü, son da körpüdü, Həsrət- işığıdı, zülmət- yüküdü, Ömür aralıqda kibrit çöpüdü, Tökülür torpağa sönən adamlar...

Bilmirəm dəliyəm, nəyəm , Hamı bir az məndən qaçır... Tabutda ölüyəm, nəyəm, Hamı bir az məndən qaçır.

Ay da gedir, gün də gedir, Arxadakı öndə gedir, Sönsə, kütə kündə gedir, Hamı bir az məndən qaçır...

Qaçır bulud, qaçır külək , Durum bir az...Şəklimi çək, Sinəmdə dayanmır ürək , Hamı bir az məndən qaçır...

Hər şey saxta , hər şey yarı Sənsən...Mənəm...bir də Tanrı, Əcəl gəlir mənə sarı... Hamı bir az məndən qaçır...


Çıxım , gedim...

Yer fırlanır, Göy fırlanır... Saxla! Düşüm, çıxım, gedim, Axı ürəyim bulanır. Saxla! Düşüm ,çıxım, gedim,

Sağda dərə, solda dərə, Qanadlanım bəlkə elə... Gəlmişəm dediyin yerə... Saxla, düşüm , çıxım, gedim...

Fürsət verib kəmfürsətə, Çox güvəndim ədalətə, Ehtiyac yox mərhəmətə... Saxla, düşüm ,çıxım, gedim...

Sinəm üstə qonan yolçu, Sənə borcum, bir can borcu... Ya ov olum, ya da ovçu... Saxla , düşüm çıxım, gedim...

Dağ aşırdın, daş üyütdün, Mən də keçim ələyindən . Ürəyimdən uçmaq keçir... Çəkil ! Çəkmə ətəyimdən... Saxla, düşüm, çıxım ,gedim


Boğuluram...

Bir az işıq verin, bir azca hava... Yanğımı azaltmaz sel, sular mənim... Sıxın buludları dodaqlarıma... Boğuluram...

Dikin gözünüzü qaranlıqlara... Doldurun camlara qəm qədəh-qədəh, çəkin gecələri gündüzə tərəf... Boğuluram...

Xəyallar dalanda, gerçəklər sonsuz, itirmək adətim, ümidlər cansız... sənsizlik imkansız... sən də imkansız... Boğuluram... Səssizlikdən boğuluram... Sənsizlikdə boğuluram...

Adamın quş kimi qanadı yoxdu Adamlar uçanda içində uçur, Adamlar gecələr uçur yuxuda, Adamlar uçanda içindən uçur... Asılır buluddan , dönür küləyə, Gözündən süzülüb enir ürəyə, Gah şeytana dönür, gah da mələyə.. Adamlar uçanda içində uçur... Vurulur işığa , gülə, yarpağa, Enir dərələrə, ucalır dağa , Ruhu göyə gedir, cismi torpağa, Adamlar uçanda içindən uçur...


Sənsiz...

Gün altda qurumuş palçıqdı. Nəyimə gərəkdi Yer sənsiz... Sənsizlik bir tənha adadı Dərdləri oynadır yel sənsiz

Saplağı üstündə gül əsir, Yanağa tökülmüş tel əsir, Göz düşür işıqdan, əl əsir, Uzanır, uzanır yol sənsiz.

Göz gözü ovsunlar, aldadar, Göz gözü ovsunlar ,anladar, Göz gözü ovsunlar, ağladar, Bulanıb , durulmur göl sənsiz.

Gecələr əynimə kürk olub, Təklənən təklənib tək olub, Həsrətin ruhuma yük olub, Gör nələr çəkirəm, gör, sənsiz...



Son xəbərlər
Ucuz iPhone istehsal olunacaq
2017-02-20 18:48:31
"Beşiktaş"da ciddi itki
2017-02-20 18:37:19
Allargik rinit
2017-02-19 20:09:54



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws