Abdulla Məmməd - Vətən yanğısıdır içimdəki köz

2016-12-16 15:00:46 / 35048 dəfə oxunub

AYRILIQ CÜCƏRİR BAXIŞLARINDA

Bəsdi-özümüzü bu qədər yorduq, De, kimə gərəkdir bu yalan, görən? Ötən günlərimiz olsa bir yolluq- Asılıb qalacaq xatirələrdən.

Daha görüşümüz əvvəlki deyil, Əllərin soyuyur ürəyin kimi. Daha baxışın da başqa söz deyir... Görən kimi gəzir- ürəyin kimi?!

Elə gileylidir baxışların ki, Elə bil gəmini batırmışam mən. Elə bu gileyin bəsimdir, sanki Özümdən xəbərsiz yatırmışam mən!

Sən demə ürəyin gözlərindədir, Qəlbini əks edir baxışların da. Dilin deməsə də gözlərin dinir- Ayrılıq cücərir baxışlarında.


SÖZDƏN SALLANA-SALLANA

Şair Məhəmməd Hadiyə.

Yaxşı-yaman,yaman-yaxşı, Haram-hiylə,halal-naşı. Dünyanın itibmi başı, Bəmdə hallana-hallana?

Ürəkdən gəlməyən sözü Yazanın ağ olmaz üzü. İkiliyə necə dözüm, Bütöv hallana-hallana?

Haram mənim yarım deyil, Bütöv qəmdir,yarım deyil. Harın:"Mənə yarın!"-deyir, Qızıb yallana-yallana.

Şeiri dərdə satan bilər, Alan bilməz,atan bilər... Nə çəkirəm-batan bilər, Sözdən sallana-sallana!


MƏNİM NAĞILIM

("GƏRÇƏK YUXULAR SİLSİLƏSİNDƏN")

Mənim nağılımın əvvəli ölüm, Mənim nağılımın sonu kədərdir, Mənim nağılımda sürünmək zülüm, Ölərək yaşamaq ondan bətərdir.

Mənim nağılımda yollar ikili, Mənim nağılımda yollar qarışıq. Durmuşam gözləri yola dikili, Özümdən xəbərsiz dərdlə barışıb.

Qırxıncı otağı üzümə bağlı, Ümid qapısından kilid asılıb. Göylər tək qaralıb bəyaz nağılım, Mavi səmasından bulud asılıb.

Mənim nağılımdır gərçək yuxular, Gərçək yuxularda nağıldır ömür. Ölümdən o yana ağır sorğular, Əcəldən bu yana noğuldur ölüm.

Özümdən çıxmışam özüm olunca, Bacarsan, gəl məni sözümdə ara Bu nağıl dünyamın özü tapmaca, Açması-olumdur, ölümdən sonra.

Bağışla sən məni, ay abır-həyam, Özümdə deyiləm,canım, özümdə Gözümdən düşübdür bu gərçək dünya, Qorxuram gözümdən düşüm ozüm də.


DEMIRƏM BIR YOLLUQ GÜNAHIMDAN KEÇ.

Çəkib bu yollardan baxışlarını, Dikib bir nöqtəyə nə düşünürsən? Ovuda bilmirsən göz yaşlarını, Dərdinə qısılıb hey üşünürsən.

Qınında korşalan xəncərəm sənə, Məni çıxarmağa əlin də gəlmir. Bilirəm, qəlbində kədərəm yenə, Könlümü qırmağa dilin də gəlmir.

Bəlkə gözlərinə çökən dumanam, Çəkilə bilmirəm yolundan sənin? Varmı məndən özgə dərdinə həyan, Büdrəsən, yapışa qolundan sənin?!

Adımı tutanlar özümü tutmur, Özünü tutanlar bəyənmir məni. Neyləyim - ürəyin sözümü tutmur, Sözünü tutanlar öyənmir səni.

Sağ yer arayıram bu canımda mən, Sağımda solumda salamat deyil. Sağalmaz yaram da canımda sənsən, Yolunda can qoymaq - zarafat deyil.. . Tutulan səmayam, dolan buludam, Qorxuram islada gözlərim səni. Olub keçənlərdən dərd uda-uda, Tək səni yaşadır - sözlərim səni.

Alın yazısıdır səhvimiz demə, Demirəm bir yolluq günahımdan keç... Yem olub sevgimiz qüssəyə, qəmə, Bir çiçək ömrünü yaşamadı heç!


GƏLMİŞƏM QƏBRİNİN ZİYARƏTİNƏ.

(Atam Qəzənfərin əziz xatirəsinə)

Dünyani seyr eden baxişim yetim, Kəsəri qalmayib sozumun, canim. Gəlmişəm-sözümlə baxişim, yetim- Sözümə, səndədir sözümün cani...

Gəlmişəm qəbrinin ziyarətinə. Elə kövrəlmişəm-özümdə yoxam, Sənsiz itirmişəm, vallah başimi. Sən yoxsan, elə bil özüm də yoxam, Bu əziz günündə-cümə axşami Gəlmişəm qəbrinin ziyarətinə.

Daşlaşan qəlblərin sözündən qaçib, Üzüboz kəslərin üzündən qaçib, Nəvənin o həssas gözündən qacib, İşimdən gücümdən-özümdən qaçib Gəlmişəm qəbrinin ziyarətinə.

Ağlaya bilmirəm sən köçən gündən, Bu dünya gözümün yaşini alib. Nə qədər dərd alim mən keçən gündən, Haraya üz tutum-başimi alib?! Gəlmişəm qəbrinin ziyarətinə.

Gəlmişəm diz çöküm baş əyib yenə Öpüm dönə-dönə məzar daşini. Gəlmişəm qəlbimə daşiyim yenə Sənli günlərimin güzar daşini... Gəlmişəm qəbrinin ziyarətinə.

Çoxalib arxamca boş daş atanlar, Dəyişə bilmirəm-mən elə oyam. Məni başa düşsə, baş daşin anlar, Qəhərim qəlbimə qəm oya oya, Gəlmişəm qəbrinin ziyarətinə. Gəlmişəm qəbrinin ziyarətinə.


DAN YERİ SÖKÜLÜNCƏ.

Mərhum dostum-filologiya elmləri doktoru,yazıçı Nazif Qəhrəmanlının əziz xatirəsinə.

Bu qaranlıq gecədə, Ah,tənhayam necə də! Üstündə dərd yeriyir, Yazı zülmət küçədə Dan yeri sökülüncə.

Ayın üzü solğundur, Bu gecə nə yorğundur! Mən ötən günlərimə, Dərdim mənə vurğundur Dan yeri sökülüncə.

Göydə ulduzun sayı, Gecəmin həsrət payı. Sayan yox saydığımı, Gör fələk nəlàr sayır- Dan yeri sökülüncə.

Havam yox-havasızam, Yurdumda yuvasızam... Gecə gerçək fikirdir- Dərdindən yuvasıza, Dan yeri sökülüncə.

Bu gecənin üzü boz, Astarı nəm,üzü toz. Gerçək yuxudur gecəm, Canım,gəl yuxunu yoz Dan yeri sökülüncə.

Üzümdə ayın nuru, Göz yaşım sudan duru. Gecəyə bel bağlasam, Çıxmaram sudan quru, Dan yeri sökülüncə.

Bu gecə yuxum qaçıb, Əlindən yaxam qaçıb... gecə adam olmuşam, Eşidib çoxu qaçıb Dan yeri sökülüncə.


SƏN MƏNİM YOLUMU GÖZLƏYƏCƏKSƏN!

Hər axşam qoşulub tənha qüssənə. Qəlbində qəmini közləyəcəksən. Elə od qoyacaq intizar sənə, Bu odu hamıdan gizləyəcəksən, Sən mənim yolumu gözləyəcəksən.

Gündüzlər qəlbində yaşaran ümid. Gecələr yuxunu ərşə çəkəcək. Donacaq gözündə yaşaran ümid, Qəmli baxışın da hey yol çəkəcək, Sən mənim yolumu gözləyəcəksən.

Gözünün odunu alacaq yollar, Yenə düyünlənib baxışlarına. Bu yollar həsrəti gözünə yollar... Düşərək xatirə yağışlarına, Sən mənim yolumu gözləyəcəksən.

Mənə qalan olsa-gözün qalacaq- Sevinci,kədəri yaradan baxış. Sənin o günlərdə gözün qalacaq, Gözündən gələcək yar atan baxış, Sən mənim yolumu gözləyəcəksən.

Nə qədər gec deyil-bir daşın,düşün, Nə qədər düşməyib işlər düyünə. Belə at oynatma,atından düşüb Üz tutub qarşıdan gələn hər günə, Sən mənim yolumu gözləyəcəksən!


SƏNİ DÜŞÜNÜRƏM

Səni düşünürəm, sənsizliyimlə Dumanda yol azan gəmiyəm, ay qiz. Nəyimlə fəxr edim-sənsiz nəyimlə? Sünbülü sovrulan zəmiyəm, ay qiz.

Səni düşünürəm, qulaqlarimdan Getmir bir an belə piçiltilarin. Donur tebessümüm dodaqlarimda, Gəzir divarlari siziltilarim.

Özümdən qaçsam da səndən qaçmaram, Ürəyim daş deyil daşinim səndən. Mən ki sən deyiləm gendən qaçmaram, Əşya da deyiləm daşinim səndən.

Ağlağan uşağa dönüb günlərim, Kədəri neynirəm kədərəm sənsiz. Sənin tək əhdinə dönük günlərin Əlindən baş alib gederem sənsiz.

Qara bir buluddur sevincim mənim, Bir himə bənd imiş-hönkürür indi, Sənin tək unutdu sevincim məni, Ayriliq bənd imiş-o da sənindi.

Səni düşünürəm, səni-sən indi Mənə dünənimdən yaxinsan, yaxin. Demirəm-ürəyim qəlbim sənindi, Demirəm sən məni yaxin san, yaxin...

Sahilə çirpilan dəli dalğayam, Məni dəniz belə qoynuna almaz. Sənli günlərimi mənə bağlayan Sevdali qəlbimdə sevgim qocalmaz!


İCİMDƏ BOĞULUR SÖZÜMÜN CANI. (Didərgin şərqisi, qaçqın harayı) İçimdə boğulur sözümün canı, Həsrətim dərdimlə qol-boyun olur. Necə bu dünyayla qaynasın qanım? Sevincim dərd olur dərd oyun olur. Sevinc göz qırpınca dərd ayaq açır, Gözümdə göyərir göz dağı kimi. Bu dərdin əlindən hayana qaçım? Yapışıb yaxamdan qəm yağı kimi. Çəkir ayağımdan elə bil zaman, Günlər düz oxumur mənimlə, sanki. Xəyal yağışında dərdimə həyan Ürəkdə doğulur ürəkdən sevgim. Atır ehtiyacın ağzına məni, Səsimi boğmağa əli yetməyən. Qənim kəsilərək özümə qənim, Qayğılar başımda ağarır dən-dən. Ayağa dolaşır dərd çayır kimi,. Yağır baxışlardan kədər yağışı. Həsrətə tuş olan o tayım kimi Yağır bu tayıma qədər yağışı. Daşda mamırlanır Vətən harayım, Torpaqda göyərir mərdin baş daşı. Kimi Yurd adında para arayır,. Kimisi qoynunda girləyir başın. Dilimi yandırır ağzımdakı söz, Uda da bilmirəm söz qəhər deyil. Vətən yanğısıdır içimdəki köz, Ölə də bilmirəm köz zəhər deyil. Ayrılıq bağrımı sıxan məngənə, Həsrəti ürəkdən kürüyəmmirəm. Yurdumda qəriblik toy tutur mənə, Körpə uşaq kimi kiriyəmmirəm... İçimdə boğulur sözümün canı, Həsrətim dərdimlə qol-boyun olur. Bu zalım dünyayla qaynamır qanım, Sevincim dərd olur dərd oyun olur.


QARA SAÇLARINDA QAR OLACAĞAM.

Bir zaman gələcək peşimançılıq, Sənin ürəyini qübar edəcək. Onda məni gəzib arayacaqsan, Yollar ayağını qabar edəcək.

Mən isə gileyli gilavar olub, Sığal çəkəcəyəm telinə sənin... Bu günlər vədəsiz ötən qatar tək .Çətin ki qayıda əlinə sənin.

Qoşulub qəlbinin harayına mən, Gözündə bulud tək qaralacağam. Ömrünün şaxtalı qış dönəmində, Qara saçlarında qar olacağam!


SƏN MƏNİM ALNIMA YAZILAN YAZI

Sənin gözlərində dolan buludam, Sən-o sən deyilsən ürəyimdəki. Bu ürək mənimsə, çətin unuda, Qaragün daşları ətəyindəki.

Sən mənə qənimsən, mən də ki sənə, İlişib qaldıqca xatirələrdə. Dönüb saçımızda ağaran dənə, Sən demə toy tutur bizə qədər də.

Bu gün mənimkidir, dünən səninki, Düşünmə-dünənin tayıdır bu gün. Məni sevməyin də oyundur, sanki Sürgün olunmuşam ömrünə-sürgün...

Mən sənin ömründən çıxa bilmirəm, Başımın havası gedər başımdan. Səni də qəlbimdən çıxa bilmərəm, Heç olub gedərəm-qədər başımda.

Bu dəli sevdamın dəli harayı, Ümidi sözümdə kökləyir,demə. Səni qüssə gəzir, həsrət arayır, Məni sənsizliyin təkləyir, demə.

Ayağın çəkməyir başın çəkəni, Həsrətin yol boyu gözümü çəkir. Ürəyim çəkməyir üzə çökəni, Dərdimlə qol-boyun sözünü çəkir.

Su tək buxarlanıb gəncliyin daha, Ağrısı, acısı cəm olub dərdə. Dağ da tab etməzdi çəkdiyin aha, Hələ ki dözürəm yem olub dərdə.

Demə gördüyünü çağırmır aşıq, Ürəyim atdığın sözü götürmür. Nə bilim- bəlkə də sənlə qarışıq Məni bu dünyanın gözü götürmür!

Sən mənə qüssəsən, mən sənə dərsəm, Keçə də bilmirəm səndən, neyləyim? Mən elə o mənəm- gözündə sərsəm, Sən deyən olmadı məndən, neyləyim?!

Sən mənim alnıma yazılan yazı, Nəmli yaddaşımı poza bilmərəm. Gərçək bir yuxuymuş o sənli yazım, Səni yad daşı tək yoza bilmərəm!

Sənin gözlərində dolan buludam, Sən-o sən deyilsən ürəyimdəki Bu ürək mənimsə, çətin unuda Qaragün daşları ətəyindəki.



Son xəbərlər
YAP da mitinq keçirəcək?..
2017-10-21 10:30:48



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws