Ağsu aşırımında və Muğanlı-İsmayıllı dolaylarında avtomobillərin hərəkəti məhdudlaşıb, 20-ə yaxın avtomobil yolda qalıb

2016-12-16 20:49:40 / 2242 dəfə oxunub

Ağsu, Şamaxı və İsmayıllı rayonlarına yağan güclü qardan sonra şaxtalı havada Şamaxı-Ağsu və Muğanlı-İsmayıllı yolunda bəzi yerlərin buz bağlaması nəqliyyatın hərəkətinə ciddi çətinlik yaradıb.

 

APA-nın xəbərinə görə, dekabrın 13-dən başlayaraq həmin rayonlara yağan qar bu gün axşamadək davam edib. Əraziyə düşən qarın hündürlüyü təxminən 15-20 sm-dir. Aramsız yağan qar magistral yolları ağ örpəyə bürüyüb. Bu gün axşam saatlarında güclü şaxta səbəbindən yollar buz bağlamağa başlayıb.

      

Ağsu-Kalva, İsmayıllı-Lahıc, Şamaxı-Pirqulu avtomobil yollarının enişli-yoxuşlu yerlərində, Bakı-Şamaxı yolunun Cəngi adlanan ərazisində, yolun Şamaxı və Ağsu rayonlarından keçən bəzi yerlərində, Muğanlı-İsmayıllı-Qəbələ yolunun bir çox ərazilərində buz səbəbindən nəqliyyatın hərəkəti məhdudlaşıb. Hazırda avtomobillər üçün ən təhlükəli vəziyyət isə Ağsu aşırımında və Muğanlı-İsmayıllı dolaylarında yaranıb. İndi çox az sayda avtomobil bu yollarda hərəkət edə bilir. Hazırda şinləri qaydasında olmayan və zəncirsiz buzlu yola çıxan 20-ə yaxın minik avtomobili hərəkətini davam etdirə bilmədiyi üçün dolaylarda qalıb. Onlara yolda xidmət göstərən polis əməkdaşları və nəqliyyat işçiləri köməklik göstərirlər. Enişli-yoxuşlu yollarda bəzi maşınlar sürüşərək yoldan kənara çıxıb.

      

Məlumata görə, Şamaxı-Pirqulu yolu, eləcə də Şamaxı və Ağsu rayonlarını birləşdirən magistral yol da buz bağlayıb. Gecə saatlarında qar və buzla yanaşı, havanın dumanlı olması Ağsu aşırımında nəqliyyatın hərəkətini tamamilə iflic edib. Səhər saat 9:00-dək bu yoldan nəqliyyat vasitələrinin hərəkəti təhlükəli hesab edilir. Mütəxəssislər sürücülərə ciddi səbəb olmadığı halda Ağsu aşırımı və Muğanlı-İsmayıllı dolaylarından istifadə etməməyi məsləhət görürlər. Zərurət yarandığı halda sürücülər idarə etdikləri maşınların sazlığına, şinlərin normal vəziyyətdə olmasına ciddi diqqət yetirməlidirlər.

     

"İsmayıllı 9 saylı Yol İstismar” MMC və "Ağsu 16 saylı Yol İstismar” MMC-nin kollektivi hazırda 3 növbəli şəkildə gücləndirilmiş iş rejimində çalışır və qarın fəsadlarının aradan qaldırılması üçün tədbirlər görülür. Bu yollarda nəqliyyatın hərəkətini bərpa etmək üçün gündüz və gecə saatlarında Ağsu və İsmayıllı yol istismar idarələrinin 15-ə yaxın ağır texnikası və 60-a yaxın işçisi səfərbər olunub, yolun hərəkət hissəsi qardan təmizlənir, əl əməyi və texnika vasitəsilə Ağsu aşırımına və Muğanlı-İsmayıllı dolaylarına duz və qum səpilir.

 

Bakı-Şamaxı-Yevlax magistral yolunun Ağsu dolaylardan keçən 142-149-cu kilometrliyində və Muğanlı-İsmayıllı yolunun 3-14-cü kilometrliyində yol xüsusilə təhlükəlidir. Yağan qalın qar, buzlaşma və duman nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirib. Bakı-Şamaxı-Ağsu yolu və Muğanlı-İsmayıllı-Qəbələ yolu qar və buzla əlaqədar hərəkət üçün təhlükəli olduğuna görə sürücülər alternativ olaraq Bakı-Qazax, Ucar-Göyçay, Ağdaş-Qəbələ, Kürdəmir-Ağsu yollarından istifadə edirlər



Son xəbərlər



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws