Şəki Barama Toxumu zavodu hərraca çıxarılır

2016-12-19 14:30:28 / 1049 dəfə oxunub

Əmlak Məsələləri Dövlət Komitəsi yeni hərrac elan edib.

 

Bu barədə Modern.az-a komitədən məlumat verilib.

 

Hərrac yanvarın 17-də keçiriləcək. Hərraca ümumilikdə 72 əmlak çıxarılıb ki, bunun 20-si səhmdar cəmiyyəti, 21-i kiçik dövlət müəssisə və obyekti, 30-u istifadəsiz qeyri-yaşayış sahəsi, 1-i yarımçıq tikilidir.

Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye və digər sahələrə aiddir. Bu əmlaklar paytaxtın Qaradağ, Nərimanov, Sabunçu və digər rayonları, həmçinin Şəki, Şəmkir, Goranboy, Şirvan, Zaqatala, Hacıqabul, Göygöl və digər şəhər və ya rayonlarda yerləşir.

 

Hərracda ən yüksək qiymət paytaxtın Sabunçu rayonunda yerləşən və 60011 kv.m. torpaq sahəsi olan yardımçı təsərrüfata təyin olunub. Adıçəkilən əmlak 1 milyon 85 min manata təklif olunur. Nərimanov rayonunda yerləşən 7 saylı mağazaya 650 min manat, Şəki Barama Toxumu zavodu 485 min manat, Sumqayıtda yerləşən "Dalğa” kiçik müəssisəsi isə 306 min manat start qiyməti ilə hərraca çıxarılıb. Özəlləşdirilməyə çıxarılan dövlət müəssisələri və kiçik obyektləri sırasında Şəmkir Balıq zavodu, mağazalar, yanacaqdoldurma məntəqələri, anbar sahələri, tikiş fabriki və texniklər evi kimi əmlaklar var.

Bu dəfəki hərraca çıxarılan səhmdar cəmiyyətləri sənaye, aqrar, nəqliyyat, məişət, inşaat, istehsal, təmir və s. sahələrə aiddir. Hərraca çıxarılan iri müəssisələr sırasında "Bərdə Mexaniki Təmir”, "Gəncə Sənaye Tikinti”, "Kürdəmir Quşçuluq”, "Salyan İnşaat Xidmət”, "Azərmetalinvest”, "Oğuz Kəndkimya” kimi müəssisələri var.

 

Vətəndaşların və potensial investorların hərracda əmlaka yiyələnməsi üçün 2 sadə prosedur kifayət edir. Bunun üçün privatization.az portalına daxil olub, əmlakı seçib sifariş vermək və 10% məbləğində behi elektron qaydada ödəmək yetərlidir. Qeyd edilməlidir ki, elektron sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadək verilməlidir.

 

Hərrac barədə ictimai məlumatlandırma özəlləşdirmə portalı ilə bərabər, həm komitənin rəsmi saytı, həm də komitənin facebook sosial şəbəkəsindəki rəsmi səhifəsi və privatization.az səhifəsi vasitəsilə aparılır. Bundan əlavə, komitənin özəlləşdirmə portalında onlayn məsləhət pəncərəsi vasitəsilə hərraclar və əmlaklar barədə suallar cavablandırılır. İstənilən şəxs və ya media üzvü hərrac günü gəlib hərracda iştirak edərək prosesi izləyə bilər.

 

Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir.



Son xəbərlər
“Pul qıtlığı yaranıb”
2017-04-28 16:39:29



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws